Şairə Namidə Bingöl ilə müsahibə
- Özünüz haqda məlumat verin.
- Namidə Bingöl. Ədəbiyyatda yeniyəm. Bakıda doğulmamışam. İndiki Şirvan, köhnə Əli-Bayramlı şəhərində andan olmuşam. Orta məktəbi də orda bitirmişəm. Hazırda Bakı Slavyan Universitetində filologiya fakültəsində oxuyuram.
- Bingöl təxəllüsü hardan gəlir?
- Bu sualı mənə çox ünvanlayırlar ki, niyə məhz Bingöl. Kür çayı öz başlanğıcını Bingöl dağ silsiləsindən götürür. Mənə də daha yaxın o oldu.
- Yavuz Bingöl adlı türk sənətçisi də var...
- Qətiyyən onunla bağlı deyil. Bu təxəllüsü götürdükdən sonra mənə dedilər ki, belə bir adam var. Sonra maraqlandım, gördüm doğurdan da Bingöl soyadlı birisi var.
- Onun çəkildiyi filmlərə baxmısınızmı?
- Xeyr. Sadəcə, bir serialda görmüşdüm.
- Bəs musiqilərini dinləmisinizmi?
- Xeyr.
- Şeir yazmaq həvəsi necə yarandı?
- Əslində yabançı deyiləm. Lap uşaqlıqdan evimizdə çox kitablar olub. Klassikləri daha çox oxumuşam. Həmişə kitablara maraq olub. İndi də hansısa evə gedəndə orda kitab rəfi görəndə rahatlanıram.
- Klassiklər deyəndə kimi nəzərdə tutursunuz?
- Orta məktəbdə kimləri keçiblərsə, onları. Mikayıl Müşfiq haqda yazılmış “Müşfiqli günlərim” kitabını oxuduqdan sonra ədəbiyyata marağım daha da artdı. O kitabı oxuyanda 9 yaşım var idi. Bundan sonra ədəbiyyatı sevməyə başladım. O kitabda ədəbiyyat, mədəniyyət, sevgi, insanlıq vardı.
- Müasirlərdən kimi oxumusunuz?
- Anardan oxumuşam. Türk yazarlarından Səbahəddin Əlini oxumuşam.
- Səbahəddin Əli müasir deyil axı. 1948-ci ildə ölüb. “Müasir” – yaşayan deməkdir. Səbahəddin Əlidən nə oxumusunuz?
- “Xəz dərili madonna”. Sizlərdən isə Rasim Qaraca, Aqşin Yenisey, Sevinc Pərvanəni oxumuşam.
- Sevinc Pərvanənin açıq-saçıq şeirlərinə münasibətin necədir?
- Şeirlərin yox, “Şəhər” romanın oxumuşam.
- Bəs Aqşin necədir?
- Əsərləri?
- Hər halda araq içməyini nəzərdə soruşmuram...
- Öncə onun şeirlər kitabın oxumuşam. “Sizin eradan əvvəl”. Bir oxucu olaraq mənə qəribə gəldi ki, niyə burda açıq ifadələr var. Ancaq ədəbiyyatı bilən birisi olduğuma görə mən Aqşinə haqq qazandırdım.
- Aqşində açıq-saçıq ifadə çox azdır. Bu sizin niyə fikrinizdə qalıb?
- Çünki Aqşindən qabaq mən ədəbiyyatda belə şeyə rast gəlməmişdim. O, ədəbiyyatda yenilik edib.
- Ədəbi çevrə ilə tanışlığınız necə olub?
