Ərəb dilindən tərcümədə “Ata” mənasına gələn “əb” sözü (tək və cəm halda) müqəddəs kitabımız Qurani-Kərimdə 117 dəfə işlənmişdir. Ümumi mənası ata olan bu söz heç də həmişə ata olaraq istifadə olunmamışdır. Ümumiyyətlə ata sözü Quran və hədislərdə və həmçinin lüğət kitablarında müxtəlif mənaları əhatə edir.
Ata - İnsanı dünyaya gətirməsində səbəb və vasitə olan, onun islahı habelə tərbiyə işlərində öhdəçilik daşıyan şəxslərə deyilir.
Ərəblər əmiyə də ata deyirlər. (Bax: Məcməul-Bəhrəyn, “əb” maddəsi)
Rağib İsfəhani bu sözü daha geniş şəkildə isitifadə edərək deyir: “Bir işin meydana gəlməsində səbəb olan, birinin islah və tərbiyəsində rolu olan şəxslərə də ata deyilir”. Daha sonra məşhur lüğətin sahibi bu hədisə işarə edir. “Peyğəmbər (s) buyurdu: “Mən və Əli bu ümmətin atasıyıq.” (Mufrədat Ləfzul-Quranil-Kərim, əb sözünün izahı, səh.17)
Bu hədisdə mənəvi məna ələ alınaraq, islah edicilik baxımından istifadə edilmişdir. Yəni peyğəmbər (s) mənəvi bir ata kimi ümmətin islahına gecə-gündüz çalışmışdır.
Hədis: Allah Rəsulu (s) buyurdu: “Mən və Əli bu ümmətin atasıyıq.” (Mənbələr: Şeyx İbrahim bin Qunduzi Hənəfi, Yənaibul-Məvəddət zəvil qurba c 4, səh. 369. “Biharul-ənvar”, 16-cı cild, səh.95, hədis 29; Uyunur-Əxbarur-Rza (ə), c 2, səh 86; İləluş-şərai c 1, səh. 128; )
Ərəb dilində "əb" və ya "umm" sözü nisbət ilə birgə deyiləndə o şəxsin nisbət verilmişin atası və ya anası olduğunu bildirmək üçündür. Məsələn: Əbu Muhəmməd yəni Muhəmmədin atası, Əbu Davud yəni Davudun atası. Ummul-Bənin yəni Bəninin anası, Ummul-Həna yəni Hənanın anası və s.
Yuxarıda dediyimiz kimi bu kəlimələr həmişə bu mənada istifadə olunmur. Beləki, “əb” və “umm” sözü "sahib, malik və hər hansı bir şeyin əsas və kökü" mənalarında da işlənir. Məsələn: Hz Əliyə (ə) Əbu Turab deyilir. Məlumdur ki onun Turab adlı övladı olmayıb ki, məhz buna görə ona bu ad verilsin. Ummul-qura (yerlərin əsas və kökü), Ummul-fəsad (fəsad mənbəyi) və sair; Məkkə şəhərinə Ummul-qura deyilir, aydındır ki, Məkkənin övladı olmayıb ki, Məkkəyə də Ummul-qura deyilsin. Fəsad bir işin məcrasından mənfi yönə yönəlməsidir. Belə bir işin övladı yoxdur ki ona fəsadın anası deyilə. Bu izahlar bunu açıqlayır ki, “əb” sözü ancaq ata mənasına gəlməz.
Ata sözü bəzi mədəniyyətlərdə yurd quran və ya rifah olmayan bir toplumda rifahı yaradan şəxsə də nisbət verilir.
İslam şəriətində həqiqi atadan əlavə, müəllim və qaynata da “ata” kimi təbir olunmuşdur. Həmçinin bu müqəddəs din, insana uşaqlıqda süd verən dayələrə, uşaqların təlim-tərbiyəsini öhdəsinə alan müəllimlərə, habelə ana hökmündə olan xalaya ana gözü ilə baxır və onlara ehtiram qoyulmasını tövsiyə edir. Peyğəmbər (s) buyurur:
"Ata üçdür:
1- İnsanın təvəllüdünə səbəb olan həqiqi ata;
2- Qızını insana ərə verən qayınata;
3- İnsana təlim-tərbiyəni, elm əldə etmək yolunu öyrədən müəllim.”
