Bu dünyada hər kəsin
Öz eli, obası var.
Hərə ana yurdunun
Sevgisinə tapınar.
Bu sevginin yanında
Başqa duyğular susar.
O əyilməz qalanın
Yenilməz adı – Qusar!
Odur mənim gözümdə
Sevgidən uca qala.
Alıb məni qoynuna
Ana tək qucan qala.
Ona ithaf edirəm
Bu şeri sevə-sevə,
Ünüm yetsin hər yana,
Hər ünvana, hər evə.
Gözəlliklər içində
Təkrarsız ada – Qusar!
Dostlara doğma oba,
Sipərdir yada, Qusar!
Sevgimin tək ünvanı,
Ey dağ vüqarlı Qusar!
Əzəldən cah-calallı,
Sirli, əsrarlı Qusar!
Ey Şahdağın qoynunda
Qərar tutan uca yurd!
Əsrlərdən əmanət,
Tarix kimi qoca yurd!
Qürurun, əzəmətin
Dillərdə dastan sənin.
Torpağın bərəkətli,
Qoynun gülüstan sənin.
Sən - rəssam təbiətin
Ən mükəmməl əsəri.
Sənin gözəlliyinin
Ellər olub əsiri.
II
Şahdağla Bazar düzü
Göylərdən alır bacı,
Ana torpaq dayağı,
Onlar Qusarın tacı.
Iki zirvə üz-üzə
Durub pəhləvan kimi
Döyüşdə zəfər çalan
Qoşa qəhrəman kimi.
Bu iki qoca azman
Qusarın heyrətidir.
Onları fəth eləmək
Burda el adətidir.
Zirvələrə ucalmaq
Burda hünər sayılır,
Neçə vurğun könüllər
Bu sevgidən bayılır.
Bu yerlər hər fəsildə
Bir gözəllik sərgisi...
Elə ki, qönçələnir
Bənövşəsi, nərgizi,
Nanə, yarpız ətrinə
Bələyəndə çölləri,
Titrəməsin, neynəsin
Ürəyimin telləri.
Hər qayanın dibində
Bir cür göyçək xalçası,
Hər bulağın yanında
Neçə çiçək dolçası.
Bir şəlalə sallanır
Hər zirvənin başından,
Kəkliklər sonalanır
Qayasında, daşında.
Burda dağlara sevgi
Insanla bir doğulur,
Burda uca duyğular
Bu istəklə yoğrulur.
Dünyada Qusarımın
Görmədim bənzərini.
Ulu tanrı çəkməsin
Üstündən nəzərini.
III
Burda ləzgilər yaşar,
Qamətli, ağ bənizli.
Gözlərində sayrışan
Sanki mavi dənizdir.
Burda ləzgilər yaşar,
Varmı onlara bənzər?
Burda ləzgilər yaşar,
Sorağı dildə gəzər.
Dostluğu uca tutan,
Qonaq sevən, qəlbi gen,
Son loxma çörəyini
Qonşusuyla tən bölən.
Amalı saf, könlü tox,
Qorxu nədir bilməyən.
Vətən yolunda daim
Hazır olan ölməyə.
Sözü üzə deyənlər,
Yalan bilməz dilləri,
Qeyrətiylə tanınır
Vətənimin elləri.
Burda ləzgilər yaşar,
Dili şirin bal kimi.
Burda neçə əzizim,
Ürəyimin həmdəmi,
Neçə yaxınım, doğmam,
Neçə dostum, sirdaşım.
Burda hər iz, hər soraq -
Nəsillərin yaddaşı.
Burda ləzgilər yaşar,
Oğulları qoçaq, mərd,
Belə igidlər doğan
Analar görməsin dərd.
Qızları başdan-başa
Gözəllik təcəssümü.
Heyran edər görəni
Gülüşü, təbəssümü.
Burda ləzgilər yaşar,
Şair təbli, ilhamlı,
Qəlbi təmiz, sözü saf,
Əməlində inamlı.
Burda vətən qoxuyur
Torpağın hər qarışı.
Burda dürüstlük, düzlük,
Səmimiyyət yarışır.
Burda vətən sevgisi
Hər bir sevgidən uca
Burda hörmətə layiq
Hər ağbircək, hər qoca.
Burda mənim Qusarım
Sabahına boylanır.
Azərbaycan arxası,
Azərbaycan həyanı.
IV
Bu dağlar diyarının
Əsla bilinməz yaşı.
Min rəvayət danışır
Hər qayası, hər daşı.
Burda dostluq müqəddəs,
Burda mehr, məhəbbət.
Burda uca tutulur
Mərdlik ilə sədaqət.
Suyunun, çörəyinin
Hər kəs bələd dadına,
Qədim vaxtlarda Kasar
Deyilərdi adına.
Burda ömür sürənlər
Hər biri bir igid kas
Hünər qalıb onlara
Babalardan ilk miras.
