21.07.2012

İlqar Fəhmi. Bir dənizdir, bir də mən...

Durmuşam sahildə tənha, bir dənizdir, bir də mən
Gözdən itmiş sanki dünya, bir dənizdir, bir də mən


Vaxt var idi birgə idik, sevgilim, mən və dəniz
İndi yox heyf ol dilara, bir dənizdir, bir də mən


Cümlə aşiqlər səni görmək ümidin üzdülər
Göz dikən yoluna bica bir dənizdir, bir də mən


Axşam oldu, hamı yatdı, həsrətindən yatmayan
Görməyən heç vaxtı rö’ya bir dənizdir, bir də mən

Çoxları görcək səni öz eşqin e’lan eyləyib
Çağlayan eşqinlə amma bir dənizdir, bir də mən


Bir zaman Məcnun idi divanə, səhra məskəni
İndi yox Məcnun, nə səhra, bir dənizdir, bir də mən


Fəhmi, həsrət üçbucağı çəkdi tale ruhuma
Yaxşı bax, bir qəmli xülya, bir dənizdir, bir də mən

Комментариев нет:

Отправить комментарий