21.04.2011

“Şeir sifariş qəbul eləmir”

Səlim Babullaoğlu
 
Məzahir Şəhamədlə Səlim Babullaoğlunun söhbəti
– Məzahir, xoş gəlmisən...
– Sağ ol.
– Sən farsca yazırsan...
– Hə.
– Bir şeir oxu farsca və sonra da onu tərcümə elə.
– Mənim əvvəlki şeir kitabımın lap başında belə bir qısa şeir var. Əlaqəsiz şeirlərimdəndi. Farscası belədi:
 
 “Əz tənhayi ta mərg faselei nist
 Bər qorure nəməke tənhayiye mən baran mibarəd”.
 
Tərcüməsi belə olar yəqin:
 
Təklikdən ölümə qədər ara yoxdur,
Təkliyimin duz daşına yağış yağır.
 
Birini də oxuyum, ya bəsdi?
– Oxu.
– Hər ruz bəraye hər kəs
vəğte neqah əz pəncəre
əfsune natəmam:
Yek tekke aseman
mixkube yek tekke aseman.
Ya tekkei əbr
mixkube tekkei aseman
bər yek tekke aseman.
Gahi
əgər bəxtiət bude başəd
pərəndei miqozərəd
ya pərəndeqani.
 
 Türkcəsi belə olar:
 
Hər gün hər kəs
pəncərədən baxanda
sehr kimi bir şey alınır:
Bir parça göy,
mıxlanıb bir parça göy.
Ya bir tikə bulud –
bir parça göyə,
mıxlanıb bir parça göy.
Hərdən
əgər bəxtin gətirsə,
bir quş uçar,
ya da bir neçə quş.
 
