25.07.2016

Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağı yaranır

Rusiyalı tanınmış tarixçi-analitik Oleq Kuznetsov 15 iyul olayı ilə bağlı maraqlı fikirlərlə çıxış etmişdir.
Politoloq deyir: “Qiyamdan sonra özünün ilk mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan elədi ki, dövlət çevrilişinə cəhd 1999-cu ildən ABŞ-da yaşayan imam Fətulla Gülənlə bağlıdır. Bununla da o, qiyamın təşəbbüsçüsünü və onun havadarını birbaşa göstərmiş oldu. Ərdoğanın sözlərinə görə, qiyama cəhdi Birləşmiş Ştatların geosiyasi maraqları çərçivəsində hərəkət edən türkiyəli hərbçilərin kiçik bir hissəsi həyata keçirib. Bunun ardınca baş nazir Binəli Yıldırım bəyan elədi ki, qiyamın başında ABŞ-da hərbi təhsil almış və orda dəfələrlə hərbi hazırlıq keçmiş Türkiyə HHQ komandanı, general Özdemir durub. Bu bəyanat Ankara və İstanbulda dövlət çevrilişi cəhdinin əsas siyasi yekunudur”- analitik vurğulayıb.
Onun əminliyinə görə, qiyam cəhdinin Ankara-Moskva münasibətlərinin istiləşməyə başladığı dövrə düşməsi də təsadüfi deyil və Qərbin Rusiya-Türkiyə yaxınlaşmasına cavabıdır. “15 iyul çevriliş cəhdi ilə bağlı Ərdoğanın zəng elədiyi ilk dünya lideri Rusiya prezidenti Vladimir Putin oldu. Bu jest olduqca əlamətdar olmaqla özlüyündə çox şey deyir. Yeri gəlmişkən, Türkiyədə baş verənləri ilk olaraq dövlət çevrilişinə cəhd adlandıranlardan biri Azərbaycan prezidenti İlham Əliyev idi. Belə görünür, Türkiyə üçün indi əsas oriyentir məhz Rusiya olacaq, ABŞ yox. Şəxsən mən buna çox sevinərdim. Mən artıq çoxdan- 2013-cü ildən Qara dəniz-Qafqaz regionunda Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağının yaradılması ideyasını təbliğ edirəm. Və bunu həm şifahi, həm də yazılı şəkildə elmi konfranslarda və elmi-publisistik məqalələrdə qeyd edirəm”,- deyə Oleq Kuznetsov vesti.az-dakı müəllif məqaləsində bildirir.
Ekspertə görə, belə bir hərbi-siyasi blokun yaradılması zərurəti indi artıq onun bütün potensial iştirakçıları, ilk növbədə də Türkiyə üçün daha aydın görünür: “Mənim əvvəllər öz mahiyyətinə görə ağılsız və mümkünsüz görünən, haqqında ”belə bir şey mümkün deyil, çünki heç vaxt mümkün deyil" deyilən tezisim getdikcə daha da həyat qabiliyyətli olur"- təhlilçi ardınca qeyd edib. 
Onun fikrincə, Türkiyədə baş tutmamış dövlət çevrilişi cəhdindən sonra hamı tarixi bir eranın astanasındadır. “Hər halda, ən azından Qara dəniz-Qafqaz regionu üçün belə bir gözlənti var”- tarixçi-ekspert əlavə edib.
Türkiyə-Rusiya yaxınlaşması və ya Moskva-Ankara-Bakı təhlükəsizlik üçbucağının yaradılması sözsüz ki, Qarabağ məsələsinə də birbaşa təsir edən amildir və münaqişə ətrafında yeni, unikal bir situasiyanın formalaşmasına gətirə bilər. Qarabağ müstəvisində Türkiyə-Rusiya yaxınlaşması ikitərəfli əlaqələr qaydaya düşəndən dərhal sonra özünü göstərməyə başlayıb. Təsadüfi deyil ki, Rusiya XİN başçısı Sergey Lavrovun İrəvan səfəri ilə bağlı belə bir məlumat yayılmışdı ki, Moskva Ankaranın da prosesə qatılmasına isti yanaşır.
Lavrovun İrəvan səfərindən cəmi bir neçə gün sonra isə Kremlin danışan dillərindən hesab olunan və həmişə anti-Türkiyə bəyanatları ilə tanınan Vladimir Jirinovski bu dəfə 180 dərəcə fərqli və sensasion açıqlama vermişdi. Azərbaycan telekanallarından birinə verdiyi müsahibədə o demişdi: “Əgər Türkiyə və Rusiya səylərini birləşdirsə, kürd və erməni məsələləri öz-özünə həll olunacaq. Aydın məsələdir ki, Dağlıq Qarabağ problemi də həll ediləcək, Azərbaycan bundan razı qalacaq. Qarabağ üçün elə bir xüsusi status tapmaq olar ki, həm ermənilər razı qalsın, həm də azərbaycanlılar”.
Maraqlıdır ki, təxminən eyni vaxtda Kremlin başqa bir danışan dili, Avrasiya Hərəkatı təşkilatının rəhbəri və eyni adlı ideyanın əsas müəllifi, politoloq, Rusiya Dövlət Duması sədrinin məsləhətçisi Aleksandr Duqin Türkiyədə olmuşdu və həmişə anti-Türkiyə mövqeyi ilə fərqlənən bu şəxs də qardaş ölkə haqda pozitiv sözlər və Qarabağ məsələsinə dolaysıyla aidiyyəti olan fikirlər səsləndirmişdi.
Türkiyədə hakim və müxalif partiyalardan olan bir sıra siyasətçilərlə görüşdən sonra Duqin jurnalistlər üçün mətbuat konfransı təşkil edərək, orada regional proseslərdə Ankaranın rolunu yüksək dəyərləndirmiş, eyni zamanda Türkiyə-Rusiya münasibətlərinin pozulmasında ABŞ-ı günahlandırmışdı. “Vaşinqton öz müttəfiqlərindən heç birinin ərazi bütövlüyünü təmin etmək iqtidarında deyil. Əksinə, bu ölkələrdə xaos, bölünmə yaşanır. Belə bir ssenari Türkiyə üçün də yazılıb”- Duqin Türkiyədə demişdi. /musavat.com/

Комментариев нет:

Отправить комментарий