24.06.2011

“Deyirlər, yeni rola yol rejissorların yatağından keçir…”

   “Kaş, bunu on il əvvəl edəydim...”

Aktrisa Mehriban Abdullayeva ilə müsahibə


“İncəsənətə həvəssiz gəldim...” 

Uşaqlığım Qax rayonunun Ləkit kəndində keçib. Biz üç bacı, üç qardaşıq. Çox vaxt evdə tək qalardıq, anam, atam iş başında olardılar. Halal zəhmətlə dolanırdıq. Uşaqlıqdan hamımız özfəaliyyət dərnəklərində çıxış etmişik, amma aktrisa olmaq heç birimizin ağlına belə gəlməzdi. Elə bilirdim ki, o sənətin adamları adi insanlar deyil, əlçatmazdırlar. Mən onlardan ola bilmərəm, mən hara, aktrisalıq hara? Məktəbi yaxşı başa vurmuşdum, həkim olmaq istəyirdim, birinci il kəsildim, ikinci il anam xəstə idi, ailədəki vəziyyət hazırlaşmağıma imkan vermədi.

Bir sinifdə oxuduğum qız mənə təklif etdi ki, gəl bir yerdə İncəsənət Universitetinə gedək, oxuyursan, oynayırsan əsl sənin yerindir. Mən də düşündüm ki, gedim də, Tibb Universitetinə qəbul ondan sonradır, sonra ora verərəm. Gəldik, o sənədlərini Musiqili Komediya fakültəsinə verdi, mən də onun kimi. Birinci imtahan, ikinci imtahan, bir də gördüm qəbul olunmuşam. Sənət imtahanında Nəsir Sadıqzadə dedi ki, gərək sən kino aktyorluğa gələydin. İnanırsınız, ikinci kursun yarısına qədər elə bilirdim ki, mənə deyəcəklər ki, bura sənin yerin deyil, dur get.

İkinci kursdan sonra düşüncələrim tamam dəyişdi, sənət dərslərinə həvəslə, yanğı ilə yanaşırdım. Televiziya ekranlarından tanıdığım sənətkarlar indi mənə dərs deyirdilər, sözlərini, tövsiyələrini içimə çəkirdim. Elə böyük maraq yarandı ki, məndə teatra, elə bil arzum bu imiş.

“İndi o vaxtkı kimi saf deyiləm...” 

Dram tamaşalarına marağım çox idi, rejissorlar da deyirdilər ki, sənin yerin dramaturgiyadır. Faiq Zöhrabov ilk dəfə “Nakam qız”da Sona obrazını verdi. O da təxminən “Solğun çiçəklər”də Sara obrazına bənzəyirdi.

“Solğun çiçəklər”dəki Sara mənim taleyimdə rol oynadı. O bir televiziya tamaşası idi. Hər bir aktyorun ilk möhür vurduğu rol onun taleyini müəyyən edir. O rola özüm indinin özündə də baxa bilmirəm, elə bilirəm çox səhvlər etmişəm, amma tamaşaçılar məni küçədə də Sara kimi tanıyırlar. 25 ildir bu sənətdəyəm, 45-dən artıq obraz oynamışam, Saradan qat-qat yaxşı obrazlarım olub, amma Sara vizit kartım oldu. Çoxdandır heç ekranda da göstərilmir, di gəl unudulmayıb. Bu rol və o tamaşanın rejissoru Ağakişi Kazımova Sara obrazına görə çox minnətdaram. Sevmədiyim, ifamı bəyənmədiyim bir rol illər sonra özümün də sevimli obrazıma çevrildi. 23 yaşımda oynamışdım, Saranı, daxilən əsl Sara idim. Onun kimi saf, sadəlövh, həyatı çəhrayı görən idim. İndi o obrazı oynaya bilmərəm, çünki illər, həyat adamı çox dəyişir, indi daha təcrübəliyəm. İnsanın üzünə baxanda, bircə kəlməsindən onun hansı fikirdə olduğunu başa düşürəm. O vaxtlarsa hamını özüm kimi bilirdim, kimin hansı addımının arxasında hansı niyyət durduğunu bilə bilməzdim.

