17.07.2016

Şərq peripatetizimi Nəsirəddin Tusinin fəlsəfi konsepsiyasında

Rəhim Həsənov
AMEA-nın Fəlsəfə və Hüquq İnistitunun doktorantı,
ADMİU-nun redaktoru

Bəşəriyyətin birgə və mənəvi mədəniyyətinin ən dəyərli sahiblərindən biri kimi, dünyanın dərk edilməsində xüsusi rolu olan fəlsəfə elmi varlığın ümumi problemlərinə baxışlar sistemidir. Fəlsəfə insan sivizasiyasının ən böyük nailiyyəti, insan biliyinin ən qədim növlərindən biridir. Xüsusi elm kimi fəlsəfənin əsas məsələsi təfəkkürün varlığa, şüurun materiyaya münasibəti problemidir. Kainat, dünya haqqında ümumi nəzər yaradılması vacibliyindən, məntiq və idrak nəzəriyyəsinə, gerçəklik haqqında rasional şəkildə əsaslandırılmış təfəkkür metoduna tələbatdan doğmuşdur.
Bir elm kimi fəlsəfə öz inkişafının müxtəlif dövrlərində müxtəlif məsələləri şərh etməklə, öyrənməklə, təhlil və izah etməklə məşğul olmuşdur. Antik dövrdə elmlər elmi hesab olunan fəlsəfə, sonralar ayrı-ayrı xüsusi elmlərin məşğul olmağa başladığı bir sıra problem və nəzəriyyələrin tədqiqi ilə maraqlanırdı.
İlk əvvəllər fəlsəfə içərisində ehtiva olunan biliklər daha sonralar düşüncə sahibləri tərəfindən edilən elmi kəşflər və elmin sürətli tərəqqisi nəticəsində ayrı-ayrı elmlər fəlsəfədən ayrılmağa başladı. İnsanların dünyaya baxışının ən ümumi ifadəsi olan, müdriklik haqqında elm olan fəlsəfə digər elmlərdən öz univesallığı ilə fərqlənir.
Cəmiyyətin və fəlsəfə elminin inkişafı sayəsində elmlər arasında bölgü əmələ gəldi və zaman keçdikcə bu bölgü artmağa başladı. Elə bu səbəbdəndir ki, bəzi filosoflar səhv olaraq artıq fəlsəfənin bir elm kimi çoxdan bölündüyünü, predmetinin isə artıq parçalandığını qeyd edir, bu haqda öz fikirlərini irəli sürürlər.
Bu fikirlərlə ona görə razılaşmaq olmaz ki, heç bir digər elmlər fəlsəfə kimi insan və dünya haqqında ən ümumi fikir söyləyə bilməz. «Fəlsəfənin çoxsaylı tərifləri vardır ki, onların əksəriyyəti bir-birinə ziddir. Lakin, o təriflərdə ümumi cəhətlər də vardır ki, orada fəlsəfənin mahiyyəti açılır. Bir sözlə fəlsəfə insan fikrinin yaranmasını, inkişafını göstərmişdir. Fəlsəfə orjinal xüsusiyyətlərə malikdir.» (1, səh.11).
Qeyd etmək lazımdır ki, bir obyekt müxtəlif elmlər tərəfindən öyrənilə bilər. Lakin, fəlsəfə ictimai şüurun qədim formalarından biri olmaqla varlığın və idrakın ən ümumi qanunauyğunluqların inikası olmaqla yanaşı eyni zamanda həm də dünyagörüşü metodologiyasıdır. «Bilindiyi kimi ilk zamanda fəlsəfə içərisində yer alan elmlər daha sonrakı zamanlarda xüsusilə elm sahələrində edilən kəşflər, göstərilən nailiyyətlər və sürətli tərəqqi onu fəlsəfə çatısı altından ayırmışdır.» (2, səh.15).
Dünyagörgörüşünün isə mahiyyət və məna tarixdə və günümüzdə materializm və idealizm olması ilə iki qrupa ayrılır. Bu bir-birinə zidd olan iki qrup arasında sanki barışdırıcı mövqe tutan fəlsəfi cərəyanlardan da biri peripatetizm adlanır.
Mənşəyini «birinci müəllim» adlandırdıqları Aristoteldən götürən peripatetiklər fəlsəfə adlı bir elmin inkişafına bir sıra parlaq dühaların yaradıcılıq fəaliyyətlərilə güclü təkan vermişdirlər. Elladanın sonuncu nəhəng filosofu olan Aristotelin davamçıları olan peripatetik filosofların içindən daha çox zəka sahibləri, hərtərəfli düşüncə mütəffəkirləri özünü biruzə verir.
