20.07.2011

Namiq Rəssam. Tənhalıq şeirləri

KÖKSÜM QƏDƏR TƏNHAYAM

Darıxdınsa, oxu .
Bildiyin ən qəmli mahnını oxu mənə.
Üzüm içi içindən , dışı dışından bezmiş
Məhbus üzünü xatırladır.
Dizlərim yolun yarısını qucaqlayanda
Başımı qoymağa çiyin gətir.
Bir udumluq eşq tüstüsü gətir , içimə çəkim.
Göyüzü gətir , üzündən öpüm.
Göyüzünə baxım , anamın üzü yadıma düşsün.
Körpü gətir , məsudca adlayım ayrılığın üstündən.
Heçkimli halına "caan.." deyib acıyım.
Canım ağrıyır , əfəndim
Canım ağrıyır və gözlə görülməyəcək ,
Əllə tutulmayacaq qədər şairəm bu an.
Köksümə qədər işıqsızlığa batmışam.
Köksüm qədər tənyaham.
Bacarsan , tapa bilsən ,
Bir ləyən xoşbəxtlik gətir ,
Əlimin-üzümün kədərini yuyum.
Bax bir dəstə qüssə keçdi başımızın üstündən.
Sərhədi keçərkən vurulan qaranquşun
Nəşi bu yanda , son anda gözlərindən qopmuş
Ümidi isə o biri yanda yerə düşür.
Oxu , darıxıram.Köksümə sığınmışam.
Köksüm qədər tənhayam...

HEÇNƏ

Məktubumu oxudunsa ,
Deməli ağ vərəq üstündə üç gözyaşı damlası oxudun.
Başqa heçnə...
Qucaqla məktubumu , istəsən ağla.
Qoy nəfəsin yaza bilmədiyim şeirin nəfəsinə toxunsun , isinsin.
Uzanan , bürkülü yay gecələrinin istisinə aldanma.
Hələ bir gir otağıma ,
Hələ bir siqaretimdən sümür ,
Gözlərinlə buludların arasından mələk tut ,
Soyundur , soyundura bilsən ,
Şeir yaz ,
Bax gör qansız divarların arasında üşümək necə olur.
Sən heç ürəyini sıxma.
Dişini sıx ürəyinin acığına.
Ruhu eşq dilənən insanlara heç yazığın gəlməsin.
Yuxu eşqinə , su eşqinə
İnsanlar yalnız yatanda və su içəndə günahsız olurlar.
Məktubumu oxudunsa ,
Deməli ah çəkdin , tüstüsü ərşə sızdı.
Ərş sızıldadı ah.
Başqa heçnə...
Bu nə hal ?
Dörd bir yanın halsızlıq.
Yetər , bu qədər qara bulud daşıdığın.
Yetər , çiyinlərin qan içində.
Burax da , yağış yağsın.
Su eşqinə.
Məktubumu oxudunsa ,
Deməli heçnə qalmayıb.
Heçnə...

Комментариев нет:

Отправить комментарий