20.07.2011

ROBİNDRONATH THAKUR. ŞEİRLƏR

R. Thakur, 1913-cü ildə Nobel ödülü almış “Gitancali” adlı şeirlər toplusunu, özü nəsrlə ingilis dilinə çevirmişdir. Bu şeirlər isə, “Gitancali” toplusunun 1915-ci ildəki rusca yayınından götürülərək dilimizə çevrilmişdir.

                                                        ŞEİRLƏR

                                                                I
Sən məni, ölümsüz bir varlıq olaraq yaratdın, nə olar, demək istəmin* beləymiş. Sən, bu kövrək qabı, ara vermədən boşaltmaqda, onu, yorulmaq bilmədən  yeni-yeni ömürlərlə doldurmaqdasan.

Təpələri aşdıqca, düzləri keçdikcə, bu kiçik qarğı tütəyi də özünlə gəzdirməkdə, onu,  yeniliyi yenələnməyən** çalğılarınla dilləndirməkdəsən.

Sənin ölümsüzlük yayan əllərinin toxunuşuyla döyünən ürəyimin sevinci aşıb daşmaqda,  ondan, dilə-ağıza sığışmayan sözlər doğulmaqdadır.

Sənin bitib-tükənməyən ərmağanların öz uğracağını aramağında, yalnızca, bu kiçik, ufacıq əllərə enə bilmək amacında, təkcə onlara yaramağında. Yüzillər ötsə belə, Sənin ver əlin yorulası, elə onların enə biləcəyi boş əllər də qurtarası deyil.

*İstəm—iradə deməkdir.
**Yenələnmək—təkrarlanmaq.
                                                                  II
Birdən, Sən mənə şərqi oxumağı buyurursan, ürəyim onurundan* köksümə sığmır;  Göz yaşlarım, Sənin üzünə dikilən baxışlarımın ardınca düşüb gedir.

Ömrümün bütün ağrı-acıları, qara qayğıları biri-biri ilə dadlı bir uyumluqda** çulğaşır—mənim öpözüm(ruhum) isə, o andaca qanad açıb, dənizin üstündə sevinclə qanad çalan quşlar sayağı, uçmağa başlayır.

Mənim şərqilərimin könlünə yatdığını bilirəm. Önündə, başqa  sayaq  duruş gətirməyim yox, mən Sənin qarşına, ancaq şərqilərimlə çıxa bilirəm.

Göyə ucalan şərqilərimin geniş açılmış qanadlarının lap ucuyla, yüngülcə, Sənin ayaqlarını oxşayıram, onlara bir başqa sayaq toxunmağa ürək eləməyim yox.

Sənin adına şərqi deməyin sevincindən doğan çılğınlığımdan, özümü-sözümü unudub, birdən Sənə: Arxadaş!—deyirəm, bu anlarımda Səni belə çağırıram, ey mənim Tanrım!

*Onur—şərəf, qürur anlamındadır.
**Uyumluq—harmoniya deməkdir.

                                                             III   
Mən bimirəm, necə olur, sən belə oxuya bilirsən, ey bilgə!* Mən səni, lal-dinməz bir vurğunluq içində dinləməkdəyəm.

Sənin şərqilərindən saçılan işıq, yer üzünü aydınlatmaqda. Sənin şərqilərindən qopan əsintilər, axın-axın, göy üzünə yayılmaqda. Sənin şərqilərindən daşan qutsal** sellər, yolunu kəsən nə varsa, uçurub dağıtmaqda, durmadan, irəliyə axıb getməkdə.

Könlüm, sənin şərqinə qoşula bimək üçün, yanıb yaxılmaqda, mənim  səsimə güc verməyim də, eləcə boşuna getməyində.  Mən, söz yanğımı söndürməyin hayında—sözlər də şərqiyə dönməmək tərsliyində, ...mənim bu sarsıntılardan doğan harayım göyə ucalmasın da, neyləsin!..
Ah, mən indi bildim, demə, sən mənim ürəyimi, şərqilərnin sonsuzluq toruna salıb, dolaşdırmısan, ey bilgə!

*Bilgə—müdrik, ustad, deməkdir.
**Qutsal—müqəddəs deməkdir.

                   Rus dilindən çevirən: ARAZ GÜNDÜZ   

Комментариев нет:

Отправить комментарий