- Əsəd Qaraqaplan mənə öz kitabını vermişdi. Kitabı oxudum getdim Əsədə öz fikrimi deməyə. Slavyan Universitetində onların otağı var. Qapını Aqşin açdı. Əsəd yox idi. Aqşin Əsədə zəng etdi. Mən Aqşini tanıdım, ondan soruşdum ki, siz də yazıçısınız? Dedi ki, mən yazıçı deyiləm, sizin kimi oxucuyam. Aqşinin bu cür reaksiyası məndə ona qarşı ikrah hissi oyatdı. Mən onu telekanallarda görmüşdüm onu, tanıyırdım. O, yazıçı olduğunu dandı. Mən yenidən ona müraciət etdim. Bu dəfə ondan Aqşin Yenisey haqda soruşdum. Dedim ki, mən Aqşin Yeniseyi görmək istəyirəm. Mənə dedi ki, Aqşin tənhalığa qapılıb, evdə olur. Dedim ki, siz bir az ona oxşayırsınız. Dedi ki, ola bilər. O, öz adını Aqşin Yenisey kimi təqdim etmədi. Mən dözə bilmədim və üçüncü dəfə ora getdim. Mən ona dedim ki, sizin Aqşin olduğunuzu bilirəm və şeirlərin təriflədim.
- Aqşini oxuduqdan sonra sizin şeirlərinizdə yeni dönəm başladı?
- Bəli, mənə təsir etdi. Mən bundan sonra yenidən şeir yazmağa başladım. Bundan qabaq isə kollecdə oxuduğum vaxtlarda yazırdım. Axrıncı ildə mən özümə qəti söz verdim ki, şeir yazmayacam. Anam da mənə deyirdi ki, yaz. Mən isə yazmaq istəmirdim.
- Niyə?
- Şairlik bir sənət deyil. Mənə peşə dalınca getmək istəyirdim. Şeir sadəcə bir istirahətdir. Peşə isə sənin qazanc yerindir.
- Demək sizi Aqşin dəyişdirdi?
- Üstündən 2 ay sonra yazdım. Təkid edən insanlar oldu ki, bəlkə, sən də yazasan. Mən də belə qərara gəldim ki, yazım. Oxuyanlar da dedilər ki, yaxşı alınır. Aqşin mənə məsləhət gördü ki, yazıçıları yaxşı tanımaq üçün onlardan müsahibə alım.
- Məqsəd nə idi?
- Ədəbiyyata xidmət etmək. Mən Sevinc Pərvanəyə, Rasim Qaracaya, Aqşinə suallar göndərdim. Hələ cavab yazmayıblar.
- Necə suallar idi?
- Məsələn, Rasim Qaracaya sual göndərmişdim. “Rüşvətə qarşı mübarizə aparıb rüşvət qazanına soğan doğramaq olarmı?”, Sevinc Pərvanədən soruşmuşdum: “Ümidlərin tükənməsi ümidsizliyin astanasıdır. “Şəhər” romanını yazanda neçə dəfə ümidiniz tükənib?”
- Şeirlərinizin mövzuları nədir?
- Mən daha çox vətənpərlik mövzuları çəkir. Vətənpərvərlik mövzularının içində sevgidən yazıram. Amma mənə məhəbbət mövzusunda daha çox yazmağı xahiş edirlər. Deyirlər ki, sevgidən yazsan daha çox oxunar.
- Kimlər deyir?
- Rəfiqələrim.
- Vətən sizin üçün nə deməkdir?
- Anamı sevdiyim qədər vətəni də sevirəm.
- Kitab buraxmaq haqda nə düşünürsünüz?
- Hələ elə bir fikrim yoxdur.
- Niyə?
- Çünki hələ yeniyəm.
- Şairlərin, adətən, dinə münasibətləri fərqli olur. Sizin münasibətiniz necədir?
- Mənim dinə münasibətim çox yaxşıdır. Dinimə hörmət edirəm. Bəziləri dini gözdən salıblar. Onu terrorizmlə eyniləşdiriblər.
- İnanclısınız?
- İnanclıyam, amma dindar deyiləm.
- Niyə başınızı örtmürsünü?
- Baş örtmək fikrim yoxdur. Buna qarşıyam. Bizim qadınların hamısı başını bağlasa cəmiyyətdə ayrı-seçkilik yaranacaq. Qadınların cəmiyyətdə hüquqlarının müdafiə etmələri mümkün olmayacaq. Başlarını bağlasalar cəmiyyətdən kənar olacaqlar.
Elmin HƏSƏNLİ kulis.az
Комментариев нет:
Отправить комментарий