03.06.2012

Güney Azərbaycan sorunu: kampaniyamı, kompaniyamı?

Xalid Bahadır


Bizim çıxışlarımızla bağlı "Biz bura Güney Azərbaycan forumuna yığışmışıq, yalnız Güneydən danışın!" çığır-bağırı qoparanlar yaratdıqları "Güney Azərbaycan qurumu"na güneyliləri salmamışdılar


Bunlar gerçəkdə Güney Azərbaycanı bizə yaxınlaşdıran deyil,  bizdən uzaqlaşdıran ssenarilərdir


Güneylilərsiz Güney forumu


Forum Güney adına keçirilirdi, ancaq, demək olar, güneylilərsiz. Avropada, Amerikada yaşayan ünlü güneylilər, tanınmış Güney qurumları foruma qatılmamışdı. Foruma qatılan güneylilərsə sonadək arxa planda qalmışdılar. Forumun tez-tələsik, qaçaraq, plansız-proqramsız keçirildiyi görünürdü. Burada hansısa prosedurdan, reqlamentdən, gerçək bir qurum yaratmağa gərəkən işlərdən danışmağa dəyməzdi.
Ortada ağır başla düşünülmüş bir iş yox idi. Bütün bunlar özünü forumun sonuna yaxın daha açıq göstərmişdi. Qabaqca 50 adamlıq konsey, sonra İdarə heyəti "seçilmişdi". Öncə 11 adamlıq düşünülən İH üyələrinin sayı ikibir, üçbir artırılmaqla 17-yə çatdırılmışdı. Birində Aynur İmranovanın, o birində bir başqasının "xətrinə".
İH üyələrinin sayının 17-yə çatdırılmasında olduqca ilginc bir fakt başlıca rol oynamışdı. Bizim çıxışlarımızla bağlı "Biz bura Güney Azərbaycan forumuna yığışmışıq, yalnız Güneydən danışın!" çığır-bağırı qoparanlar yaratdıqları "Güney Azərbaycan qurumu"na güneyliləri salmamışdılar. İsveçdən gəlmiş güneyli xanımın, eləcə də ona qoşulan güneylilərin kəskin təpkisindən sonra İH-ni genişləndirməklə orada güneylilərə də bir neçə yer ayırmaq gərəyi yaranmışdı.
Qaldığımız "Enerji" hotelində üç güneyli ilə tanış oldum. Onlardan forumla, forumda baş verənlərlə bağlı nə düşündüklərini soruşunca "Biz o foruma qatılmamışıq, qatılmarıq da", dedilər. Niyəsini soruşdum. Ayıtdılar: "Bu, sizin Quzey hökumətinizin Güneylə bağlı... oyunudur". Onlar Türkiyədə yaşayan güneylilər idilər.
Forumla bağlı Azərbaycan Kültür Dərnəyində basın toplantısı olacağını bilincə ora yollandım. Dərnəyin ünlü başqanı Cəmil Ünal orada yox idi. Eşi Nəsrin xanım Cəmil bəyin harasa iş dalınca getdiyini bildirdi. Saat 12-də başlanası toplantı yarım saat gec başladı. "Basın" toplantısına vur-tut ikicə jurnalist qatılmışdı. Qalan 7-8 adam başlıca olaraq Fərəc Quliyevlə birgə foruma qatılanlar idi. Toplantıda ən ilginc çıxış Camal Məmmədxanoğlunun çıxışı oldu: "Bizim arxamızda Azərbaycan dövləti dayanır". Bu yerdə mənim yadıma Bədrəddinin forumdakı çağırışı düşdü: "Sizin hamınızı İlham Əliyevin ətrafında birləşməyə çaırıram". Biz bu sayaq çağırışlara sevincək qoşulardıq... Quzeydə də Güneydəki sayaq ANTİMİLLİ, ANTİDEMOKRATİK bir rejimlə üzləşməsəydik!
Toplantıda üzümü Camal bəyə tutaraq qısaca olaraq bunları dedim: "Partiyamız adından Güney Azərbaycanla bağlı əməyinizə görə Sizi alqışlayır, bu yolda pullarınızı əsirgəmədiyiniz üçün sayğılarımızı sunuruq! Bura, yalnız buradək". Bilmirəm, Camal bəy məni anladımı?
Anqarada olduğum günlərdə M.Ə.Rəsulzadənin sonuncu yaraqdaşı olaraq tanınan doktor-professor Yəhya Daşdələnlə, Türkiyənin Bakıdakı keçmiş diplomatı Turqut Ərlə görüşdüm. Əliyevçi rejimin keçirdiyi Güney forumu onlarda yalnız acı gülüş doğururdu. Bu da elə-belə deyildi: onların hər ikisi Azərbaycanı çox sevən, Azərbaycanda gedən sosial-siyasi prosesləri yaxından izləyən kimsələrdir.