Şərq peripateizimi cərəyanının nümayəndələri qədim yunan filosoflarının yaradıcılığı ilə yaxından tanış idilər. Bu cərəyanın nümayəndələri xüsusilə Platonun və Aristotelin gerçəklik haqqında fikirlərinə böyük bir önəm verirdilər. Şərq peripateiziminin nümayəndələri Ptolemeyin astronomiya barədə söylədiklərini və Evkilidin həndəsi ideyalarını mükəmməl bilməklə yanaşı bu fikirləri dəstəkləyir. 
Bu cərəyanının nümayəndələrinim «Müəllimi-əvvəl» («Birinci müəllim») deyə adlandırdıqları ensiklopedik düha olan Aristotelin nəhəng və əvəzsiz fəlsəfi irsini islam dini nöqteyi nəzərindən izah edir, bu fəlsəfi irsə islami bir rəng verirdilər. Peripatetik məktəbi (yunanca Peripatetio-gəzişirəm, ərəbcə əl-Məşşaiyyə) e.ə. 335-ci ildə Aristotel tərəfindən yaradılmışdı, bu sözün mənşəyi isə filosofun Likey xiyabanında gəzişərək öz tələbələrəinə dərs deməsi ilə bağlı idi. Aristotelçiliyin davamı kimi meydan gəlib formalaşan peripatetizm cərəyanında digər antik filosofların müəyyən görüşləridə öz əksini tapmışdı. Bu filosoflara Platonu (e.ə.428-348) və Plotini (205-270) göstərmək olar.
Aristotel elmi-fəlsəfi yaradıcılığını insan biliyinin həqiqi ensiklopediyası adlanıran filosof Ağayar Şükürov bu barədə öz tədqiqatlarında yazırdı. «Çox vaxt orta əsrlər fəlsəfəsini Aristotel nüfuzunun bölünməz ağalığı sahəsi hesab edirlər. Bu şübhəsiz doğrudur, lakin müəyyən hədd-hüdud daxilində. Hər şeydən əvvəl, Aristotel yeganə yunan filosofu idi ki, bütün əsərləri ərəb dilinə, sonralar isə latın dilinə tərcümə olunmuşdur.» (1, səh.194).
Orta əsr Şərq fəlsəfəsində məşşaiyyə (məşşailik) adı ilə də tanınan Şərq peripatetikləri içərisində Əbu Yusif Yaqub ibn İshaq ibn Səbbah əl-Kindi (801-873), Əbu Nəsr Məhəmməd ibn Məhəmməd ibn Tərxan ibn Uzlağ əl-Fərah əl-Farabi (870-950), Əbu Əli Hüseyn ibn Abdullah ibn Həsən ibn Əli İbn Sina (980-1037), Əbülhəsən Bəhmənyar ibn əl-Mərzban əl–Azərbaycani (993-1066), Əbu əl-Valid Məhəmməd ibn Əhməd ibn Rüşd (1126- 1198), Siracəddin Mahmud Əbubəkr oğlu Urməvi (1198-1283), Xacə Nəsirəddin Əbucəfər Məhəmməd ibn Məhəmməd ibn Həsən Tusi (1201-1274) və başqaları bu cərəyanın ən güclü nümayəndələri idi. 
Bu dövrdə dünya fəlsəfə tarixinə Azərbaycanın töhfə etdiyi dahi filosoflardan biri olan ensiklopedik zəka sahibi, dövlət xadimi, görkəmli alim və mütəfəkkir Xacə Nəsirəddin Məhəmməd Tusi fəlsəfə tarixində möhtəşəm bir iz qoymuşdur. Bu metafizik filosofun zəngin və orijinal irsi təkcə Şərq müsəlman dünyası tədqiqatçılarının deyil, Qərb araşdırmaçılarının da diqqətini özünə cəlb edə bilmişdir.
Dünyanın bir sıra məşhur ensiklopedik filosofları ilə adı birgə çəkilən, bəşəriyyətin idrak tarixinin yaradıcılarından biri olan N.Tusi dövrünün ən parlaq simalarından biri olmuşdur. Orta əsrlərdə özünün inkişaf səviyyəsini Şərq yaradıcılığında biruzə verən fəlsəfə Azərbaycan xalqının dünyagörüşündə də müəyyən izlər buraxmışdı. Daha çox Avropasentirizm mövqeyindən çıxış edən bəzi Qərb fəlsəfə tarixçiləri Şərq fəlsəfəsinə qarşı laqeyd münasıbət göstərsələrdə Orta əsrlərdə ərəbdilli filosofların yardıcılığı özünü daha qabarıq bir şəkildə biruzə verirdi.
