13.09.2011

Hazır yemək


Akif Abbasov

Xudayar pəncərədən yola baxanda gözü Məmmədquluya sataşdı. O, başını aşağı salıb ağır-ağır evinə sarı gəlirdi. Söz yox ki, işdən qayıdırdı:
-Qonşu xoş gördük!
Məmmədqulu fikirli olduğundan Xudayarın cingiltili səsindən diksindi. Başını yuxarı qaldırıb candərdi gülümsədi:
-Xoş günün olsun, qonşu.
Avtobusda basa-bas olduğundan sıxıb suyunu çıxarmışdılar. Hiss olunurdu ki, danışmağa heyi qalmayıb. Xudayar qonaqpərvərlik etdi:
-Qonşu, görürəm kefin yoxdur. Hazır yemək var. Mağazadan bir şüşə araq götür, vaxtımızı keçirək. Çoxdandır oturmuruq.
Təklif yorulub əldən düşmüş Məmmədqulunun ürəyindən oldu. O saat razılaşdı:
- deyirəm ki…- deyib geriyə döndü tindəki dükandan bir butulka araq götürdü.
Xudayar tez göstəriş verdi. Süfrə açıldı. Ortaya dərhar çörək, göy-göyərti, bir nimçə şor, iki balaca stəkan gəldi. Xudayar arağın ağzını açıb stəkanlara içki süzdü. Çörəyi şora batırıb ağzına apardı. Şüyüddən, keşnişdən, göy soğandan götürüb qırdı iştahla yeməyə başladı:
-Qonşu bismillah elə
Məmmədqulu bərk acmışdı. Əlini süfrəyə uzatdı yeməyə başladı. Xudayar stəkanı qaldırıb:
-Qonşu, bunu içək sənin sağlığına. Sağ ol, - dedi.
Onlar stəkanları döyüşdürüb içdilər. Xudayar iştahla şordan, göyərtidən yeyir, Məmmədqulu isə iştahasını vurmaq istəmir, yemək gözləyirdi. Xudayar növbəti sağlığı dedi:
  -Qonşu, bunu içək mənim sağlığıma.
İçdilər. Araq butulkası yarı olmuşdu. Xudayar çörəkdən kəsib arasına şor yaxır, göy-göyərtini dəstələyib ağzına təpirdi. Ondakı iştaha Məmmədquluda heyrət oyadırdı: «Bu hələ şoru, çörəyi belə gözünə təpir, yeməyi harasına yeyəcək?! – deyə öz-özünə fikirləşirdi. Xudayarın səsi onu xəyaldan ayırdı:
-Qonşu, gəl bunu da hər ikimizin sağlığına içək. Gül olaq, bülbül olaq, ancaq qəfəsdə olmayaq. Sağ ol. Getdik.
Qarnı acından quruldayan Məmmədqulu bu dəfə  arağı yarıya qədər içdi. Butulka boşalmaq üzrə idi. O özünü saxlaya bilməyib:
-Qonşu, yemək hazır olmadı? Acından öldük ki... Bəs deyirdin hazır yemək var. gecikdi sənin bu yeməyin?!
Ağzı yeməklə dolu olan Xudayar bir təhər şor çörəklə göyərtini boğazından ötürüb əli ilə süfrəni göstərdi:
-Ay rəhmətliyin oğlu, bu hazır yemək deyil, bəs nədir?
Bunu eşidən Məmmədqulu dik ayağa qalxdı. Bir Xudayarın üzünə, bir şor-çörək göy-göyərti    qoyulmuş süfrəyə baxıb:
         -Sənin hazır yeməyin bu imiş?! - dedi qapını çırpıb özünü həyətə saldı.                           
                                          Akif Abbasov,
                            pedaqoji elmlər doktoru, professor, 
                   Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü,
                            Azərbaycan Yazıçılar Birliyinin üzvü  

Комментариев нет:

Отправить комментарий