Mənim şeirlərimin adı – ünvanı olmaz, az-az hallarda olar. Məsələn, bir şeirim vardı, “Bir stəkan it”, radio ilə Hamburqda da oxumuşdular. “...Mən bir stəkan it içəndə hürməyə başlayıram...” Belə...
– Məzahir, sağ ol ki, oxudun şeirləri və bizim üçün ana dilimizə çevirdin, elə sənin də ana dilindi, yeri gəlmişkən. Sənin şeirlərində iki şey hiss elədim, hər halda oxuduqlarından, bir impressionizm, bir də sürrealizm. Məsələn, bir az göy – bu sırf impressionizmdi, “Bir stəkan it” isə sürrealizm. Ona görə gəl, klassik suallardan başlayaq, şeir sənin üçün nədi?
– Şeirə çoxlu təriflər verirlər, mən fikirləşirəm ki, şeirin də bir çox məfhumlar kimi şəxsi, özəl tərifləri vardır. Amma mən onların arasında bir tərifi xoşlayıram. Ritsosdandı. O deyir ki, şeir, dil ifadə eləmək istədiyinin qarşısında daralanda özündə ittifaq, birlik yaradır. Dil adətlərini tərk edir və şairin vasitəsilə şeir olur. Mən bu tərifi çox sevirəm.
 – Necə bilirsən, şairi hansı dil müəyyən edir: yazdığı dilmi, aid olduğu millətin və ya xalqın dilimi?
– Mən bu suala cavab verməyə çətinlik çəkirəm, ola bilsin, iranlı olduğumdandı. Məsələn, Kundera təqib olundu və Fransaya getdi. Sonradan çoxlu yaxşı, hətta ən yaxşı əsərlərini fransızca yazdı. Çex dilində yazmadı. Görünür, hansı dildən istifadə eləmək, hansı dildə işləmək vacib məsələdi. Bizim də İranda çoxlu türk şairlərimiz var ki, onlar farsca ən gözəl əsərlərini yazıblar. Yaxud, mənim Ərdəbilli dostum var, Saleh Ətayi, onun türkcə, Azərbaycan dilində yazdığı şeirləri çox uğurludu, çünki uşaqlıqdan bu dildə düşünüb, yaşayıb, amma farsca yazdıqları o qədər də uğurlu deyil. Mən özüm farsca çox işləmişəm, ona görə də ana dilimdə yazdıqlarım müqayisədə zəifdi.
– Bayaq oxuduğun şeirlərdən birində impressionizm, digərində sürrealizm gördüm, bunlarla razısan?
– Mən, ümumiyyətlə...
– Dur, Məzahir, mən konkret iki şeirindən danışıram...
– Hə, razıyam.
– Yaxşı, necə bilirsən, şair özünü hər hansı bir cərəyana, yönə aid eləməlidimi?
– Niyyət kimi yox, əlbəttə. Şair şeirini yazır, sonra isə araşdırıcılar, tənqidçilər onların yazdıqlarını harasa aid edə bilərlər. Amma yazar, şair, niyyət tutsun, özünü harasa aid edərək yazsın, bunu qəbul eləmirəm. Bu halda itirən şeir olacaq.
– Niyə?
– Çünki şeir sifariş qəbul eləmir. Şair qayda yaradandı daha çox, qaydaya tabe olan deyil, məncə. Mən cərəyana qoşulan şairlərin müvəffəq olduqlarını görməmişəm.
 – Bu məsələdə səninlə həmfikirəm. Bəs, daxili sifariş necə? Məsələn, öz təcrübəmdən bir şeyi deyim, dənəysəl, eksperimental deyilən bir şeir var, təbii ki, sən bunu bilirsən. Və mən, olub ki, bir üslubu, bir eksperimental yönü, metodu xeyli düşünmüşəm, araşdırmışam, Sonra da həmin metodla xeyli eksperimental şeirlər yazmışam. Bu, necə deyərlər, daxili sifariş idi bir növ, buna necə baxırsan?
– Görünür, şeir özündən sifariş qəbul edir. Bilirsən, Səlim, şairin içində bilmədiyi mən var. Şeir o dərinlikdən gəlir. Onun nəyi qəbul edib-etmədiyini demək bir az çətindir. Məsələn, bəzən olub özüm özüm üçün qayda qoymuşam ki, bəzi kəlmələri, sözləri istifadə etməyəcəm, nə qədər əməl etməyə çalışsam da, sonra görmüşəm yox, buna sonadək əməl edə bilməmişəm.
– Bir deyim var, dil, daha doğrusu, söz insandan qədim hadisədir.
– Elədi.
– Necə bilirsən, şairmi dilin alətidi, dilmi şairin?