“İnsanlara inamım da mənə maneə olub...” 

Elə olmağım məni çox zərbələrə düçar etdi. İndi də bəzi şeyləri edə bilmirəm. Məsələn, ekranlarda elə adamlar, aktrisalar özlərini gözə soxur, sinələrindən sökürlər məəttəl qalıram. Mən heç vaxt özümə sığışdırıb özümü irəli verə, namizədliyimi verə bilmərəm. Məni çəkin, məndən müsahibə alın deyə bilmərəm. Amma şahidi oluram ki, belə etməklə özlərini gündəmdə saxlayırlar, üzdə olurlar. Bacarmaram, bilmirəm yaxşıdır, ya pis, amma beləyəm.

İnsanlara inamım da mənə maneə olub. Görünür, bu da böyüdüyüm ailədən gəlib. Ailə mühitində kiminsə bir başqasının ayağının altını qazmasını, tutub geri çəkməsini görməmişdim. İnstitutu qurtarandan sonra iki il Azdramaya gedib-gəldim, məni aktyor ştatına götürmədilər. Bu da mənə bir zərbə oldu. Yeganə dayağım, depressiyaya düşəndə əlimdən tutub çıxardanım Ağakişi müəllim oldu. O, mənim gözlərimi həyata açdı ki, diri gözlü bax, bax ki, olanların arxasındakı ola biləcəkləri də gör. Teatrı harda görmüşdüm, teatrı da mənə anladan Ağakişi Kazımov oldu. İnstitutda əl üstündə gəzdirirdilər ki, istedadlıdır, amma teatra düşdüm az qalırdılar nəhəng bir əjdaha kimi ağız açıb udsunlar məni.

İnstitutda mənə demişdilər ki, səni burda saxlayacağıq, təyinata qol çəkmək gələndə gördüm Şəki teatrı yazılıb. Baxdım təyinat verənin üzünə qayıtdı ki, qol çək sonra düzəldərik. Onda bildim ki, adamın üzünə gülüb arxada başqa işlər görmək də olarmış. Mənə səni burda saxlayacağıq deyib, aldatmağın arxasında başqa niyyətləri həyata keçirmək dururmuş. Bunların hamısından məni Ağakişi Kazımov qorudu.

Anam hərdən gəlib yanımda qalır, görür ki, səhər teatra gedib axşam, gecə gəlirəm evə. Kənd adamları bizim həyatın çətinliyini də elə bunu zənn edir ki, səhər gedib axşam gəlirik.

“O qədər yorğan altında ağlamışam ki...” 

İnstitut illərində də elə məsum idim, ona görə də sevgidən də xoş xatirəm belə qalmadı. O sevgi yönəldi yalnız sənətə, daha kimsəni sevə bilmədim. Həyatı yenidən başlamalı olsam, bu sənətə gəlməzdim. Bilsəydim, bu qədər əzablardan keçəcəm, gəlməzdim bu sənətə. O qədər yorğan altında ağlamışam ki. Evdəkilərə heç nə danışmamışam, istəməmişəm ki, çəkdiklərimdən xəbərləri olsun.

Gizlətmişəm, bu addımı mən atmışam, sona qədər getməliyəm, geriyə yol yoxdur, təki yaxınlarıma dərd olmayım. Nə bilim, bəlkə sənətin bir günahı yoxdur, elə bu da bir taledir. Bu sənətdən tamam uzaq olan bir bacımın elə acı taleyi var ki, mən indi onun dərdini çəkirəm, çıxış yolu axtarıram.

Düzünü deyim, sənət yolunda qurban verməmişəm...amma (duruxur) özüm elə qurbanam da...

