Tənqidçi, ədəbiyyatşünas, yazıçı, filologiya elmləri doktoru Rəhim Əliyevlə tənqidçi Tehran Əlişanoğlunun söhbəti
Tehran Əlişanoğlu
T.Əlişanoğlu: 1970-1980-ci illərdə Rəhim Əliyev adı, imzası gələndə ədəbi tənqidimizdə məxsusi bir obraz, söz, mövqe sahibi göz önündən keçirdi. 1990-cı illərdə Rəhim Əliyev daha çox qalmaqal yaradan bir ad kimi yadda qalmış. Bu gün Rəhim Əliyev ədəbiyyatşünas-alim, nəzəriyyəçi, Cənubi Azərbaycan ədəbiyyatının tədqiqatçısı, professor-müəllim: son üç ildə üç təzə kitab ortaya qoymuş… amma az qala Adı unudulmuş. Sizcə, bir insan ömründə necə həyat yaşayır?
R.Əliyev: Düz deyirsən, 70-80-ci illərdə mənim mövqeyim var idi. Amma mən o mövqeyi sən deyən kimi yüksək saymıram. Mən o zamanlar da ələ keçdikcə Avropa ədəbi-nəzəri fikrini oxuyurdum. Niyazi Mehdi Moskvadan gətirdiyi kitablardan bizə də ötürürdü. Yavaş-yavaş başa düşürdüm ki, bizim 70-ci illərin sonunda “Azərbaycan” jurnalında gördüyümüz ədəbi gənclik istedad miqyasına görə ortabab adamlardır. Onların yazılarında təzəlik işartıları vardı. Amma bir baxaq, onlardan ədəbiyyatda kim hadisə olan əsərlər yazıb? Mən o zaman anladım ki, bu – ədəbi proses deyil. Necə ki, Mehdi Hüseyn, Əli Vəliyev, Məmməd Rahim, Rəsul Rza və b. ədəbi proses deyildi.
Mən 70-ci illər lirikası haqqında namizədlik dissertasiyası yazdım, ayrıca kitab kimi çıxdı. Mövzunu rəhmətlik Yaşar (Yaşar Qarayev – red.) təklif eləmişdi. Amma mən bu işi gördüyümə peşmanam, çünki bu kitabın nədən bəhs etdiyi indi də mənə aydın deyil. Ona görə ki, orda yazdıqlarımın ədəbi prosesə dəxli yoxdur. Ədəbi proses Belinski Puşkindən yazanda ortaya gəlir, Nekrasov iyirmi altı yaşlı Lev Tolstoyun rus ədəbiyyatını çevirəcəyini deyəndə vicuda gəlir. Ədəbi proses ölüsü sahibsiz qalan M.F.Axundovdur, M.Ə.Sabirdir, C.Cabbarlı və Səməd Vurğundur. Yəhya Seyidov, Şamil Salmanov, Ayaz Vəfalı kimi xidmətçi yazarlar, piyada akademiklər, özünü tapmayan qrafomanlar minlərlə kitablar yaza bilər. Bunun ədəbi prosesə dəxli olmaya bilər. Mən “Ədəbiyyat qəzeti”ndən gedəndə ilk növbədə belə “ədəbi proses”də iştirak etmək istəmirdim. İyrənmişdim. Kim istəyir, özü bilər. Ədəbi proses elə əsərlərlə, yazıçılarla dialoqdur ki, o səni ədəbiyyatın həmişə diri dəyərlərinə aparıb bağlayır. Mən bu dəyərlərlə dialoqa can atıram. Ucuz populyarlıq mənim üçün maraqsızdır, mən bu yolu 30 yaşında keçib ondan imtina etmişəm.
