15.09.2011

Biləyənlər


Nərmin Kamal

Ətrafınızda belə bir eksperiment aparın: kompüterə aid, tibbə aid, ədəbiyyatın qaranlıq meşələrinə aid, yəni bu cürə spesifik sahələrdən birinə aid sual verin bu sahələrdən olmayan tanışlarınıza. Naiv görkəm alıb deyin, görəsən, bu nə deməkdi? Görün neçə adam “bilmirəm” deyəcək.

Köşə yazarlarını oxuyuram, insanlar ağıllı poza alaraq müxtəlif ağır mətləblərdən üyüdüb tökürlər, hər kəs danışır, susan yox, filter yalnız siqaretlərindədir, ağızlarında yox. Eləcə də qeyri-mətbuat. Qapı qonşundakı manikürçü Zeynəbə denən, filan dərman filan dərmanla tutarmı, mütləq, mən sizə sözdü deyirəm, mütləq öz versiyasını deyəcək, “bilmirəm” deməyəcək.

Konkret misallar gətirib özümü işə salmaq istəmirəm. Belələri hər yerdədir. Saytlardadır, qohumlarımızdadır, dostlarımız arasındadır. Xəcalət çəkməli vəziyyətdi. Mən ölüm, bir özünüz yoxlayın.

Camaatınıza deyin ki, sağ əlimdə baş barmağımın ucu ağrıyır. Görün nə deyəcəklər. “Gücə düşüb, yüz faiz gücə düşüb”, “üstündə yatmısan, yüz faiz yatanda altında qalıb”, “soyuğa vermisən”, “kompüterin şüasıdı”, “infeksiya keçib”, “normaldı, elə olmalıdı, hər il sentyabrın 5-də adamın baş barmağının ucu ağrıyar”…

Bir dənə köpəkoğlu qabağında deməyəcək ki, “bəlkə”, “bilmirəm”. Gənclərin də, qocaların da arasında belə biləyənlər çoxdu. Üzüm ayağıvızın altına, bir dənə məsəl var, onu danışardım, ancaq ki, danışmıram.

deffektiv.com 

Комментариев нет:

Отправить комментарий