24.06.2011

Elnaz Eyvazlı. Şeirlər


Səni istəyirəm,
Hamını vermişəm yuxuya,
Nə bir səs var, nə hənir.
Gözlərim qaralır,
Başım gicəllənir.
Hələ əlim dəyməyib sənə,
Hələ adiləşməmisən mənim üçün.
Gözümün yaşını tökməmişəm üstünə,
Hələ ağlamamışam sənin üçün...
Səni istəyirəm,
amma gecənin bu vaxtı
Bütün marketlər bağlı,
Sən hansısa piştaxtada
Yanırsan bir cüt dodaq,
Bir udum nəfəsdən ötrü.
Səni kimsə alacaq səhər,
Aparacaq harasa.
Bəs mən kimdən istəyim səni,
Kimə deyim:
Bağışla, siqaretin varsa...

*************

Sən gəldin,
qaldırdım başımı,
baxdım göylərə.
Asiman nə gözəlmiş!
Hava açıldı,ağaclar çiçəklədi,
rənglər dəyişdi.
Yarpaqlar yaşıl,
güllər çeşid-çeşid.
Sanki kimsə:- eşit,
- dedi- sən indi doğuldun.
Həyat budur.
Gah ağladır, gah ovudur.
Və sonra...yenə hər şey dəyişdi.
Amma əvvəlki kimi də olmadı.
Ölmək,yaşamaqdan sonra çətinmiş.
Yoxsa, nə var ölməyə?!
Anladım ki, yaşamaq
iki kəlmə sözün əlindəymiş:
"SƏNİ SEVİRƏM!"
Bunu sən də deyə bilərsən.
De və iki kəlmə qədər yaşa.
Sonra...özün bilərsən.

********

Mən tək, onlar dörd,
hərəsi bir tərəfdən
üstümə-üstümə gələr.
Qaralınca hava,
çıxınca Ay,
yenə də lay-lay
boylanıb üzümə-üzümə gülər.
Yığılıb yumağa dönərəm,
əllərim başımın üstündə,
başım tavanın altında,
tavan
başıma-başıma uçar.
Mən tək, onlar dörd,
səsləri gəldikcə gülər.
Qonşu döyər divarı:
- Saat üçdür, yatın, - deyə.
Sonra da öz-özünə:
- Görəsən, gecə vaxtı
nəyə gülürlər, nəyə?
- deyər,
divarı bir də döyər...
Sənə nə var, dost,
sənə nə var.
Mən tək, onlar – dörd divar.

***********

Yoxluğunu
birnəfəsə başa çəkmək,
üstündən
bir qurtum duzlu göz yaşı içmək.
Və...hıçqırmaq.
Hıçqıra-hıçqıra ağlamaq.
Sonra da...
Sonra da bunları
söz kimi qaytarmaq.
Qan qusana qədər.

**************

Damarımdan çəkdiyin qanı
üç günə yoxlayıb:
“heç nə yoxdu,”- dedin.
Bəs necə yoxladın ki,
cəsarət çıxmadı?
Necə yəni heç nə yoxdu?
Bəs bu qədər yük,
bu qədər ağrı?
Hara gedəcək bunun axrı?
Çıxmadı, bir də yoxla.
Olmadı? Saxla,
göndər İngiltərəyə.
Bəlkə, ingilislər tapa bildi
yaşadıqlarımı qanımdan.
Tapıb təmizlədilər, bəlkə,
bu ağrı çıxdı canımdan.

Комментариев нет:

Отправить комментарий