Mənim bəzi yazılarım, düz deyirsən, qalmaqal yaradıb. Hesab edirəm ki, hər qalmaqalın mahiyyəti olub. 1980-ci illərin sonlarından Azərbaycanda ictimai rəy yoxdur. Olsaydı hər gün rüşvət alanlar hər gün ekrandan millətdən danışa bilməzdi, cəmiyyət onları qəbul etməzdi. Ona görə mən yazmadım. Cəmiyyətdə doğru sözün yerini pul hərisliyi, tayfabazlıq qarası tutmuşdu. Mən də yazmırdım. İndi yazıram, amma “ədəbi proses” üçün yazmıram. Özümü ifadə edirəm, həyatımdan fənanı qovmaq istəyirəm. Heç kəsə maneçiliyim yoxdur. Heç bir kitabım haqqında rəylər təşkil etməmişəm. İstəsəm, əllisini təşkil edərəm, yolunu bilirəm. Deyirsən ki, mən son üç ildə çıxan kitablarımda nəzəriyyəçi olmuşam. Mən mətbuatda çıxan birinci yazımdan nəzəriyyəçi olmuşam, bu mənim özümü ən yaxşı hiss etdiyim bir yerdir. Mübahisə yeri görmürəm. İncimə, mən siz deyən ədəbi prosesdə iştirak etmək istəmirəm. Bunda məna görmürəm.
T.Əlişanoğlu: Məqalələrinizin birində bizdə yazıçılığa istedadla gələn, amma sonradan istedadı inkişaf etməyən yazıçılar haqda danışmısız. Amma sizin özünüzün də yazıçılığınız var, hətta “Bütövlənməyən borc” nəsr toplunuz (1995) maraqla qarşılanmışdı…
R.Əliyev: Ədəbiyyat adamlarının çoxu mənim yaşıma gələndə bu barədə yəqin düşünürlər. Tənqidçi kimi yaxşı saydığım hər şey haqda yazmışam. Qəzetçilikdən gedəndən sonra az yazıram, çünki dediyim kimi, ədəbi prosesdə məmur əxlaqı üstünləşdi. Hətta sovet vaxtı məmurlara mətbuatı inhisara almağa imkan və icazə verilmirdi. Amma yenidənqurma ərəfəsində məmurlar ədəbi və partiya mətbuatını inhisara aldılar. Çünki partiyanın öz inhisarı laxlamışdı. Yazıçılar İttifaqının katiblərinin yubileyləri Leninin yubileyindən böyük həcmdə qeyd olunmağa başlandı. Bütün mətbuat vəzifədə olan məmurların tərənnümünə başladı. Bu vəziyyətdə vicdanlı tənqid aciz qaldı və mənasız oldu. Çünki səsi eşidilmirdi. Əvvəla, ona görə ki, müstəqil fikir üçün tribuna qalmadı. Elə indi də Azərbaycanda müstəqil qəzet demək olar ki, yoxdur, deməli, müstəqil tənqid üçün də yer yoxdur.
Nəsr məsələsində məsələ başqadır. Mən öz nasirliyimdən o qədər də razı deyiləm. Az yazmışam. Yazıçılığa lazım olan fanatizm məndə yoxdur. Mən yazmağa həvəsi nəzərdə tuturam. Əsil yazıcı, görünür, yazmağı həyatın bütün feyzlərindən yüksək tutmalıdır. Mən bunu bacarmıram. Əsil yazıçı şüurlu olaraq əzabkeşlik yolunu tutur. Yazıçılıq misilsiz bir ağır zəhmətdir, qeyri-adi güç tələb edir. Mən özümdə bu gücü tapmıram. Amma yazmaya bilməyəndə yazıram. Bu, tarantasla, fəna ilə mübarizədir mənimçün.
Amma bizdə istedadla başlayıb, yumşaq desək, ortabab qurtaran yazıçılar çoxdur. İsa Hüseynovdan Əlibala Hacızadəyə və Əkrəm Əylisliyə qədər buna az-çox misal sayıla bilər. Məncə, onlar yetkinlik illərində ilk əsərlərindəki istedad işartılarına uyğun əsərlər yaza bilmədilər. İsa Hüseynovun əsərləri digərlərindən yaxşıdır, amma 1958-ci ildə yazılan “Yanar ürək”dən yüksək bir şey ortaya gəlmədi. Əkrəm Əylisli də “Adamlar və ağaclar”dan güçlü əsərini, hadisə olacaq romanını yazmadı. Mən bizim çoxlu yazıçıların belə yaradıcılıq taleyini indi bir şeylə izah edirəm. Bizim milli həyatımız: iqtisadi, siyası və şəxsi planda həddən artıq bəsitdir. Bu mühitdə istedad dərinləşə bilmir, həyatın incəliklərinə vara bilmir. Elə indinin özündə də bizim ictimai həyatda əsas süjet və yüksəliş səbəbi qabiliyyət yox, fantasmoqorik miqyaslı yaltaqlıqdır. Qərbdə şəxsiyyət olmasan, heç nəyə nail olmazsan, heç kim səni ciddi qəbul etməz. Bizdə isə, əksinə, sən şəxsiyyətsənsə, iddialısansa, sənə yer yoxdur. Mütləq yaltaq maskasını taxmalısan. Yəni mənəvi cəhətdən ölməlisən ki, maddi cəhətdən ölməyəsən.
