20.02.2012

Nitşe ilə baş-başa verib ağlamaq

 Dilqəm Əhməd

Yatağımın qarşısında kitab şkafım, şkafımın görünən ən fövqəlyerində sənin aforizmlərinin toplandığı kitab dayanır.
Hər gecə uzananda, yuxarı baxdığımda arxaya daranan saçların, ağzını örtən bığlarınla bir nöqtəyə baxırsan.
Hətta bəlkə də, kitabın dizaynerinin səhvidir ki, sənə kostyum da geyindirib, qalstuk da taxıb.
Bu isə səni heç də ciddi göstərmir.
Kitabda dayanıbsan, danışa bilmirsən, gözləyirsən ki, mən kitabı açım, əvvəl sənin həyatını oxuyum, sonra aforizmlərini oxuyum, beləcə aramızda 150 ildən çox bir müddətə rəğmən danışaq.

Elə mənim də bu aralar danışmağa, nəinki danışmağa, baş-başa verib ağlamağa bir dosta ehtiyacım var.Elə isə ikimiz baş-başa verək ağlayaq.
Deməli belə. Çox fikirləşib, mövzu axtarmağa da ehtiyac yoxdur.
Qadınlar hər zaman mövzusuzluqlar içində də mövzudur, gəl qadınlardan danışaq.
Deyirsən ki, qəzəblənmiş bir qadının əlinə düşməkdənsə, bir qatilin əlinə düşmək daha yaxşı deyilmi?
Bilirsən, qatilin işi daha rahatdır, hansı ki, insanı öldürəndə heç də seçim etmir.
Məsələn, onun üçün fərqi yoxdur ki, dəmiryolu kənarı ilə gedən insan ya dilənçidir, ya da ki bir yazıçı.
Qatilin işi öldürməkdir.
Qadın qəzəbinin sonu nədir?
Qadın nəyə qəzəblənir?
Bəlkə sualı belə qoyaq, qadın axı niyə qəzəblənməlidir?
Qəzəb təbiətin sərt üzüdür, bu da ki ancaq kişiyə məxsus olmalı hiss deyilmi?
Tikanın mahiyyətində qəzəb ola bilər, amma çiçəyin mahiyyətində qəzəbsizlik yatır axı.
Məncə Tanrı qadını qəzəblənmək üçün deyil, kişinin qəzəbini soyutmaq üçün yaradıb.
Deyirsən ki, qadının necə bir nemət olduğunu bütün dərinliyi ilə hiss etmək lazımdır.
Amma bu dərinliyə qərq olarkən boğulmaq ehtimalının da olduğunu da gərək söyləyəsən.
Doğrudur, bir qadın gözündə və ya bir qadın bədənində boğulub, xilas olmamaq bir kişi üçün arzuolunan bir haldır, amma bütün hallarda boğulmadan da qadınla yaşamaq mümkündür.
Deyirsən ki, qadın kişidən ölçüyəgəlməz dərəcədə pisdir, həmçinin də ağıllıdır.
Düzdür, ağıllı olmaq pis olmaq anlayışını məhv etmir.
Pis anlayışında ona görə haqlısan ki, bir kişi qadına yaxınlaşarkən bütün hallarda onun bir məqsədi olur: ya onunla fahişə kimi yatmaq, ya da onunla evlənib qadını kimi yatmaq.
Ya qadın?
Bir qadının kişiyə nə üçün yaxınlaşması ətrafında fikirləşsək, gərək min iki gecə bir-birimizlə polemika aparaq.
Buna isə ehtiyac yoxdur, nə sən qələmini yor, nə mən boğazımı.
Deyirsən ki, qadınla görüşməyə getdiyində qırmancını yanında götürməyi unutma.
Sözün açığı, bunu niyə dediyini tam da anlamadım.
Çünki bir qadınla görüşməyə getdiyimdə, mən özümü belə unuduram, ancaq boş-boş üzünə baxıram, qanım donur, dişlərim qıcanır.
Bu vəziyyətdə qırmancı belə götürsəm, lazımi məqamda istifadə etməyi bacarmayacağam.
Bax, bu gecə bitmədən, sənə bir sirr də açacağam.
Bilirsən sənin kitabın niyə şkafımın ən fövqəlyerindədir?
Məhz bu cümlənə görə: “Asan yaşamaq istəyirsənmi? Sürüdə qal və sürü sevgisi uğruna özünü unut”.
Əgər, sən sürüyə qatılsaydın, bu gün sənlə baş-başa verib ağlamazdım.
Sürüdə sevgiylə yaşamaq ən bəsit, ən rahat yoldur.
Əslində sürü içindəki sevgi sevginin sadəcə kölgəsidir.
Sevgi sürüdən seçdiyin deyil, sürünün fövqündə dayanan bir anlayışdır.
Sevdiyin qadın sürüdən deyil, fövqəlqadındır ki, bizə də ancaq fövqəlqadınları sevmək yaraşır.
Ona sahib olsaq da, olmasaq da.
Hər halda bunu ən yaxşı sən bilirsən.
Nə də olsa aramızda, 150 il müddət, böyük təcrübə fərqi var.
Tez-tez dərdləşib, ağlamaq ümidi ilə.
Sən nöqtənə bax, mən isə yuxuya gedim.
Bəlkə yuxuda onu gördüm…

Комментариев нет:

Отправить комментарий