N.Tusi özünün çoxcəhətli yaradıcılığı, ensiklopedik zəkası, təkzibedilməz mütəfəkkirlik qabiliyyəti ilə təkcə Şərq fəlsəfəsinə deyil, ümumdünya təfəkkür tarixinə təsir edə biləcək bir yaradıcılıq yolu keçmışdir. N.Tusi fəlsəfə ilə yanaşı astronomiya, riyaziyyat, optika, minerologiya, məntiq, etika və başqa elmlərə dair dünya şöhrəti qazanmış əsərlərin müəllifi olması onun tədqiqatçılarının müxtəlif elm sahələrindən olmasına səbəb olmuşdur.
Gərgin əməyin nəticəsi olan Marağa rəsədxanasını qısa müddət ərzində Şərqin elm mərkəzinə çevirməyi bacaran bu böyük alim dövrünün bir sıra məşhur elm xadimlərini buraya toplamağa müvəffəq olmuşdu. N.Tusinin rəhəbrliyi ilə elmin müxtəlif sahələrinə aid qiymətli əsərlər də yazılmışdır. Əsasən astronomiya və həndəsəni əhatə edən bir sıra mükəmməl dərslikləri isə N.Tusi şəxsən özü yazmışdı.
XIII əsrdə bu Azərbaycan filosofunun zəngin irsi tədqiq dairəsinə malikdir. Təkcə ərəb ölkələrinin, İran və Türkiyənin tədqiqatçıları deyil, bir sıra Avropa, rus və Orta Asiya tədqiqatçıları da bu işlə məsuliyyətli bit şəkildə məşğul olmuşlar və bu hərtərəfli, zəngin xəzinə öz layiqli qiymətini bütün dünyada tapmağa nail olmuşdur. Dünya fəlsəfə tarixinə dair araşdırmalar aparan bir sıra məşhur alimlər C.Zeydan, Ö.Fərrux, M.Rizəvi, H.Ziya, K.Brokkelman, İ.Y.Kraçovski, E.Braunun N.Tusi yaradıcılığına verdiyi yüksək qiymət xüsusilə təqdirə layiqdir.
Əsərlərinin orijinallığı, mövzularının elmi dərinliyi ilə seçilən bu filosofun adına dünyanın bir sıra məşhur ensiklopediyalarında, dünya kitabxanalarının kataloqunda da rast gəlmək mümkündür. N.Tusi haqqında ilk tarixi həqiqətləri şagirdlərinin yaradıcılığında ön plana çıxsa da, sonrakı dövrlərin məşhur tarixçiləri, salnaməçiləri və tərcümeyi-hal yazanları bu filosof haqqında geniş söhbət açmış, onun keçdiyi həyat yolu tarixin qaranlıq səhifələrindən işıqlandırılmışdır.
N.Tusi yaradıcılığını dəyərləndirən professor Ağabala Rzayev belə yazırdı: «N.Tusi elmin bütün sahələri ilə intensiv məşğul olan bir akademiyadır. N.Tusi hər gün hamımızın müraciət etməyə ehtiyac duyduğumuz ensiklopediyadır.» (3, səh.19.) 
Şərq peripatetiziminin ən önəmli nümayəndələrindən biri kimi məşhur olan Nəsirəddin Tusi yaşadığı dövrdə «üçüncü müəllim» kimi də tanınmışdı. Onu da qeyd edək ki, «birinci müəllim» qədim yunan filosofu və ensiklopedik alimi Aristotel (e.ə.384-322), «ikinci müəllim» isə türk mənşəli ensiklopediyaçı alimi Əbunəsr Məhəmməd ibn Məhəmməd əl-Fərabi (870-950) idi.
N.Tusi irsinin öyrənilməsinə təbii ki, öz həmvətənləri biganə qala bilməzdi. Xüsusilə Abbasqulu Ağa Bakıxanovun və Mirzə Fətəli Axundzadənin diqqət mərkəzinə dönən bu elmi irs Həmidullah Məmmədbəylinin, Ziyəddin Göyüşovun, Zakir Məmmədovun, Zümrüd Quluzadənin də diqqətini özünə cəzb etmişdir. Məşhur şərqşünas Rəhim Sultanov və tarixçi Ziya Bünyadov da N.Tusinin böyük heyranlarından idi.