Valideynlər övladlarının sağlam şəkildə böyütməkdə zəhmət çəkir və bunu özlərinə bir borc bilirlər. Eləcə də müəllim və təlim tərbiyə ilə məşğul olan şəxslər də bu mövzuda cəmiyyətə sağlam ruhlu, sağlam düşüncəli insanlar bəxş etmək üçün səy edir. Odur ki, bu şəxslərə də “ata” deyilir. Çünki, gördükləri işlər cəhətindən bənzərliklər var. Hər ikisi də bu yolda can yandırır.
1.Səni maddi həyata bağlayır. 2.Maddi həyatdan sənə növbəti yolu açır. 3.Sənə həqiqətin yollarını açır.
Qurani-Kərim bəzən əmiyə və bəzən babaya ata deyə müraciət edir. Hz. Yaqub (ə) övladlarının dilindən gələn ayəyə baxaq;
Bəqərə 133: (“Siz ki, Yaqub öz övladlarına yəhudiliyi tövsiyə etdi” deyirsiniz,) məgər Yaqubun ölümü çatan zaman onun yanında şahid idiniz? (Halbuki Yaqub) öz oğlanlarına: “Məndən sonra nəyə ibadət edəcəksiniz?” deyəndə, “sənin və ataların İbrahimin, İsmailin və İshaqın Allahı olan tək Allaha ibadət edəcəyik və biz Ona təslim olanlarıq” dedilər.”
Bu ayədə adı keçən Hz İsmail (ə) onların əcdadı yox, əmiləridir. Amma gördüyünüz kimi onlar ona da ata deyərək yad edirlər.
Digər bir ayə isə Zuxruf sürəsi 22-dir. Öncə ayəni oxuyaq;
Zuxruf 22: “Əksinə, onlar dedilər: “Həqiqətən biz atalarımızı bir dində görmüşük və biz də onlara tabe olmaq nəticəsində mütləq doğru yoldayıq.”
Bu ayədə qəsd olunan məna yalnız həqiqi ata deyil. Bura ataları, babaları və hətta onların bu yolda təliminə səbəb olan şəxslər də daxildir. Digər bir ayə ilə bu sözü isbat etmək olar.
Əhzab 33: “Və deyərlər: “Ey Rəbbimiz, biz öz ağalarımıza və böyüklərimizə itaət etdik, onlarsa bizi düz yoldan azdırdılar.”
İnsanın müəllimləri də, ona təlim verən, onu elm və agahlıq öyrədən şəxslərdə “ata” hesab olunur. Loğman sürəsində buyrulur: “...Mənə və ata-anana şükr et...”
Bu ayə barədə alimlər qeyd edir ki, burada iki atadan söz açılır. 1.İnsanı dünyaya gətirən ata. 2.İnsana elm öyrədən müəllim.
Bir məsələni də qeyd etmək yerinə düşərdi. Hz. İbrahimin (ə) atası ilə bağlı fikir yürüdənlərin bəziləri yuxarıda qeyd etdiklərimizi nəzərə almadan Hz İbrahimin əmisi Azəri, onun atası olaraq qeyd edirlər. Halbuki, Azər onun atası yox əmisidir. Hz. İbrahimin atasının adı Tarix idi.
Nəticə. Əb sözü Quran və hədislərdə, həmçinin ərəb lüğətində aşağıdakı mənalarda işlənir:
1.İnsanı dünyaya gətirməyə səbəb olan şəxs.
2.Bir şeyi icad edən, meydana çıxaran şəxs.
3.Valideynləri ölmüş kimsəni himayəsinə alan şəxs.
4.İnsana elm öyrədən şəxs (müəllim).
5.İnsanın həyat yoldaşının atası (qaynata).
6.İnsanın əmisinə, babasına da ərəblər ata deyə müraciət edirlər.
7.Azərbaycanın bəzi bölgələrində "yaşlı və hörmətli kişiyə" xitab, müraciət formasıdır.
Комментариев нет:
Отправить комментарий