İndi Seymur Baycan, Qanturalı, Rafiq Tağı, Rasim Qaraca kimi yazarlar bu qaydaya müqavimət göstərirlər. Rafiq Tağını nə üçün həbsə atdılar, çünki müstəqil qələm adamı kimi yazmağa başladı. Mühit onu cəzalandırdı. Elmar Hüseynovu isə mühit öldürdü. Mən bütün müstəqil jurnalistlərə və yazarlara uğurlar diləyirəm. Amma nigaranlığım da çoxdur onların taleyindən… Qəribə cəmiyyətdir: Qərb dəyərlərini mənimsəmək olar, amma onlarla yaşamaq olmaz. Bəlkə əfqan dehqanları kimi gözübağlı olmaq daha yaxşıdır…
T.Əlişanoğlu: Bəs onda bir peşəkar kimi öz dövrünüzün ən yaxşı yazıçıları kimi sayırdız?
R.Əliyev: Mirzə İbrahimovu, Əzizə Cəfərzadəni, Əlibala Hacızadəni, İsi Məlikzadəni və Afaq Məsudu, Sabir Azərini. Mirzə müəllim haqqında öz sağlığında yazmışam. Əzizə Cəfərzadəni isə təəssüf ki, sonradan oxudum. O tarixi-bioqrafik nəsrin yaradıcısı idi. Heç zaman özü haqqında məqalələr təşkil etməyib, bəlkə özü də yazdıqları haqda yüksək rəydə olmayıb. İsi Məlikzadə haqqında sağlığında yazmışam. Amma son vaxtlar onu ardıcıl, tam oxudum. Etiraf edim ki, o zaman mən özüm də İsinin böyük yazıçı olduğunu təsəvvür etmirdim. Onun “Gümüşgöl əfsanəsi” əsəri klassik bir əsərdir, müasir ədəbiyyatımızda hadisədir. Ümumiyyətlə, rayon mərkəzini təsvir edən silsilə povestləri də həyat həqiqətini dərindən görmək baxımından yaşıdlarının hamısından yüksək bir qələmin məhsulu idi. Heç kəs mənim yaşadığım dövrü İsidən yaxşı yazmayıb. O da özü haqda heç bir yazı təşkil etmirdi. Afaq Məsud isə öz həyat biliyinə və materialına görə bizim nəsrdən və cəmiyyətdən çox-çox qabaqdadır. O, XX1 əsrin yazıçısıdır. Onu qiymətləndirəcək tənqid gələcəkdə yetişəcəkdir.
T.Əlişanoğlu: Belə görünür, Rəhim Əliyev yaradıcılığında ikinci gənclik dövrünü yaşayır. “Taleyin sözü” kitabında 30 illik tənqid fəaliyyəti ilə yanaşı C.Cabbarlı irsi ilə, Cənubi Azərbaycan ədəbiyyatı ilə bağlı araşdırmalar, “XX əsrin birinci yarısında Cənubda anadilli ədəbiyyatın inkişafı” monoqrafiyası yer alıb. Vaxtilə “C.Cabbarlının yaradıcılıq təkamülü” monoqrafiyanız çap olunub. 2006-cı ildə çıxan monoqrafiyanız isə Nəsimidən və Nəsimi dövründən bəhs edir. Ədəbiyyatşünaslıq marağınızın belə geniş üfüqlərə açılması nə ilə bağlıdır?
R.Əliyev: Hər yaşın öz maraqları, vərdişləri var. Mən nə pul üçün, nə də şöhrət üçün yazmıram. Mən monoqrafiyalarımı işlərkən, yazı prosesində də bilirdim ki, bunların sizin ədəbi prosesdə oxucusu yoxdur. Amma mən özüm üçün yazırdım. Yazı prosesi mənim üçün maraqlı idi, həzz alırdın, günlərin, aylarım məna ilə dolurdu. İkincisi, 1986-ci ildə C.Cabbarlını da yazanda mən özümü ifadə edirdim. Hətta onu da bilirdim ki, elmi şura üçün, şöbə hesabatı üçün yazmaq boş şeydir, yazıb özünü ifadə etmək isə bir qismətdir, yaddaşımda gedən xoşbəxt işartıdır. Bir cümləsini dəyişmədən kitab kimi buraxdırdım və müdafiə də etdim.