– Bəli, dil, söz bizdən qədim hadisədir, bizdən qabaqda da, sonra da bizdən və bizi kimilərdən asılı olmayaraq, daha doğrusu, iştirakı olmadan öz qaydalarını yaradıb, yaradacaq. Amma şairin dilin qüdrətinə müdaxilə eləmək imkanı var. Şair dilin aləti olsaydı, dil normalda necə varsa, elə də büruzə verərdi də özünü. Məncə, şair və dil arasında bərabərlik işarəsi qoymaq lazımdır. Bunun vaxtıdı artıq (gülür). Bəzən əsərin adı, tutalım, “qüssə” ola bilər, amma sən o əsərin heç bir yerində qüssə sözünə rast gəlməyə bilərsən, amma sonda düşünə bilərsən ki, doğurdan, bu əsər elə qüssəlidi.
 – Amma yenə də bu sözün qüdrəti olmur ki? Yəni yenə qüdrətli söz öz aləti olan şairin vasitəsilə, amma gizlədərək, başqa əvəzləyici sözlərlə büruzə verir özünü? Bu cür ola bilməz ki?
– Bax, Səlim, söz əvvəl var idi, amma şeir yox idi. Söz adət etmədiyi rəftarla rastlaşanda dönüb şeir olur, bunu isə şair edir.
 – Mən isə bir az başqa cür baxmağı təklif edirəm, bunu mübahisə üçün demirəm əsla, sadəcə istəyirəm mövzunu dərinləşdirək. Bəlkə, elə əvvəl olan söz elə şeir imiş, dil deyilmiş və o başqa rəftardan dönüb normativ dil olub. İndiysə əzəlində şeir olan, amma dil kimi görünən söz özünə alət elədiyi şairlərin həssaslıq imkanlarına görə həqiqi üzünü faş edir, büruzə verir, necə bilirsən?
– Bu, irfani baxışdı. Məşhur bir fikir var ki, hər şey tamam başqa dildədi, biz sadəcə olaraq onu öz dilimizə tərcümə edirik. Bu, dərin bir yanaşmadı, irfani yanaşmadı. Bu düşüncəyə görə hər şey kəlmədi, sözdü və bütün versiyalar artıq var. Onu görmək və görməmək var. Amma mənə görə, şair düzəlmişləri toqquşdurub yenisini düzəldəndi. Hər halda ortaq variant üçün dedim də şairlə şeir arasında bərabərlik işarəsi qoymaq lazımdı. Mən şairi yalnız alət kimi görə bilmirəm.
 – Yaxşı, Məzahir, gəl, bu məsələdə sənin ortaq variantında dayanaq. Bir az özündən danış, neçənci ildə doğuldun, harda, necə oldu ədəbiyyatla məşğul olmağa başladın, neçə kitabın çıxdı?
– Bayaqdan hesablamağa çalışırdım ki, miladi təqvimi ilə neçənci ildə doğulmuşam. Şəmsi təqvimi ilə 43 yaşım var. 42 yaşım vardı, amma iki-üç gün əvvəl bayram oldu, bu mənə bir az zərər elədi, oldu 43. Miladi təqvimi ilə 1966-cı ildə anadan olmuşam.
– At ilində?
– Hə, at ilində. Niyə dedin?
– Yox, əslində, bu məsələyə ciddi baxmıram, amma iş elə gətirib ki, dostlarımın çoxu, hərçənd dost da çox olmur, məndə də elə çox deyil, elə at ilində doğulublar. Demək 66-da doğulmusan.
– Hə, payızın axırıncı ayının 9-cu günü.
– Gəl, sənə bir lətifə danışım.
– Danış.
– Bizimkilərdən biri gəlir İrana. Soruşurlar ki, neçə yaşın var? Deyir ki, yetmiş. Deyirlər ki, baba, yaxşı qalıbsan. O da hazırcavab, baməzə adam olur, tez soruşur ki, bəs sən neçənci ildə doğulmusan, cavabında adam ya qəməri, ya da şəmsi təqvimlə deyir ki, məsələn, 1328-ci ildə. O isə deyir ki, baba, əsil yaxşı qalan sənsən, maşallah, gör, indi neçənci ildi...
 (Gülüşürük)
 – Hə, davam edək...
– Ərdəbil ətrafında Rəzi deyərlər, balaca bir şəhərdə, o vaxtlar kənddi, orda anadan olmuşam. Sonra təbiət elmləriylə bağlı təhsil almışam, siz tibbi hara aid edirsiz?
– Bioloji?
– Hə. Uşaqlıqdan yazmağa həvəsli olmuşam, şeir, nəsr, qısa hekayələr. Yazıb oxumağı mədrəsəyə getməmişdən əvvəl öyrənmişəm. İnidiyəcən 4 kitabım çıxıb. İlk kitabım şeir kitabıdı. Adı da elə “Əvvəlki şeirlər”di (“İlk şeirlər” – S.B.), farsca adı “Nəxostin əşar”dı. Sonra kiçik hekayələr kitabım çıxdı – “Mənim yuxularımın məhvərindən və aylarından”, üçüncü kitabımın adı “13” idi, amma bəzi keyfiyyətlərinə görə nəşrinə icazə verilmədi, bizim mədəniyyət idarəsi icazə vermədi. Dördüncü kitabım şeir kitabıdı, “Dairənin neçənci küncündən” adlanır. Beşinci kitabım “...Adamlar hardasa...” adlanırdı, romandı. Altıncısı və yeddincisi nəşr olunmalıdı, “Fırtına və kəlmələrin həndəsəsi”di birinin adı. Bir otuza yaxın kitabım da var ki, çap oluna bilər. Amma yazdıqlarımın çoxu şeirdi.