Daha bir "Dalğa" dramatizmi


Bizi Anqaradakı İran elçiliyi qarşısında aksiya keçirməyə çağırırdılar. Mən getmədim. Niyəsini soruşdular, dedim: "Bir iranlı çıxar, deyər: filan-filan şüdə, illərdi Güney Azərbaycanla bağlı Bakıdakı İran elçiliyinə yaxın düşə bilmirsiz - başınıza polis dəyənəyi çırpılır. Burda nə... istəyirsiz?". Bu sözlərdən sonra kimlərsə gedənlərdən ayrılıb hoteldə qalmağı üstün tutdular.
Aradan bir neçə saat keçmiş otelin qapısı ağzında yoldaşları ilə birgə Ramin Hacılını, bir də hoteldə qalıb aksiyaya qatılmayanları gördüm. Onlar Ramindən nə baş verdiyini soruşurdular. Ramin dodağının qanını silə-silə deyirdi: "Mən kəllə atdım... Bu, liberalizmin qələbəsiydi...". O niyə kəllə atmışdı, liberalizmin qələbəsi nə idi: döyməkmi, döyülməkmi? - bütün bunları sonra başqalarından soruşub öyrəndim.
Olay belə baş vermişdi. Anqarada oxuyan öyrəncilər də qatılmaqla İran elçiliyi qarşısında Güney Azərbaycan adına aksiya keçirilir. Sonradan avtobusda özünün də danışdığına görə, "çox yorulmuş" "dalğaçı" bir qız aksiyaçıların, polislərin gözü qarşısında arxası üstə çəmənliyə uzanır, "çox yorulmuş" başqa bir "dalğa"çı oğlan gəlib onun (qızın!) üstünə uzanır. Onlar yorğunluğu keçmiş kimi dodaq-dodağa öpüşməyə girişirlər. Beləcə, Fərəc Quliyevin oğlu başda olmaqla hökumət millətçiləri ilə hökumət liberallarının arasında toqquşma baş verir: o buna kəllə, bu ona yumruq atır. Beləcə, bir hökumətin iki ssenarisi toqquşur: "millətçi" ssenari ilə "liberal" ssenari. Bunlar bir hakimiyyətdəki ayrı-ayrı subyektlərə, o subyektlərin arxasında dayanan güclərə-dövlətlərə bağlı ssenarilərdir. Bunlar gerçəkdə Güney Azərbaycanı bizə yaxınlaşdıran deyil,  bizdən uzaqlaşdıran ssenarilərdir.
"Dalğa"çılardan biri foruma şortikdə qatılmışdı. Bu fakt başlanğıcdaca foruma qatılanlar arasında qalmaqal yaratmışdı. Yolboyu danışıqlarda, öcəşmələrdə "dalğa"çılar şortiklə foruma qatılma görsənişini bizə "Avropa mədəniyyəti" olaraq sırımağa çalışırdılar. Avropada şortiklə rəsmi yığıncağa qatılma "mədəniyyətinin" olmadığına "dalğa"çıları sonadək inandıra bilmədik. Ayrı bir yandan, milli mənliyin itirilməsi ilə qazanılan "Avropa mədəniyyəti" bizə gərəkdirmi? Avropa uyqarlığı (mədəniyyəti) bizə bayrağımızdakı ideoloji konsepsiya tutumunda gərəkdir. Başqa cür desək, milli mənlik dəyərlərini qoruyub saxlamaqla gərəkdir!


