11.07.2016

"Oğru dünyasının" qanunları: Kameradan kameraya "gəlin" gedən məhbuslar

Oğru dünyasının öz qanunları var. Düzdür, bu haqda çox yazılıb. Ancaq oxucular üçün hələ də qaranlıq qalan məqamlar kifayət qədər çoxdur.
Müsahibim Rusiyada müxtəlif cinayətlərə görə uzun müddət həbs cəzası almış Məhəmməd kişidir. Tuladan başlamış Maqadana kimi bir neçə “zonda” “srok” çəkib. Düşərgələr və oğru dünyası haqda danışır. Ancaq xahiş edir ki, soyadını yazmayım. Öz dünyasında onsuz da onun adının Məhəmməd olmasını unudublar. Daha çox “Maqa” ləqəbilə tanınır.
Yaşı 50-ni haqlasa da, gənc görünür. Sanki illərlə həbsxanada yox, Krım kurortlarında istirahətdə olub.
Onun sözlərinə görə həbsxana məhbuslar 4 kastaya, yəni təbəqəyə bölünür. Bunlar lotular, “mujik”lər, “kozyol”lar (“suka” da deyilir) və üzdəniraqlardır (cinsi azlıq və ya alçadılmışlar) .

Lotular

Lotular professional cinayətkarlardır. Həbsxana isə onların həyatında belə desək, “karyera” yüksəlişi üçün vacib mərhələdir. Oğru dünyasına daxil olmaq üçün bank qarət etmək, yaxud adam öldürmək kifayət etmir. Dövlət strukturları ilə ən təsadüfi əməkdaşlıq belə insanın oğru dünyasına yolunu həmişəlik bağlaya bilər. Bundan əlavə, gərək oğru qanunlarına( “ponyatka” ilə yaşamaq) tam riayət edəsən.
“Qanuni oğrular” kriminal aləmin elitası sayılır. Oğruları elə digər “vor zakon”lar taclandırır. Bunun üçün toplantı (“sxodka”) çağırılır. Sonra toplantının nəticəsi və kiməsə oğru adının verməsi haqda məlumat məktub (“malyava”) şəklində həbsxanalara və islah əmək düşərgələrinə göndərilir.
Məzmun təxminən belə olur : “Biz qanuni oğrular (içində məktubu göndərən oğruların adları qeyd olunur) təsdiq edirik ki, filan-filan adam bizim qardaşımız olub”.
Həbsxana “teleqrafı” operativ şəkildə bu xəbəri bütün düşərgələrə yayır.
Əgər həbsxanada “qanuni oğru” yoxdursa, kriminalitet ora mütləq nümayəndəsini göndərir. “Vor zakon” məhbusların oğru qanunlarına riayət etmələrinə nəzarət edir.
“Qanuni oğrunun” köməkçiləri olur. Onlara “blatnoy”lar, lotular deyirlər. Lotular komandasının başında “paxan” durur. Komanda üzvlərindən kimsə “mujik”lərə nəzarət edir, kimsə “obşaka” (oğru kassası) pul yığır. Həbsxanada “obşaka” hamı pul keçirir. Məhbuslar evdən göndərilən pullardan, aldıqları məvacibdən, həmçinin qumarda udulan pullardan 10 faizini “obşak”a daxil edirlər. Kassadakı pulları lotular özləri bildiyi kimi xərcləyir. Yəni bu pullarla həbsxanaya “qrev” ( dərman, spirtli içki, ərzaq, çay, narkotik) gətirilir. Bəzən “qanuni oğru” həbsxana rəisinə sərf etməyəndə “torba tikilir.” Bunu istənilən məhbusa tətbiq edə bilirlər. Məhbus vəkillə görüşmək adı ilə əməliyyatçıların otağına çağırılır. Onun boğazına zorla araq tökülür. Məhbus əməliyyatçıların yanından sərxoş qayıdırsa, bu, şübhə oyadır. Adını satqın qoyub öldürə bilərlər. Yaxud da, əməliyyatçılar məhbusa zorla “rabidon” həbi içirirlər. Bu yuxugətirici dərmandır. Məhbus ölür. Cibinə isə onun dilindən yazılmış kağız qoyurlar ki, guya intihar edib. Həbsxanada çox şeylər ola bilir.
Bəzən isə lotu həbsxana rəhbərliyi ilə gizli danışığa gedir. Əməliyyatçılar iz buraxmadan əməkdaşlığa gedən lotuya şərait yaradırlar. Onun rəqibləri sıxışdırılır. Əməkdaşlığa gedən lotu həbsxanada əməliyyatçılara sərf edən mühit yaradaraq kriminalitetə nəzarəti ələ keçirir.