Bir fikri olan adamlar var, bir də alimlər var. Alim yüz kitab oxuyub onun suyundan təzə kitab yazır. Fikri olanlar isə özlərinin dünyanı necə gördüklərini yazırlar. Mənim üçün bu maraqlıdır, buna can atıram. İkincisi, mən ancaq yazı prosesində mənə feyz verən məsələlərdən yazıram. Cənub barədə yazdıqlarım isə plan işləridir. Allah Mirzə İbrahimovu rəhmət eləsin. Qəzetdən akademiyaya gedəndə Məmməd Cəfərin (məşhur tənqidçi, o zaman Nizami adına Ədəbiyyat İnstitutunun direktoru – red.) yanına getdim. Dedi ki, ştat yoxdur. Mirzə müəllimə müraciət etdim. O hər işin yolunu bilirdi, mənim üçün Elmlər Akademiyası prezidentindən ştat aldı və mən qəzetdən (uzun illər tənqid şöbəsinə rəhbərlik etdiyi “Ədəbiyyat və incəsənət” qəzetindən – red.) çıxdım. Sonra Mirzə müəllim mənə X1X əsrin birinci yarısına dair icmal yazmağı tapşirdi, planıma salındı. Mən o böyüklükdə kişiyə demədim ki, X1X əsr hara, tənqidçi Rəhim Əliyev hara. Amma ürəyimdə fikirləşdim və oçerki yazdım. İndiyəcən Mirzə İbrahimova dua eləyirəm. O oçerki yazanda ədəbiyyat tarixinin nə demək olduğunu, nə qədər maraqlı və dramatik bir ələm, insan ehtiraslarının meydanı olduğunu anladım. Başa düşdüm ki, “Ədəbiyyat və incəsənət” qəzetində fəxrlə məşğul olduğum ədəbi proses — küllə oynamaq imiş.
Nəsimi haqda yazmağımın da tarixçəsi var. Mən o barədə yazmağa başlayana qədər özümü klassik ədəbiyyatdan uzaq adam bilirdim. Amma 2000-ci ildə Salman Mümtazın Nəsimi haqqında iki səhifəlik məqaləsini oxudum. Qaranlıq zəmanədə yaşamış bu adamda nə qədər sağlam düşüncə varmış! O hürufilərin Fəzlüllahı allah kimi qəbul etdiyinə açıq eyham vururdu. Bu eyham məni sarsıtdı: mənim bildiyim İslamda insanın allahlığına yer yox idi. Əlyar Səfərlinin Nəsimi çapını Nadir Cabbarovdan alıb oxumağa başladım. 2006-cı ildə kitabım çıxdı. Burada mən hürufilərin öz allahlarını necə təsəvvür eləməsini araşdırmışam və bundan zövq almışam. Bu dini fəlsəfədir. Adamlar anadangəlmə müxtəlifdir. Bəziləri yüz kitab oxuyub bir paraqraf yaza bilmirlər. Onlar başqalarının “tənqidçisi” olurlar. Bəziləri iki-beş kitab oxuyub, bir kitab yaza bilirlər. Bu adamlar arasında təbii fərqdir, mən ironiyaliq bir şey görmürəm.
T.Əlişanoğlu: Amma “Nəsimi və klassik dini üslubun təşəkkülü” hec də xoş qarşılanmadı. Nəsimişünas olmadan, klassik ədəbiyyata dair tədqiqatçi olmadan bu işə girişməyiniz mətbu olaraq da təpgi qazandı. Sufizmə qarşı elmi ədəbiyyatın da gərəyincə və gərəyincə mötəbər olmadığı vurğulandı. Bununla belə, burada bir konseptuallıq iddiası var. Çağdaş dövrdən birdən-birə otacağlara, belə məsuliyyətli işə girişməyə sizi nə sövq etdi?
