21.04.2011

Dostoyevskinin iki romanı Azərbaycan dilində çap olundu


“Qanun” nəşriyyatı Fyodor Dostoyevskinin iki romanını Azərbaycan dilində çap edib. Bunlardan biri yazıçının “Qumarbaz” romanı, digər isə “Cinayət və Cəza” romanıdır.
Dünya ədəbiyyatının ən nəhəng simalarından olan F.Dostoyevskinin “Qumarbaz” romanı həyatda qazanmaq üçün başqa yol bilməyən insanın kədərli taleyi barədə böyük istedadla yazılmış bir əsərdi. Roman çıxılmazlıq duyğusundan qurtulmağa can atan qəhrəmanın məhrəm yaşantılarmı oxucuya ustalıqla çatdırır. Dostoyevski özü bu əsər haqda məktublarını birində yazır: “.. .Başlıca məsələ ondadı ki, onun bütün həyat cövhəri, qüvvəsi, dəlisovluğu, cəsarəti ruletkaya sərf olundu. O, qumarbazdı, bununla belə Puşkinin xəsis cəngavəri, sadəcə, xəsis olmadığı ki-mi, o da adi qumarbaz deyil. O, özünəxas şairdi, amma iş burasındadır ki, öz poeziyasından özü utanır, ona görə ki, risk ehtiyacı onu öz gözlərində nəcibləşdirsə də, bu poeziyanın rəzilliyini dərin-dən hiss eləyir… “Bütün hekayət ondan ibarətdir ki, o, üçüncü il-di qumarxanalarda ruletka oynayır…”.
“Cinayət və Cəza” da Dostoyevskinin ən gözəl romanlarından biridir (“Prestupleniye i Nakazaniye”). İlk dəfə 1866-cı ildə “Russkiy vestnik” adlı ədəbiyyat jurnalında çap edilib. Bu ro¬man Dostoyevskinin katorqa¬dan qayıtdıqdan sonra yazdığı ikinci irihəcmli əsəridir. Bununla birlikdə yazıçının püxtələşmə dövrünün ilk böyük romanı sayılır. Əsərin oxucunu daim gərginlikdə saxlayan psixoloji süjet xətti var. Dünyanın böyük yazarları bu romanı detektiv janrının şedevri hesab eləyirlər. Kasıb Raskolnikov çalışqan və qabiliyyətli olsa da, maddi imkansızlıq ucbatından təhsil aldığı hüquq fakültəsini yarıda buraxmaq məcburiyyətində qalır. O, hesab eləyir ki, var-dövlətin, pulla nələr eləmək gərəkdiyini bilməyən, yaramaz, insanlıq ailəsində parazit kimi yer tutan mənəviyyatsızların əlində olması, o var-dövlətlə cəmiyyətin inkişafına hüdudsuz xeyir verə biləcək insanlarınsa maddi sıxıntı çəkməsi qətiyyən ədalətli deyil. Bu yanlışlığı düzəltmək üçün Raskolnikov qoca və çox varlı olan sələmçi qarını heç bir şahid buraxmadan öldürür. Kimsənin onu görmədiyini və arxada bir iz qoymadığını bilə-bilə, Raskolnikov sonsuz iztirablara düçar olur. O, artıq in¬sanlığını, paklığını itirmiş durumdadır. Saf ürəkli Sonyaya cinayətini etiraf edən Raskolnikov bundan sonra polisə təslim olur və cəzasını çəkmək üçün Sibirə katorqaya gedir. “Mənim alçaldılmışların xilaskarı, zəiflərin təsəllisi olmaq üçün hər hansı əxlaq qanununu pozmaq kimi hüququm varmı?” – romanın qayəsini bu sual təşkil eləyir. Bəs cavab? Cavab da elə bu əsərin özündədir.

Комментариев нет:

Отправить комментарий