– Əvvəl şeir yazmağa başlamısan, sonra nəsr. Bir şairin hər iki növdə, janrda yazmağı...
– Yox, əvvəl elə ikisi də olub.
– Elə olmur axı, Məzahir. Sən iki əllə eyni vaxtda yazmısan?
 (Gülüşürük)
– Yox, düzdü, əvvəl şeir yazmışam.
 – Hə, iki sahədə yazmaq çətin deyil ki? Məncə, nasirlər söz fəhləliyi ilə daha çox məşğul olurlar. Amma şeir tamam başqadı, yox?
– Bizdə bir söz var, “cuşeşçin işləmək”, bir də “kuşeşçin işləmək” var. İkincilər bəzən söz deyiblər, birinci olmadığı üçün quru alınıb, birincilər isə oturub gözləyiblər ki, nə vaxt gələcək... Mən isə həmişə fikirləşmişəm ki, gözləməlisən, amma həm də çağırmalısan. Hətta Bərahənidə də mən belə görürəm...
 – Rza Bərahənidə?
– Hə. O, evdə olmaqla birincilərdəndi, amma ikinci də həmişə yanındadı. Mən gözləmişəm, çağırmışam. Bircə şərtlə, fərq olmayıb ki, gələn şeirdi, ya nəsrdi. İndi mənim haqqımdakı ədəbi tənqid bu fikirdədi ki, mənim şeirlərimdə prozaiklik, rəvayət çoxdu, eyni zamanda nəsrimdə də şeirsəllik var. Hətta tənqidçilərdən biri romanımdan neçə dənə şeir çıxartmışdı. Hətta irad edən və tənqid edənlər də vardı ki, roman poetik olmamalıdı. Olsun. Nəsrdə mən özümü bitməz-tükənməz bilirəm, azadəliyim var. Şeiri yazıb qurtarandan sonra isə bir boğulmağım var.
 – Əsərlərin Avropa dillərinə çevrilib?
– Bəzi şeirlərim alman dilinə çevrilib.
 – Bəs nəsr?
– Yox, göndərməmişəm, maraqlanmamışam.
 – Ümumiyyətlə, yazarın öz əsərlərinin tərcüməsi, nəşri, yayımı, fərqi yoxdu xaricdə də ola bilər, vətənində də ola bilər. Bu işlərlə məşğul olmağa necə baxırsan?
– Bilirsən, ümumiyyətlə yaxşı olardı ki, bu işlə şairin, yazıçının özü məşğul olmasın. Bizdə yazar naçardı. Yazır, çapıyla, yayımıyla məşğul olur. Pisdi bu, əlbəttə. Bir dəfə Markesin farsca tərcüməçisi yazıçını görüb ona sevincək deyir ki, sizi İranda sevirlər. O da deyir ki, nə üçün? Deyir ki, sevirlər də, çünki oxuyurlar. Deyir axı, məni farscaya çevirməyiblər, olmaya mənim ədəbi vəkilim məndən oğurluq edib? Markes nə biləydi ki, İranda kopirayt yoxdu. Bizdə yazıçı naçardı.
– Qəm yemə, elə bizdə də naçar olmasa da, çarəsizdi.
 (Gülüşürük)
– İndi mən deyim ki, öz kitablarımın xaricdə nəşri ilə bağlı mən bir şey eləyə bilməmişəm. Elə İranda da.
– İranda sənin kitablarının nəşriylə naşirlər məşğul olub?
– Hə.
– Qələm haqqı almısan?
– Yox, almamışam. Mən yazmaqla pul qazanmamışam. Bizdə İranda yazmaqdan pul qazana bilənlər yalnız jurnalistlər, yaxud jurnalist-yazarlardır. Bir də qədim yazarlardı – Bərahəni, Dövlətabadidi. Onların tənqidçi və təbliğçiləri çoxdu. Bizim isə təbliğçimiz yoxdu, yazdıqlarımız qaydalardan, vərdişlərdən uzaqdı. Bir də bir qisim var ki, televizyonda, orda-burda təbliğ olunurlar, mən ümumiyyətlə, televizyon, hər hansı ideoloji, siyasət və sair şeylərdən uzağam, televizyonu və sairəni qəbul eləmirəm. Məncə, elə sizdə də belədi. Məsələn, Bəxtiyar Vahabzadə məşhurdu, yazdıqlarını hamı başa düşür. Amma deyək ki, Səlimi Səlim kimi düşünən anlaya bilər.
– Bizdə bəlkə də vəziyyət daha pisdi, çünki yeni iqtisadi münasibətlər müstəvisində naşir-yazar münasibətləri hələ oturuşmayıb.
– Ola bilər. Əvvəllər bir sayt vardı. “Bayquş”du adı. Bəzi şeirlərim orda yerləşdirilmişdi, Almaniyada bəyənib bəzilərini tərcümə eləmişdilər, radioda oxumuşdular. Düzü, mənim harasa mətn göndərməyə elə bir imkanım, həvəsim də olmayıb. Bilirəm ki, bəzi jurnallarda çap olunub şeirlərim. Məsələn, ingilis dilinə səkkiz şeirimi tərcümə edib nəşr etmişdilər. Sonradan mənə də göndərmişdilər.