R.Əliyev: Tehran, qardaşım bu sualın tonu lap ittihama, senzuraya oxşadı. Fizulidən, Nəsimidən yazmaq nə vaxtdan məsuliyyətsizlik oldu? Fizulidən heç rus dilini bilməyənlər doktorluq müdafiə edir və sizin “ədəbi proses”də təsdiq olunur. Axı Nəsiminin ana dilimizdə yazması ilə siz və mən fəxr edirik. Məmməd Cəfər müəllim, Mir Cəlal məgər Fizulidən yazanda hansısa normanı pozmuşdu? Axı onlar da şərqşünas deyildilər. Mən Nəsimini ana dilimizdə oxumuşam, Bakı şəhərində çap olunmuş kitablarından istifadə etmişəm. Mən Tehrana, Bağdada getməliydim? İkincisi, mənim kitabım hürufiliyin fəlsəfəsi barədədir, islam haqda deyil. Hürufilik özü müstəqil dindir. Sağlıq olsa, Fizuli dövrü barədə də kitabım çıxacaq. İkincisi, kim kitabı yazır, o tədqiqatçi sayılır. Kitab oxumaq tədqiqatçılıq deyil, o cümlədən çoxlu kitab oxuyan evdar qadınlar. Mənim kitabım sufilik yox, hürufilik haqdadır. Sizin dediyiniz adamlar haqda eşitmişəm, mənə deyiblər. Kimliyini biləndən sonra heç onların iradlarını axtarıb baxmadım. Onlar özləri şərqşünas deyillər. Əsas isə odur ki, bu adamları mən fikir sahibi kimi tanımıram. Ona görə də kimliyini biləndə heç oxumağı da lazım bilmədim. Namaz qılmaq bir şeydir, İslam mədəniyyəti ayrıdır. Dindarlıq dini mədəniyyət monopoliyası üçün əsas deyil. Tehran, sən kitabda konseptuallığı iddia adlandırıb ironiya edirsən. Mən konseptuallıq olmadan heç nə yazmıram. Sizin “ədəbi proses”də bu barədə nə qədər çox ironiya olsa, mənim üçün əhəmiyyəti yoxdur. Mən öz konsepsiyalarımı davam etdirəcəyəm. Zaman ələyər hər şeyi. Kitabı niyə yazdığımı isə yuxarıda izah etmişəm. Üstəlik, “sizi nə vadar etmişdir?” tonunu müasir ziyalı Tehrana yaraşdırmıram və yolverilməz sayıram.
T.Əlişanoğlu: Günün “ədəbi proses”inə bayaqdan bəri istehza eləməyiniz, ən azı, qəribə gəlir mənə. Axı ədəbi proses sizin-mənim istəyimlə olan yox, məhz “ortada olanı”dır. Və mən də necə var, elə ordan yaşı 60-a, yaradıcılıq təcrübəsi də yəqin ki, qırx ilə çatan müdrik bir ədəbiyyat adamına oxucusuna hesabat versin deyə, suallar yağdırıram. Hələ ki, səbr edib, daha bir “hesabat” istəyək. Bizdə ədəbiyyat nəzəriyyəsindən danışan çoxdur, amma son illərdə ortaya bircə “Ədəbiyyat nəzəriyyəsi” (2008) çıxmışdır, müəllifi də Rəhim Əliyevdir. Nəsimi haqda monoqrafiyadan fərqli, bu kitab tam sükutla qarşılandı. Deyim ki, indiyəcən olan nəzəriyyə kitablarından tam fərqli bir əsərdir bu. Məncə, qarışıq və axıracan əsaslandırılmamış mövqe nümayiş etdirir…
R.Əliyev: Əvvəla, kitab sükutla qarşılanmayıb. Onun əsasında proqramlar düzəldilib və mühazirələr oxunur. Mətbu və şifahi rəylər var. İkincisi, son illər professorlar Xalid Əlimirzəyevin, Abbas Hacıyevin, Nazif Qəhrəmanlının, Bakı Slavyan Universiteti Ədəbiyyat nəzəriyyəsi kafedrasının kollektiv kitabı və yadımda olmayan başqaları çıxıb. Nəzəriyyə kitabını yazmağım təsadüfi oldu. Bir gün Teymur Kərimli ilə (AMEA Nizami ad. Ədəbiyyat İnstitutunun direktor müavini- red.) limonad içirdik. Ona zəng