10.02.2014

Elnur Rəsuloğlu (Əliyev). Zarafatyana

Evimizdən uzaq, qərib şəhərdə
Nə yaxşı var imiş dostlarım mənim.
Dostluğa qəlblərin verib şəhərdə,
Dostluğa and içmiş dostlarım mənim.

Universitetin yaxınlığında
Həmişəki yerə yığışdıq yenə.
Piyada gəzərək “Sahil” bağında
Olub-keçənlərdən danışdıq yenə.

Dostlarım narahat sordular məndən:
- Qorxmusan ki? Ağzın uçuqlayıbdır!
Dedim ki, dostlarım, bu olub dünən,
Qorxu məni yaman pis haqlayıbdır.


Qız tanışlığımı bilirdi onlar,
Təsadüfən olub bu iş, hadisə.
Mən danışdıqca hey gülürdü onlar,
Danışım gülün siz gülüncsə, sizə.

Dəstəyi götürüb ecahanlıqdan,
Ağlıma gələn bir nömrəni yığdım.
Mənə cavab verən qız olduğundan,
Bilərəkdən onu “dostum” çağırdım.

Qızla tanış olub telefonda mən,
Bir xeyli danışdım, söhbət eylədim.
Görüş təyin edib, əlbət, sonda mən,
Tanrının işinə hörmət eylədim.

Bazar günü axşam saat altıda
Metronu seçmişdik görüş yeriyçün.
Dəyişməliydi həyat altıda,
Məncə, olmalıydım xoşbəxt həmən gün.

Həsrətli günlərim illərtək uzun,
Kədərli, mənasız, üzücü keçdi.
Yuxuda bir gözəl büzərək ağzın,
Mənə nəzər salıb gözucu keçdi.

Dostlarım pisliyə yozub yuxumu,
Getmək bilmədilər məsləhət mənə.
Yetişdi həmən gün. Pozub yuxumu,
Ağalıq elədi məhəbbət mənə.

Özümü çatdırıb, minib qatara,
Tələsdim, tələsdim görüş yerinə.
Sürətlə şütüyən dönüb qatara,
Külək kimi əsdim görüş yerinə.
İki qız durmuşdu görüş yerində,
Biri kök, var idi bığı, birçəyi.
O birisi isə yer üzərində
Məskən salmış gözəl göylər mələyi.

Elə çatırdım ki, cananıma mən,
Gözəl qız dedi: “Bax, sevgilin gəlir!”.
Həmən an tüpürüb dabanıma mən,
Necə qaçdığımı bir allah bilir.

Güzgüdə özümə nəzər salanda
Görürəm ki, ağzım uçuqlayıbdır.
Yəqin sevgilimi gördüyüm anda
Qorxu məni yaman pis haqlayıbdır.

Odur ki, edirəm məsləhət sizə,
Yad qızla görüşə getməyin, dostlar!
Başınıza gələr belə hadisə,
Mən etdiyim səhvi etməyin, dostlar!

Комментариев нет:

Отправить комментарий