Kaslar - ərənlər yenə
Yaşayır bu yerlərdə.
Onların əməlləri
Dastan olub dillərdə.
Bir vaxtlar sinəsinə
Elə dağlar çəkilib!
Bu müqəddəs diyara
Neçə gözlər dikilib!
Bu dünyada başına
Nələr gəlməyib, nələr...
Neçə qanlı iz qoyub
O ötən qərinələr.
Xəzərlərin hücumu...
Monqolların talanı...
Bu yerlərə od qoyub
Farsın, rusun yalanı...
Nələr görməyib bu yurd,
Nələrə dözməyib xalq.
Zülm ərşə qalxsa da,
Qalib gəlib sonda haqq.
Neçə kərə dağılıb
Burda kəndlər, obalar,
Düşmənə sinə gərib
Burda igid babalar.
Burda elinə arxa
Olub neçə qəhrəman.
O vaxtdan adlarını
Yaşadır tarix, zaman.
V
Burda kama yetməyən
Neçə arzu dolaşır.
Burda ruha, duyğuya
Bəs niyə qəm qarışır?
Bir qəribə hiss məni
Titrədir həzin-həzin,
Düşərək kölgəsincə
Min duyğunun, min izin,
Ötən xatirələrə
Dalıram şirin-şirin.
Ürəyimə süzülür
Dadı ötən illərin.
Burda uşaqlıq adlı
Gözəl bir dünyam vardı.
Görən onu özüylə
Hansı yellər apardı?
Sonra coşqun gəncliyim...
O gözəllik, yaraşıq...
Gözlərimdə alışan
O parıltı, o işıq....
Yadıma düşür Qusar,
Sadə, saya adamlar.
Ağ əhəngli o evlər,
Tanış bacalar, damlar.
Barılarsız küçələr
Necə xoşa gələrdi.
Həyətlər gül-çiçəklə
Daim üzə gülərdi.
Hər yanda bir gözəllik,
Hər şeydə saflıq vardı.
O əlçatmaz günləri
Zaman hara apardı?
Gəzirəm dönə-dönə
İtirdiyim izləri.
Ötənləri həsrətlə
Soraqlayır gözlərim.
VI
Neynək, zaman atını
Çapır bildiyi kimi.
Hərə öz mənzilinə
Çatır gəldiyi kimi.
Bircə təbiət yenə
Əvvəlki calalında.
Yenə o şux gözəllik
Yamacında, yalında.
Yaylaqlar min çiçəklə
Süslüdür əvvəlki tək,
Məni yoldan eyləyir
Qaranquşlar ötərək.
Yox, yox, onda bu qədər
Gözəl deyildi dağlar.
Onda çaylar axmazdı
Belə şux, belə çağlar.
Çiçəklər bu qədər tər,
Belə incə açmazdı.
Bu sayaq cilvələnib,
Min bir ətir saçmazdı.
Dəyişən nə təbiət,
Nə də Qusardır əlbət,
Onda niyə tükənmir
İçimdəki bu heyrət?
Hər şeyi gözlərimə
İstəyirəm köçürəm.
Sanki səfər üstəyəm,
Hara isə köçürəm.
Çəkir məni qoynuna
Dağ döşündə yaylaqlar,
Çağırır hüzuruna
Məni çaylar, çaylaqlar.
Dolaşıram çölləri
Gözəllik sorağında.
Balaca uşaq kimi
Hər şeyin marağında.
Keçilməz dərələri
Gəzirəm oymaq-oymaq,
Cığırlardan, yollardan
Çətindir, çətin, doymaq.
Əlvan güldən, çiçəkdən,
İşıldayan böcəkdən,
Mənim ilə əylənən
Kəpənəkdən – bicəkdən,
Qayalarda hay salan
Dağ çayının səsindən,
Zirvələrə ələnən
Dumanın nəfəsindən,
Məni sərxoş eləyən
Bulağın busəsindən,
Ürəyimdə çağlayan
Yaşamaq həvəsindən
Necə doyum, necə mən?
Qusarım, ulum mənim!
Qanadım, qolum mənim!
Sən - tükənməz bayatım!
Sən - varlığım, həyatım!
Nə yaxşı ki, sən varsan -
Gözəlliklər məskəni.
Mənim doğma Qusarım
Min bir dərdin məlhəmi.
Nə yaxşı kı, beləcə
Ötür illər, fəsillər.
Qoynunda bir-birini
Əvəz edir nəsillər.
Nə qədər ki, sən varsan,
Var and-aman yerimiz.
Çətin gündə, dar gündə
Bizim güman yerimiz.
Qusarım - əzəl Vətən!
Qusarım - gözəl Vətən!
Yaşa, yaşa diyarım,
Sabaha yüksəl, Vətən!
Комментариев нет:
Отправить комментарий