gəldi ki, Nizaməddin Şəmsizadə İncəsənət İnstitutundan çıxıb. Onun dərslərini deməyə adam tap. Dedi ki, Rəhim Əliyev deyər. Əvvəl mühazirəni deyir, sonra oturub yazırdım və dediklərimdən beş qat zəngin fikirlər ortaya çıxırdı. Onu yazanda elə bil beynimə işıq gəlirdi. Yazı prosesində elə fikirlər gəlirdi ki, özüm də heyrətlənirdim. Üç il sonra “Ədəbiyyat nəzəriyyəsi” kitabı çıxdı. Sənə bu kitab “qarışıq” gəlir. Olsun. Mən dilin və yazının işarə nəzəriyyəsini sözü gedən kitabda əsas götürmüşəm. Bizdə bunun elmi məktəbi, kafedrası hələlik yoxdur. Amma bir gün mütləq olacaq. Onda sükut pozular, mən səbirliyəm. Bir dostum da dedi ki, gərək rusların kitablarına baxaydın. Guya mən ermənilərin kitablarına baxmışam? Sadəcə mən və siz müxtəlif ədəbiyyat nəzəriyyələri daşıyıcısıyıq… Mən qəzəl, hekayə və s. terminləri nəzəriyyəyə aid hesab etmirəm. Bəyənmirsiz, oxumayın. Əvvəl-axır bir oxuyan tapılar. Sənin “qarışıq və axıracan əsaslandırılmamış” iradına gəlincə, haqlısan. Amma nəzəri tədqiqatlar belə olur. Nəzəriyyədə sübut çox nisbi bir şeydir, problemlərə çoxlu baxış bucaqları mövcuddur. Mən öz konsepsiyamı bacardığım kimi ifadə etmişəm. Fikri ifrat səliqəyə salanda ölür, sxemə çevrilir. Əslində, kitabın konsepsiyası bütün fəsillərdə var: mən semiotik ədəbiyyat nəzəriyyəsi yazmışam. Amma bizdə terminlərin mənasını bilmədən mübahisə edənlər çoxdur. Onları nəzərə aldım. Bu mənim ən yaxşı və əziz kitabımdır, onu yazanda gələn fikirlər özümü də hərdən heyrətə salırdı. Elmi fikirlərimi kağıza köçürməkdən ləzzət alırdım. Hələ onu da deyim ki, onun ikinci fəslini müstəqil kitab kimi yenidən işləmişəm və yaxınlarda çap olunacaq.
T.Əlişanoğlu: Sovet dövrü ədəbi prosesi və tənqidinin bu gün ən ardıcıl tənqidçilərindən biri Rəhim Əliyevdir. Həm də öz tənqidçi imzasının bu sistemin tərkibində olduğunu danmadan. Etiraf gözəldir, amma maraqlıdır ki, ara-sıra çıxışlarınızda bu günün ədəbi durumu eyni kəskinliklə qələminizə tuş gəlir. Bu mövqesizliyə, nihilizmə aparmırmı? Meyarları və ölçüləri bəs hansı praktikadan almalıyıq?
R.Əliyev: Tehran, kəskin nəyə deyirsən? Yazıçılar İttifaqının binasının yarısı satılıb, redaksiyalar isə çardağda yerləşdirilib. Bunu demək olmaz? Ola bilər ki, kimsə belə söhbətləri eşitmək istəmir, böyük məmur-yazıçıların başını sığallayacağı ümidi ilə yaşayır. Ümid yaxşı şeydir, hərə öz taleyini yaşayır. Axı bizim Yazıçılar İttifaqında bolşevik zorakılığı yaşayır. Bunu deməyək? Əxlaqsızlıq, oğurluq və yaltaqlıq ədəbiyyatla bir yerə sığa bilməz. Bunu deməyək? Tehran, əzizim, bir partiyalı Yazıçılar İttifaqı tənqid üzərinə məmur nəzarətinə əsaslanırdı. Bu qalırsa, demək, sovet ab-havası Yazıçılar İttifaqında qalır və müstəqil ədəbiyyatın yaranmasına imkan vermir, ona qarşı xalqın büdcə pulundan istifadə edib cəbhə açır. İkincisi, sovet dövrü ədəbiyyatı ələkdən keçməlidir, yaxşını özümüzlə götürməliyik, pisi isə atmalıyıq və pisliyini açıq deməliyik. Sovet mirasından çıxmaq üçün bu zəruridir.
