12.10.2011

Unutduq səni Rübuş...

Zaur Qeriboglu
Zaur Qəriboğlu

 “NEYÇÜN SƏNİ BƏS UNUDA BİLMİRƏM?!”

 Bu günlərdə “youtube” saytında Azərbaycanın retro mahnılarını diləyirdim. Mərhum Rübabə Muradovanın ifasında “Unuda bilmirəm...” mahnısına təkrar-təkrar qulaq asdım. Hazırda bu yazını da Rübabənin səsinin sədaları altında yazıram... Aman Allah, biz kimləri itirmişik, heç bunu düşünmüşükmü?.. İllərdən bəri, uzun bir yolu yaxşıları itir-itirə gəlmişik. Bəs, görən, qazandıqlarımız kim olub, indiki səsinin əvəzinə çılpaq bədənini nümayiş etdirib, diqqəti səsindən yayındırıb, bədəninə yönləndirən “müğənnilərimi”?..

Bu gün hər hansı bir gəncə demək olmaz ki, Rübabəyə qulaq as, qayıdıb, sənə deyəcək ki, “bozbaşsan”. Çünki Rübabə oxuyanda bədənini yox, səsini nümayiş etdirib
 Görən, Rübabə Muradova bu dövrdə yaşasaydı, oxuyardımı?.. Rübabə təsadüfən, bu dövrdə yaşasaydı, inanıram ki, intihar edərdi. Çünki daha Rübabənin dövrü getdi... Bir halda ki, bu gün Səməd Səmədov xalq artisti adı alır, Rübabənin goru çatlamasın, neyləsin?!. İnanıram ki, Rübabə məzarda da rahat yata bilmirəm.
 O, çılğın adam idi. Bu üzdən də yaşadığı dövrdə də çox adamın, əsas da sənət yoldaşlarının ondan xoşu gəlmirdi. Bu gün də Rübabəni sevirik deyib, unutdururlar. Bu gün Azərbaycan televizyaları Rübabə kimi sənətkarların səslərini arxivləşdirib, “sponsurlu” bədən səsi ilə oxuyan müğənniləri ön plana çəkirlər. Çünki onlardan pul qazanırlar. Rübabədən nə qazanacaqlar ki, heç nə... Çünki Rübabə həyatda yoxdu. Onun nə “sponsuru” yoxdu, nə də “Xalq artisti” olan qızından, oğlundan var ki, anasını təbliğ etsin. İndi hər bir sahədə olduğu kimi bu sahədə də istedad, sənət yox, əsas adam və pul rol oynayır. Gorun çatlasın, ay Rübuş, gör sənin oxuduğun studiyalarda kimlər oxuyur, daha sonra ordan çıxan kimi də fəxri adlar alırlar. Sən axı, səsinlə almışdın o adı...
 İndi zaman dəyişib, bağışla bizi Rübuş... Daha biz fəxri adları sənətə vermirik, gözəl və “sponsurlu” xanımlara veririk. Onlar sənin kimi özünü sənətə fəda edib, ömrünü qastrollarda keçirib, insanlara konsertlər vermirlər. İndi onlar insanlar üçün yox, imkanlı şəxslər üçün oxuyurlar. İmkanlı bir şəxsin oğlunun toyuna filan qədər pula gedirlər. Rübuş, sən o qədər pul görmüşdünmü?.. İnanmıram, amma indikilər görür. Həm də səsləri ilə yox... Bu üzdən də adları sənətkar olur. Sən axı fəxri ada çatana qədər ömrünü fəda etmişdin Rübuş...
 “Neyçün səni bəs unuda bilmirəm” deyirsən... Çox səhv edirsən, biz səni unutmuşuq. Sən də bizi unut Rübuş, sus, oxuma daha...

09 oktyabr 2011, Bakı şəhəri

Комментариев нет:

Отправить комментарий