– Biz burda İran ədəbiyyatını, həm də bütövlükdə farsdilli ədəbiyyatı, o ədəbiyyatın farsca da, türkcə də böyük nümunələrini yaratmış azərbaycanlıları tanıyırıq. Klassikləri də, müasirləri də. Üzü Xəyyamdan, Hafizdən, Sədidən bu yana çoxlarını. Şəhriyarı, Şamlunu, Sepehrini, Nima Yuşici, Fərruxzadı, nə bilim daha kimi. Mənə maraqlıdı, siz, konkret sən kimləri tanıyırsan, oxumusan?
– Bilirsən, düzü, mən sizin klassikləri çox bəyənmirəm. Güman eləyirəm, incimirsən.
 – Yox, niyə inciyirəm, sənin fikrin Quran ayəsi deyil ki, yalnız sənin fikrindi. Amma maraqlıdı, niyə?
– Çünki, məsələn, Füzuli. Onun türkcə yazdığı şeirlərinin lüğəti başdan-başa fars sözləridi, içi də ki, irfandı. İrfanı isə İran ədəbiyyatında çox yaxşı işləyiblər.
 – İcazə ver, bir şey deyim. Əvvəla, Füzulinin lüğəti başdan-başa fars kəlməsidi demək yanlışdı. Bəli, orda əksər sözlər əsasən ərəb, sonra fars kəlmələrindən təşkil olunub. Amma bu təbiidi. Çünki onun şeiriyyəti başdan-başa İslam əxlaqı və fəlsəfəsi üstündəydi. Və o dövrdə başqa cür ola bilməzdi. Qaldı irfana, o vaxt təkcə Azərbaycanda deyil, Osmanlı kimi böyük bir imperatorluqda belə poeziyanın ideya lokomotivi idi. Şairlərin lüğəti də təxminən eyni idi. Amma elə fars dilinin özü ərəbcədən nə qədər yeni sözlər almışdı, nə qədər dəyişmişdi İslamdan sonra. Bir də sən irfana niyə yalnız İslam dinindən törəmə kimi baxırsan, fəlsəfə kimi hər bir dinin öz, belə deyək, irfanı olub, xristianlığın da, iudaizmin də.
– Bilirsən, biz əvvəl bura, burda baş verən, yazılan hər şeyə yalnız gözəldir deyə baxırdıq. Hər şeyi istəyirdik burdakına oxşadaq. Sonra fikrimiz dəyişdi. Məsələn, biz Nəsimini təkcə şeirlərinə görə yox, bəlkə də daha çox dərisinin soyulmasına görə sevirdik. İndi yenə imkan axtarıram ki, Nəsimini bir də oxuyum, şeirini bir də saf-çürük eləmək üçün. Məsələn, mən səni niyə axtarıb tapdım Bakıya gələndə. İctimai televiziyada “Ovqat” verilişində sənə baxırdıq. Baxa-baxa dedim ki, gələndə səni mütləq tapacam. Çünki sən dünyadan danışırdın, maraqlı danışırdın...və...
 – Sağ ol, Məzahir, bunu eşitmək xoşdu, amma indi məndən yox, klassikadan danışırdıq...düzü, mən özümü yaxşı hiss eləmirəm indi. Qaldı Nəsimiyə, Məzahir, bu, yaxşı ideyadı. Oxu, mütləq oxu, məncə, sən onun poetikasının nə qədər maraqlı olmasını yenidən kəşf edəcəksən özün üçün. Nəsə, keçək bu mövzudan. Gəl, dünyadan danışaq. Kimlərdən öyrənmisən?
– Eliotdan, Ritsosdan, Oktavio Pazdan...
 – Oktavio Pazın şeirlərini nəzərdə tutursan da yəqin?
– Hə.
 – Bir şair başqa şairdən nə qədər öyrənə bilər? Bədii təsirə necə baxırsan?
– Bilirsən, bir var təsir, bir var təqlid. Təqlid bir şairin başqa şairə oxşamaq cəhdi və istəyidi. Təsir isə bir şairin digər şairi başqa bir şeyə – yeni bir şeyə sövq eləməsidi. Həqiqi şairlər bir müddətdən sonra təsirə düşənlər yox, təsir edənlərdi.
 Şamlu Lorkadan bir şeir çevirmişdi. Onu sonra bir tənqidçi araşdırmış və bu nəticəyə gəlmişdi ki, Şamlu Lorkanın yazmadığı kəlmələri yazıb onun ayağına və ana mətnə sadiq qalmayıb. Bu, tənqid idi. Amma sonunda o tənqidçi belə bir ümumiləşmə aparmışdı ki, əgər o Lorkanın şeirinimi, ya Şamlunun şeirinimi seçməli olsaydı, Şamlunu seçərdi.
 – Bu maraqlı mövzudu, amma ayrıca danışılmaq istəyir, təəssüf ki, buna vaxtımız yoxdu. Amma deyim ki, mən bu məsələdə Lorkanın tərəfindəyəm. Bir şey soruşum, o tənqidçi Şamlunun həmyerlisi deyildi ki?
– Yox...yox, məncə...Necə ki?
 – Zarafat edirəm. Bizdə belə şeylər dəbdədi... Ədəbi cameənin ana prinsipidi bu. Biz, axı çox oxşayırıq. Dedim bəlkə sizdə də belədi.
– Amma xeyli zarafat elədik bu gün.
– Hə...

 Bakı, 26 mart 2009-cu il.

Комментариев нет:

Отправить комментарий