800 ilə yaxındır ki, bu elm xadiminin həyatı, keçdiyi zəngin yaradıcılıq yolu dünyagörüşü, onun astronomiyaya, ilahiyyata, riyaziyyata, hüquqa, fəlsəfəyə və başqa elm sahələrinə aid yazdığı əsərləri dünyanın ən ucqar ölkələrində belə dəfələrlə nəşr olunur, geniş surətdə yayılır.
Dövrünün tanınmış adamlarını, yüzdən artıq elm fədailərini başına topladığı Marağa rəsədxənasını xüsusilə dəqiq elmlərin sahəsi ilə məşğul olan filosofun elmi traktatları haqqında «İranın Kembiric tarixi» adlı çox cildli ensiklopediyasında da məlumat verilir. A.Bauzyaninin, D.Boylun, Y.Rıpkanın adı çəkilən əsərlərdəki məqalələrində Marağa rəsədxənasının yaradlmasında və burada gedən dəqiq elmi tədqiqatların ortaya çıxmasında, dövrün bir sıra elm sahələri ilə dərindən məşğul olmasında N.Tusinin hansı rola malik olması haqqında düzgün məlumat veriblər.
Son dərəcə dəqiqliyi, universallığı və peşəkarlığı ilə bir çox tədqiqtçılarını heyran buraxmağı bacaran filosof tariximizə elmşünaslığın banisi, onun formalaşdırıcısı və inkişaf etdiricisi kimi də daxil olmuşdur.
Çox təəssuflər olsun ki, dünya alimləri tərəfindən geniş araşdırılan N.Tusi yaradıcılığı öz həmyerliləri tərəfindən 1951-ci ildən başlayaraq geniş bir surətdə tədqiq olunuşdur. Azərbaycan Elmlər Akademiyasının 2011-ci ildə çağırdığı elmi sessiyada filosofun elmi irsinin öyrənilməsi haqqında fikirlər irəli sürüldü. Bu dövrdən etibarən ciddi araşdırmalar aparan tədqiqatçılar N.Tusi fəlsəfəsi timsalında Şərq fəlsəfəsinin sadəcə ilahiyyatdan ibarət olmadığı ortaya çıxdı. Filosofun irsinə verilən bu qiymətin nəticəsində bu dünya şöhrətli alimin 780 illik yubileyi hökümətin qərarı ilə 1981-ci ildə keçirildi. Günümüzdə də mütəmadi olaraq Nəsirəddin Tusiyə həsr olunmuş beynəlxalq və respublika əhəmiyyətli konfranslar təşkil olunur. 
Zəngin yaradıcılığa, qeyri-adi istedada malik olan N.Tusi nin yaradıcılığı hər zaman tədqiqatçıların diqqət mərkəzində olmuş, yerli və xarici araşdırmaçıları özünə cəlb edə bilmişdir. Orta əsrlərin məşhur tarixçilərindən tutmuş müasir dövrümüzə qədər bütün tədqiqatçılar tərəfindən N.Tusi nin yaradıcılığı yüksək dəyərləndirilmiş, N.Tusi nin görkəmli alim və filosof olması vurğulnmışdır. Sonralar Molla Sadra adı ilə də tanınan fars ilahiyyatçısı Şihabəddin Fəzlullah Şirazinin (1571-1641) «Tarixi-Vəssaf» («Vəssafın tarixi»), ərəb sosioloqu və filosofu Əbu Zeyd-Əbd ər-Rəhmani ibn Məhəmməd İbn Xəldunun (1332-1406) məşhur «Müqəddimə» əsərində N.Tusi yə və onun yaradıcılığına böyük bir önəm vermişlər.
Azərbaycanın məşhur tarixçisi Abbasqulu Ağa Bakıxanov Qüdsinin (1794-1847) qələmə aldığı «Gülüstani İrəm» («Qızılgül bağçası») əsərində Nəsirəddin Tusi haqqında qısa da olsa məlumat verilir. Burada Tusinin Elxani xanları ilə yaxın münasibətdə olduğu, Elxani hökmdarların Tusiyə hər zaman etibar etdiyi və Marağada rəsədxana inşa etməsi barədə məlumata da rast gəlmə mümükündür. 
