19.06.2011

Qazaxdakı Selincer tərcüməçisi


Bəxtiyar Hidayət


Bir dəlinin hekayəsi 
Bizim tərəflər, şair Moşu demiş, “sazsız olmer”. Amma indi sizə desəm ki, Qazaxda elə bir adamı var ki, “arxivində” saz yox, “Led Zeppelin”, Stivi Uander, “Commeders”, “Deep Purple”, Klif Riçard, “Magnetik Bend”, “Karnaval” rok qrupu və müğənninin yüzlərlə köhnə vallarını “saxlayan” bir nəfər qazaxlı var, yəqin ki, sizlərə biz az qəribə gələcək. Burda dırnaq işarəsi heç də təsadüfi deyil. Əslində arxiv yoxdur. Bu köhnə vallar sırf təsadüf nəticəsində toz-torpaq içində günümüzə gəlib çatıb. Bu valları oxutmaq üçün o şəxsdə heç patefon da yoxdur. Ümumiyyətlə, o şəxs dünyanın ən bədbəxt adamıdır.

Təxminən on il əvvəl onun arxivinə baş çəkmişdim. Bəlkə də on kitabliq tərcümələri vardı.
***
Bu şəxs Nazim Cəfərovdur. Vaxtilə Selincerdən, Aqata Kristidən, Steynbekdən tərcümələri ilə məhşur olmuşdu. Məncə, adını çəkdiyim üç müəllifdən iki tərcümə kitabı da var. O vaxt deyirdi ki, iki tərcümə kitabı da “Azərnəşr”də öz çapını gözləyir. Və onu da deyirdi ki, camaat imzamı Nizami Cəfərovla qarışıq salır.
Amma indi “arxivində” heç nə yoxdu. Sanki bu adam heç nə yazmayıb. Çap makinası da yoxa çıxıb. Nazim Cəfərov özü isə artıq ağlını itirib. Danışığı rabitəsizdir. Bir ayağı dəlixanada, bir ayağı gordadır, son günlərini yaşayır.

Nə qədər etdimsə, onu haqqında yazı yazmağıma razı sala bilmədim. “Hörmət etmək istəyirsənsə, bir çay al”, - dedi.
Əzizlərim, bu adam 10 ilə yaxın AYB-nin Qazax zona şöbəsinin binasında yaşayıb. Barat Vüsalın kabineti ilə onun yaşadığı otağı cəmi bir metr məsaf ayırırdı. Amma bunun Nazimə heç bir xeyri olmadı. Əksinə, ara yerində “Maye adam” adlı fantastik janrda yazdığı bir roman da it-bata düşdü. Nazim Cəfərov romanı Barata vermişdi ki, bax qiymət ver. Sonralar Barat istədi ki, özünü də müəllif kimi təqdim etsin. Nazim də buna razılıq vermişdi. Onda nə qədər etdimsə, Nazimi başa sala bilmədim. Sanki adam öz yaratdıqlarını özü də məhv etməklə həzz almaq istəyirdi. İndi ağlının bir balaca özünə gəlməsini görüncə romanı soruşuram ki, necə oldu o roman?

Cavab verir ki, Barat deyir, romanı qaytarmışam sənin özünə. Amma ortada heç nə yoxdur. Deyəsən, Nazimin bu halından istifadə edən Barat romanı çırpışdırıb.
***
Bir ümidim vardı ki, Nazimin “arxivindən” nəsə tapacam. Özü isə artıq məni görüncə hiss edirdim ki, aradan çıxır. İstəmir ki, kimsə onun haqqında nəsə yazsın. İstəmir ki, kimsə onu axtarsın. Tam tənha bir həyat yaşayır. Buna görə də heç imkan vermədi şəklini çəkməyə. Qaçdı məndən. Mən də eləmə tənbəllik, onun əmisioğlu ilə getdim yaşadığı yerə. Qapısında 40 qəpiklik bir qıfıl vardı ki, bu tip qıfıllar bir az keçdikdən sonra xarab olur və başqa açarla da açılır. Bir növ istənilən 40 qəpiklik açar düşür bu tip qıfıllara. Amma orası var ki, lap qızıl açarla da Nazimin “qəbul otağına” keçə bilməzsən, əgər özü istəməsə.

