20.06.2011

Vidadi İsgəndərli İlham Əliyevə müraciət etdi

“İzn verin biz xalqı da, sizi də girovluqdan azad edək”
Hazırda həbsdə olan hüquq müdafiəçisi Vidadi İsgəndərli ölkə başçısı İlham Əliyevə müraciət edib. Bir nüsxəsi də “Azadlıq” qəzetinə göndərilən müraciət eyni zamanda AXCP sədri Əli Kərimliyə, Müsavat partiyasının başqanı İsa Qəmbərə, KXCP sədri Mirmahmud Mirəlioğluya, ALP lideri Lalə Şövkətə və “özünü müxalifət hesab edən bütün partiyaların rəhbərlərinə” ünvanlanıb.
Müraciətdə yazılıb: “Əvvəla onu qeyd etmək istəyirəm ki, mən heç bir siyasi partiyanın üzvü deyiləm. Hüquq müdafiəçisi olduğumdan əsas vəzifə və fəaliyyətim insan haqlarının qorunmasıdır. Siyasi əqidəsindən, irqindən, dinindən asılı olmayaraq mən haqq-ədalət tərəfdarıyam.
Sözsüz ki, həbsim fəaliyyətimlə əlaqədardır. Bu ayrı söhbətin mövzusudur. Bu barədə ayrı yazı yazacam. Obyektiv olsun deyə prezidentə, müxalifətə, xalqa müraciət edirəm.
Cənab prezident. Bu gün bütün dünyada, xüsusən də ərəb ölkələrində haqsızlığa qarşı demokratiya uğrunda sözün həqiqi mənasında qan su yerinə axır. Mən humanizm baxımından qan tökməyin tərəfdarı deyiləm. Azərbaycanın totalitarizmdən demokratiyaya, hüquqi dövlət quruluşuna, inqilab yolu ilə deyil, dinc yolla keçməsini istəyirəm.
21-ci əsrdə baş verən hadisələr göstərdi ki, özünü dərk edən millətlər, demokratik cəmiyyətdə, hüquqi dövlətdə, qanunun aliliyi təmin olan bir ölkədə yaşamaq istəyirlər. Demokratik düşüncəli qüvvələr də məhz bunu istəyir.
Rəhmətlik Əbülfəz Elçibəyin bir sözü vardı - Hakimiyyət bir ananın göz yaşına dəyməz (bəlkə də çoxları bu sözlərin mahiyyətini başa düşməyəcək).
Bu gün mən Bakı Istintaq Təcridxanasında rüşvətxor-korrupsionerlərin və korrupsiyaya bulaşmış Zakir Qaralovun girovundayam.
05.11.2010-cu il tarixində namizəd kimi Ictimai televiziyada çıxış etdim. O çıxışdan bir sitat gətirirəm: “20 faizi işğal olunmuş bir ölkənin qalan əraziləri ciddi rejimli kalon qanunları ilə idarə olunur. Dövlət məmurları rüşvət və korrupsiya içərisində boğulur. Korrupsiya ilə mübarizə aparan prokurorluq orqanları özü korrupsiyalaşır, meyit alveri edir. Məmurların saxladığı heyvanlar ölkənin ziyalılarından, müəllimlərindən, müharibə iştirakçılarından yaxşı dolanır. Vergi orqanları, nəqliyyat departamenti işçiləri sürücülərə divan tutur. Göyçayın icra başçısı Mənsur Məmmədovun dələduzluq, dövlət əmlakını külli miqdarda mənimsəmə barəsində Ilham Əliyevə məktub yazmışam. 2008-ci ildə Mənsur Məmmədov dələduzluq edərək Qaraməryəm və başqa kəndin sakinlərindən qaz pulu yığaraq on minlərlə manat mənimsəmişdir. Göyçaya su çəkilişi ilə əlaqədar 13 milyon manat yoxa çıxarılmışdı. 2010-cu ildə bələdiyyə hesabından pulu götürərək Almaniyaya istirahətə getmişdi. Mənsur Məmmədov xalası oğlu, nəqliyyat naziri Ziya Məmmədova 100 hektarlıq torpaq sahəsi, dəyəri milyonlarla ölçülən villa hədiyyə etmişdir. Mənsur Məmmədovun cinayəti bununla bitmir. O, ölkə başçısını Göyçaya dəvət edərək guya rayonun su problemini həll etdiyini bildirmiş, hətta lent də kəsdirmişdir. Mənsur Məmmədov Heydər Əliyev mərkəzinin tikilməsi üçün xadimələrdən, müəllimlərdən, həkimlərdən zorla pul yığıb”.
Mən ITV-dəki çıxışımın tam mətnini diskə köçürüb sizə göndərdim. Seçki günü yüzlərlə saxta sənədlər götürüb Avropa Şurasına təqdim etdim. Nəticədə Zakir Qaralov Prezident Administrasiyası ilə məsləhətləşərək elə həmin gün bu işi saxtalaşdıranlar deyil, mənim barəmdə saxta izahat toplayaraq şəxsən özü cinayət işi (159.4.1 və 160.2.1) qaldırdı.
Nazirlərin, icra başçılarının, komitə sədrlərinin övladlarının hər şeyi olsun, xoşbəxt yaşasınlar, bizimkilər (yəni 80%) ac-yalavac, xəstə qalsın.
Yox, yox, yox, belə olmayacaq. Buna nə Allah, nə də qeyrətli Azərbaycan xalqı dözəcək.
Izn verin biz xalqı da, sizi də girovluqdan azad edək. Onsuz da edəcəyik!!!".
Vidadi İsgəndərli

Комментариев нет:

Отправить комментарий