“Mujik”lər və “kozyol”llar

Növbəti kasta “mujik”lərdir. Onların çoxu həbsxanaya təsadüfi cinayətlər səbəbindən düşənlərdir. Kimisə arvadı şərləyir, kimi xırda oğurluğa, kimisi xuliqanlığa görə həbs olunur. Rusiya həbsxanalarında cəza çəkən məhbusların 80 faizi belələridir. Əgər onlar Avropada belə cinayət etsəydilər, uzaq başı cərimə olunardılar.
Rusiya isə başqa ölkədir. “Mujiklər” düşərgədə hakimiyyətə iddialı olmur, lotuların söhbətlərinə qarışmır, bununla belə, həbsxana işçiləri ilə də əməkdaşlıq etmirlər. Bir sözlə onlar cəzalarını çəkib yenidən normal həyata qayıtmaq istəyən adamlardır.
“Kozyol”lar həbsxana rəhbərliyi ilə əməkdaşlıq edənlərdir - kitabxanaçılar, hamamçılar, klubda işləyənlər və sair. Bir sözlə “suka”lar. Onlar geyimlərinin qollarında sarğı gəzdirir. Həbsxana işçiləri ilə əməkdaşlığa kimi qorxudan razı olur, kimisə məcbur edirlər. Elə “zon” var ki, məhbus gələn kimi ona qollarına sarğı vurulmuş geyim verirlər. Geyinən şəxs “suka”ya çevrilir. Geyinməyəni isə “şizo”ya göndərirlər. “Şizo” cəza otağıdır. Orda elə şərait olur ki, adam az müddətə vərəm xəstəsinə çevrilir. Çoxları “sınır” və əməkdaşlığa razı olur.

Üzdəniraqlar

Homoseksuallıq həbsxanaların ayrılmaz hissəsidir və həmişə olub. Ancaq əvvəllər bu razılıqla olurmuş. Üzdəniraqlar həbsxana fahişələridir. Çay, yaxud siqaret müqabilində məhbuslara intim xidmət göstərirlər.
1960-ci illərdə isə “oğru qanunları” ilə qaydalar dəyişib. Hansısa səhvinə görə məhbuslar zorlanaraq üzdəniraqların yanına göndərilir.
Adətən zorlanma maddəsi ilə həbsxana düşənlər “üzdəniraq” edilir. Ancaq məhbus sübut edə bilsə ki, ona şər atıblar və bunun nəticəsində həbsxanaya düşüb, onda zorlanmaqdan yaxasını qurtara bilir. Uşaqbazlığa, azyaşlılara qarşı əxlaqsız hərəkət edənlər sorğu-sualsız “üzdəniraq” edilir. Həmçinin qumar borcunu ödəyə bilməyən, yaxud kamera yoldaşından oğurluq edən şəxslər də zorlana bilər.
Bəzən zorlanma mərasimi də düzənlənir. Günahkarın əyninə qadın paltarı geyindirilərək, toy mərasimi keçirilir. Sonra onu musiqi sədaları altında “bəy”in kamerasına aparırlar.
Üzdəniraqlar kamerada adətən ayaqyolunun yanında, yerdə, döşəmədə yatır. Düşərgədə də ayrıca barakda qalırlar. Onlarla əllə görüşmək olmaz. Qadağandır, yəni, “zapadlo”dur. Alçaldılmışla səhfən əllə görüşsən, yaxud onun qabından yemək yesən, avtomatik olaraq üzdəniraq statusu alırsan.
Bəzən əməliyyatçılar bilərəkdən məhbusa “torba tikir”. Onu həbsxanada olan idmançılara, “bezpredelşik”lərə zorlatdırır. Kriminal aləm bilir ki, onun günahı olmayıb. Ancaq zorlanıbsa, geriyə yol yoxdur. O, vaxtilə “qanuni oğru” olsa belə, zorlanandan sonra başqa üzdəniraqlardan fərqlənməyəcək... /big.az/

Комментариев нет:

Отправить комментарий