Nəsirəddin Tusi yaradıcılığı haqqında sovet hakimiyyəti dönəmində Fərman Eyvazov, Həbibulla Məhəmmədbəyli, Ağabala Rzayev, Zakir Məmmədov kimi tədqiqatçılar öz fikir və mülahizələrini bildirmişdir. Tanınmış şərqşünas alim Rəhim Sultanov bu dünya şöhrətli alimin məşhur «Əxlaqi-Nasiri» əsərini farscadan tərcümə etmiş, bu əsər haqqında sanballı bir rəy də yazmışdır. 
N.Tusinini 800 illiyi münasibətilə onun bir sıra əsərləri tərcümə olunmuş, zənginliyi və rəngarəngliyi ilə fərqlənən Tusi yaradıcılığı geniş tədqiqat obyektinə çevrilmişdir. Təkcə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında bu dünya şöhrətli alimin 800-illik yubileyi ilə bağlı olaraq 8 konfrans keçirilmiş, 11 kitab və 18 jurnal çap olunmuşdur.
Bu yaxınlarda da Nəsirəddin Tusinin 810-illik yubileyi ilə əlaqədar olaraq respublikamızda beynəlxalq səviyyəli konfrans keçirilmişdir. 2011-ci ilin iyun ayında təşkil olunan bu beynəlxalq konfrans möhtəşəm və sanballı olması ilə yadda qalıb. Bu ensiklopedik alimin 810 illik yubileyində Azərbaycan alimləri ilə yanaşı Türkiyə, Rusiya, Fransa, Almaniya, ABŞ, İngiltərə, İsveçrə, Çin, ərəb ölkələri və digər ölkələrin nümayəndələrinin iştirak edib.
Bəşəriyyətin düşüncə tarixi formalaşdığı gündən başlayaraq insanın kimliyi, onun ümumi mahiyyəti fikir sahiblərini hər zaman narahat etmiş, bu barədə müxtəlif mütəfəkkirlər tərəfindən müxtəlif izahatlar özünü biruzə vermişdir.
İnsanın mahiyyətindən bəhs edən mütəfəkkirlərin yalnız cüzi bir qismi insan barəsində bitkin bir fikir söyləyə bilmişdir. Antik dövrdə klassik yunan filosofları olan Sokrat, Platon və Aristotelin insan barəsində irəli sürdüyü fikirlər özünün dolğun və bitkin olması cəhətdən diqqət cəlb edirdi. 
Sokrat, Platon və Aristotelin insan barəsində olan bu cəlbedici ideyalar Orta əsrlərdə yaşamış türk-islam filosoflarının da diqqətini özünə cəlb edə bilmişdi. Bu dövrdə yaranmış fəlsəfi cərəyanlar və bu cərəyanların məşhur nümayəndələri insana islam dini nöqteyi-nəzərindən yanaşır və yaxud da islam dininin insan haqqında olan fikirlərini klassik yunan filosoflarının dünyagörüşü aspektindən şərh edirdilər.
XIII əsrdə yaşayıb-yaratmış dahi Azərbaycan filosofu Nəsirəddin Tusi də insanın mahiyyəti haqqında bitkin və hərtərəfli fikir söyləyən nadir mütəfəkkirlərdən biridir. Tusinin zəngin milli fəlsəfi irsinin toplanılması, tədqiq edilməsi və dərindən araşdırılması həlli keçmiş Sovetlər birliyində tam həllini tapmamış, milli sərvətlərə qiymət verilməsi məsələsi arxa plana keçirilmişdir.
İnsanın müdrikləşməsi və kamilləşməsi üzərində qurulan belə milli sərvətlərə ən dəyərli nümunə olan Tusinin zəngin irsi hər zaman xalqımızın diqqət mərkəzində olmalıdır. 
Xalqımız təkcə Tusi irsinə deyil, Tusinin timsalında bütün milli-mənəvi dəyərlərimizə, zəngin mədəni-fəlsəfi irsinə diqqət göstərməlidir və Tusi irsinin təbliğ edilməsi xüsusi bir mahiyyət kəsb etməlidir.
Nəsirəddin Tusi kimi nəhəng elm korifeyi ensiklopedik səciyyə kəsb edən elmi-fəlsəfi yaradıcılığında insana yüksək dəyər verir. Nəsirəddin Tusinin məşğul olduğu bütün bilik növləri insanın mahiyyəti və onun parlaq gələcəyi üzərinə qurmuşdu.

palitranews.az

Комментариев нет:

Отправить комментарий