Beləsə də içəri keçdik. Otaq çox böyükdü. Qışda soyuq olmasın deyə sellofanla ortadan kəsilib. Çarpayısına baxınca türmənin yorğan-döşəyinə şükür oxudum. Tez cemodanlara cumdum ki, nəsə ola bilər. Amma çifayda - hamısı boş idi. Hətta yazı makinasının “qabı” da – diplomat da bomboş idi. Bütün qutuları kor it motal eşən kimi eşələdim. Amma hamısında kif iyi verən pal-paltardan başqa heç nə yoxuydu. Axı bu qədər kağız-kuğuz hara yoxa çıxdı. Otağında soba da yoxdu ki, deyəsən qışda yandırıb. Kim apardı bu xəzinəni?
***
Nazim Cəfərov elə-belə adam deyil. Məhz o yazıb Quzey Azərbaycanda Məmməd Əmin Rəsulzadə haqda ilk kitabı. İndi bu kitabdan da bircə nümunə yoxdu otaqda və yaxud ortada.
Alayarımçıq xatırlayıram o kitabı – kimdənsə alıb sadəcə vərəqləmişdim və inanın o vaxt elə bilmişdim ki, kitabı Nizamı Cəfərov yazıb. Çünki kitabda şəkli yox idi Nazimin. Bu kitabda Məmməd Əminin 1914-1917-ci illərdəki fəaliyyətindən bəhs edilirdi.

Və bir də Nazimin bir şəkil albomunu xatırlayıram. Albomun girişində isə Tofiq Bayramın “Evimizə qayıdırıq” şeiri hansısa qəzetdən kəsilib yapışdırılmışdı. Həyat yoldaşlarının işdən gəlməsini səbirsizliklə gözləyən qadınlar da təsvir olunmuşdu o şeirdə. İkicə misra xatırlayıram o şeirdən:

“Gözləri qaraldı yol gözləməkdən
Pəncərələr eynək şüşəsi oldu...”

Bəlkə də belə deyildi o misralar, amma mənim yaddaşımda belə qalıb.

İndi Nazımın evi yox ki, evinə qayıtsın. Qadını yox ki, onun yolunu gözləsin. Evi də dağılıb, ailəsi də. Əlyazmaları da itib, şəkil albomu da, ağlı da. Yalnız köhnə vallar qalıb. Onları da oxutmağa patefonu yox.

Günlərini Qazaxın Mütəfəkkirlər Parkında o yan-bu yana dövr etməklə keçirir bu mütəfəkkir. Və hamı da bu Mütəfəkkirlər Parkında bu canlı mütəfəkkirə dəli kimi baxır. Amma əslində, düz də edirlər – adam artıq dəlidir.

Bəlkə də bu onun cəzasıdır. Necə olur axı, bu saz-söz yurdunda aşığa qulaq asmayıb da, Zeppelinə qulaq asasan. Axı Hüseyn qağa sazdan doyub caz dinləyənə “beyni caz kopayoğlu” deyib.

“Nazim niyə bu günə düşdü” sualına bəlkə də min cavab vermək olar. Eləcə də Nazimin bu hala gəlməsinin nədəninə aid min sual vermək olar.

O min sualın bir cavabı var – Nazim fərqli insandır. Çünki hamı kimi deyil, o yazardır.

Həm də qorxudur məni Nazim. Yaradıcılığa təzə başlayanda Səməd Vurğun kimi şöhrətli olmaq istəyirdim. Amma deyəsən sonda Nazim kimi dəli olacam. Onda mənə çay alarsınız, əziz oxucular!

Комментариев нет:

Отправить комментарий