14.10.2011

Azərbaycanlı rəssamın faciəvi ölümü

Soltan Qaranın əsərlərini təqdim edirik


Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Soltan Qara Türkiyədə yaradıcılıq ezamiyyətində olarkən 49 yaşında vəfat edib. Bakı İncəsənət mərkəzinin direktoru Rafael Gülməmmədlinin APA-ya verdiyi məlumata görə, rəssam oktyabrın 12-də Türkiyədə dünyasını dəyişib.
Onun sözlərinə görə, rəssam monumental əsər hazırlayarkən yıxılıb və gicgahı sərt yerə dəyib. Nəticədə rəssam vəfat edib:

"Bu, hündürlüyün nə qədər olmasından asılı deyil. Çox pis yıxılıb və dərhal dünyasını dəyişib. Hadisə simpoziumda iştirak edərkən yüksəklikdə monumental əsər yaradarkən baş verib. Soltan elə yerindəcə dünyasını dəyişib". Mərhumun cənazəsi bu gün saat 16:00-da Ankaradan Bakıya gətiriləcək. Soltan Qara Əmircan qəsəbəsində dəfn ediləcək.

Qeyd edək ki, Soltan Qara 1962-ci ildə Əmircan qəsəbəsində anadan olub. Rəssam Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1986-cı ildən sərgilərin iştirakçısıdır.

1988-ci ildən Bakı İncəsənət Mərkəzinin üzvüdür. 1990-cı illərdən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2000-ci illərdə ABŞ-da yaşayıb, işləyib. Son dövrlərdə Bakıda bir sıra dekorativ kompozisiyalar yaradıb.

Kulis.az Soltan Qaranın bəzi əsərlərini təqdim edir.




Комментариев нет:

Отправить комментарий