Bu gün açıq-aşkar iki ədəbiyyat var: birincisi sovetdən qalma məmur ədəbiyyatı və onun nökər tənqidi, ikincisi isə Qanturalı, Seymur Baycan, Rafiq Tağı, Rasim Qaraca kimi müstəqil və kobud yazıçılar. Mən Azərbaycan ədəbiyyatının gələcəyini öz müstəqil sözünü yazan və qoruyan bu kobud gənclərdə görürəm. Bu sənə sərt görünürsə, demək yollarımız ayrıdır. Siz mənə nihilist deyin, mən də sizə məmur əxlaqının ədəbi himayəçisi deyim. Sizin buraxdığınız “Tənqid.net”in son saylarında təbliğ edilən saraya yaxın məmur-akademiklər və bu iddiada olanlar isə bu iki ədəbi prosesin heç birində yoxdurlar. Çünki onların ortada fikri yoxdur. Fikirsiz, mövqesiz yazmaq — qrafomanlıq yoludur. Ədəbi prosesə yol isə fikirdən, həqiqi dəyərli kitablardan keçir. Mən bir çox yazılarımda təkrar-təkrar deyirəm: Dövlətin puluna mövcud olan Yazıçılar İttifaqı müstəqil Azərbaycan ədəbiyyatına düşmən bir qurumdur və məmurlardan başqa heç kəsə lazım deyildir. Orda ancaq büdcə pulu bölüşdürülür. İndi əlavə arqumentlərə ehtiyac yoxdur. Mövqelərimiz ayrıdır. Amma sən bu qurumun sədri olsan, söz verirəm ki, fikrimi dəyişəm.
T.Əlişanoğlu: Təşəkkürlər. Amma yadınıza salım ki, mənim belə bir şansım yoxdur. Birliyin sıralarında altı il olub, hələ 2004-də ordan getmişəm. Sizin Yazıçılar Birliyində stajınız daha çox, 30-40 ildir. Bir tənqidçinin başqa bir tənqidçiyə səmimi “yubiley hədiyyəsi” kimi qəbul etsəz, Yazıçılar Birliyinin sədri olmağı mən sizə arzu edə bilərdim. Amma mən sizdən hələ də beyninizdən çıxmayan ağ-qara rəngli ədəbi durumu soruşmuram, zənnimcə, daha rəngarəng çağımızın mənzərəsi ilə maraqlanıram. O mənzərə ilə ki, adını çəkdiyiniz Tənqid.net də onun bir parçasıdır, bu jurnalda ardıcıl iştirakınıza görə təşəkkürümü bildirməklə, jurnalı müdafiə etmək fikrində də deyiləm. Əslində, “Ədəbi həftə”nin sualı belədir: Sizcə, təklif etdiyiniz “iki ədəbiyyat” düsturundan elə sovet dövrünün “bir mədəniyyətdə iki mədəniyyət” havası gəlmirmi; nihilizm deyilmidir bu?
R.Əliyev: Bir ədəbiyyatda iki, üç cərəyan, xətt ola bilir. Bu canlı ədəbi faktdır, düstur niyə. Bəli, təxminən V.Lenin deyənə bənzəyir. Haqqı dövlətdən ödənən və ödənməyən, yəni müstəqil ədəbiyyat. Hökumətin öz hesabına ədəbiyyat saxlaması rus dövlətciliyindən gəlir.
T.Əlişanoğlu: Axı 60 yaşlı, ömrü ədəbiyyatda keçmiş Rəhim Əliyev nəyin nostaljisini edir, ədəbiyyata, xalqına xidmətləri gərəyincə olmamışmı, yoxsa görüləsi işlərin hələ çox olması qayğılarından?
R.Əliyev: Həyatımızın əsas hissəsini həsr etdiyimiz əsas dəyərlər indi ayaq altındadır. Ədəbiyyat da, elm də, təhsil də məmurların pul mənbəyinə çevrilir… Düşünürsən, onda biz nəyə və nə üçün qırx il xidmət etmişik? Sayıram ki, bacardığımı eləmişəm. Arzularım da coxdur. Sağlıq olsun.
Tehran Əlişanoğlu
Комментариев нет:
Отправить комментарий