Antisistem faktoru


Əliyevçi rejim MİLLİ SİSTEM içində ANTİMİLLİ SİSTEM yaratmaqla qurulub. Milli birlik elementlərini, bütövlük faktorlarını parçalayıb dağıtmaq, onların toparlanmasına yol verməmək antisistemin özünü yaşatmasının başlıca qarantıdır. Ölkə içində milli birliyə yol verilməməsi, Dünya Azərbaycanlıları Konqresinin (DAK) parçalanması, Diasporla İş Komitəsinin Azərbaycan diasporlarını içindən dağıtması faktları antisistem çalışmalarından ortaya çıxan konkret faktlar-görsənişlərdir. Yuxarıdakı faktlardan da göründüyü kimi, recimin indiki "Bütöv Azərbaycan" proyekti adı altında ortaya MİLLİ BÜTÖVLÜK faktorunu aradan qaldırmağa yönəlmiş antisistem proyekti çıxarılır. Rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu DÖVLƏT SİYASƏTİNƏ çevirmiş bir hakimiyyətdən millətə yararlı nəsə gözləməyə dəyərmi?!
***
Türkiyə sınırları içində, Qara dəniz boyunca min kilometr yol getdik. Bu min kilometrlik yol boyunca dənizin bircə metrlik belə, hasarlandığını görmədik. Bu görsənişin fəlsəfəsi budur: dəniz hamının, bütün türkiyəlilərindir. Qabaqlar Bakıdan gedirkən, Bakıya gəlirkən yolboyu Xəzərə baxardıq. Əliyevçi rejim indi yolboyu hündür hasarlamalarla Xəzərə baxmaq olanağını da bizim əlimizdən alıb. Bu, Əliyevlərin xarakterinə bağlı acgözlükdür, hikkədir, xalqı yoxa saymaqdır!
Gedən baş da, gələn baş da Gürcüstanla Türkiyənin demokratik ölkələr olduğu, qanunlara böyük sayğıyla yanaşıldığı açıqca görünürdü. İstər gedən baş, istərsə də gələın baş istər Gürcüstan, istərsə də Türkiyə gömrüyündən, demək olar, dayanmadan keçdik. Dönə-dönə yazılıb, bir daha yazmaq gərəyi yaranır: Azərbaycan gömrüyü gerçək dövlət obyekti olmaqdan qat-qat artıq insan hüquqlarını tapdamağa yönəlmiş quldurluq, soyğunçuluq yuvasıdır. Azərbaycan dövləti adına ləkə olan bu yuvanın bir belə yazmalardan sonra da qalmasının bircə nədəni var: başda prezident administrasiyası dayanır! Bütün bunlardan sonra utanmaz-utanmaz "dövlətin imicindən" danışırlar. Türkiyə, Gürcüstan gömrüklərindən, demək olar, dayanmadan keçirkən, Azərbaycan gömrüyündə bizi düz İKİ SAAT saxlayırlarsa, belədə "dövlətin imicindən" deyil, DÖVLƏT BANDİTİZMİNDƏN danışmaq gərəkdir. Başqa avtobuslar bir yana, elə-belə bir avtobusun Azərbaycan gömrüyündən keçə bilməsi 200 manata başa gəlir. Gürcüstandan, eləcə də Gürcüstan gömrüyündən rüşvətin necə yığışdırılması faktına prezident Saakaşvili belə aydınlıq gətirmişdi: "Özüm rüşvət almadım". Demək, prezident rüşvət almayan ölkədə gömrükçülər də rüşvət almırlar. Qardaş Türkiyə, qonşu Gürcüstan kimi!  
Bütün bu neqativləri yazıb göstərdiyimizə, bütün bu neqativlərə qarşı kəskinliklə çıxdığımıza görə İlham Əliyev başda olmaqla hakimiyyət adamları bizi "dövlətimizin imicini korlamaqla ermənilərə işləməkdə, ermənilərin dəyirmanına su tökməkdə" suçlayırlar. Rüşvəti, korrupsiyanı, oğurluğu, soyğunçuluğu, ən başlıcası, klançılığı DÖVLƏT SİYASƏTİNƏ çevirəndən sonra başqalarını dövlətin imicini korlamaqda, ermənilərə işləməkdə suçlamaq, bu, adımı sənə qoyaram... deyilmi? Sən bir gömrüyü - hər hansı dövlətin xarakter özəlliyinin göstəricisi olan obyekti - düzəldə bilmirsənsə, daha doğrusu, özəl güdüklərinə görə düzəltmək istəmirsənsə, hansı dövlət imicindən danışırsan?!


Bakı - Anqara                               azadliq.info

Комментариев нет:

Отправить комментарий