Qurban vermədiyim üçün həyatda gecikmişəm. Bir şeyə sevinirəm ki, çox çətinliklərdən keçmişəm, amma nə qazanmışamsa özüm qazanmışam. 25 ildir öz işimlə məşğulam, hələ heç bir fəxri adım yoxdur. Gözləmirəm də, gözüm yoxdur. Hər dəfə yeni, uğurlu bir obraz mənim üçün nəyə desən dəyər.

Qazancım həyat təcrübəmdir, həyat indi mənim üçün daha rahatdır, çünki insanların xislətini bilirəm. Görünür, müxtəlif xarakterlər yaratmaq müxtəlif xarakterli insanları anlamağa kömək edir.

Deyirlər, yeni rola yol rejissorların yatağından keçir, mən bunu görməmişəm. Heç vaxt heç bir rejissordan rol istəməmişəm. Bir də görmüşəm ki, adım siyahıda divardan asılıb.

“Adım çıxanla nikah qurdum...” 

Ağakişi Kazımov mənə həm sənətdə, həm də həyatda dəstək olub. Baş rolları mənə o verib, amma mən onun tamaşalarında kütləvi səhnəyə də həvəslə çıxırdım, çünki onda da nə isə öyrənirsən. O, adam sənətinin o qədər vurğunudur ki, heç bir aktyor onun tamaşasında səhnədə boş qalmır.

Eşidirdi ki, onunla mənim haqqımızda söz-söhbət gəzir, mənə deyirdi ki, başını sal aşağı, işinlə məşğul ol. Bəlkə də onun böyüklüyü bundadır. Bu barədə heç vaxt açılmazdı. İndi bilirəm ki, o, da o söz-söhbətlərdən əziyyət çəkib, amma üzə vurmayıb.

Onunla mənim haqqımda yayılan dedi-qodunun heç bir əsası yox idi. İndiyə qədər bu barədə nə o, nə mən danışmamışıq. Hər gecə ağlayırdım. Ola bilər ki, məhz bu şayiələr ailə qurmağıma maneə oldu. Eşidirdim ki, haqqımda maraqlananı elə teatrın qapısından yola salıb kimlərsə, amma ona təəssüflənmirəm, çünki həqiqi sevən sona qədər gedər, yarıdan qayıtmaz.

Bu gün o əsasız söz-söhbətlərin səbəbkarı olan adam həyat yoldaşımdır. Biz artıq beş ildir nikahdayıq. Çox böyük səhv etmişəm ki, onunla on, on beş il əvvəl deyil, beş il əvvəl evləndim. Kaş, elə o vaxt o yersiz söhbətlər yayılan vaxt evlənəydik. Onsuz da Ağakişi Kazımovu ailəsi atıb getmişdi. Ona qarşı olan sevgim tamam başqa bir şeydir. Ağakişi ilə saatlarla, günlərlə, illərlə durmadan söhbət edək bezmirik. Sözsüz anlayırıq bir-birimizi. Yaş fərqi məni qorxutmur, onun yaşı 75-i keçib, mənimki 45-i. Yalnız ona peşmanam ki, çoxdan evlənməmişik, indi övladlarımız olardı, illəri bada verməzdik. İndi ana ola bilmirəm, 10 il əvvəl ola bilərdim. Bəlkə, nə vaxtsa yalqızlıq hiss edəcəyəm, indi yanımda olan adamla bunu yaşamaq mümkün deyil. Evdə iş-gücümü görürəm, birdən hiss edirəm ki, o, gəlir və qapı döyülür. Bu qədər bizim daxili yaxınlığımız var.

Taleyi dəyişmək olmur. Bir ara çox istədim hər şeyi dəyişim, gördüm hara gedirəmsə yolum səmtini dəyişir, geri qayıdır. Bu da taledir, şükür. Həkim olmaq istəyirdim, adi, sıradan biri, sənətdən tam uzaq olan biri, olmadı. Belə yazılıbmış...

                             

Ramilə Qurbanlı            kulis.az

Комментариев нет:

Отправить комментарий