20.02.2014

Sən mərkəzdə yaşamağa layiq deyilsən!

Gülnarə Rəfiq

Mən bu günü ömrüm boyu gözləmişəm. Hələ uşaq idim, Sovetski adlanan ərazinin söküntüsündən sonra yerində tikiləcəklərin baş planına baxa-baxa mən də gələcəyimi planlaşdırırdım. Bu planı böyük dəmir listlərin üzərində çəkib Sovetskinin bitib şəhərin başladığı yerdən asmışdılar. Həqiqətən də Sovetski başlayan yerdə şəhər bitirdi.
Mənim gizlincə cızdığım planlarımda paçlı dəmir parçalarından hörülmüş hasarlar, çirkab suların axdığı yollardan keçib getmək, çoxdan atılmalı olan avadanlıqlardan qurasdırılmış interyerdən ilham almaq,  qonşu davalarının çığırtısı altında uşaq yatızdırmaq kimi məqamlar yox idi. Mənim gələcəyə olan planlarım təmiz, işıqlı, ürəkaçan idi. Sovetski nimdaşlaşıb tökülən zaman onlara heç nə olmadı.
Mən bu zaman kəsiyində şəhərimin çirkli, miskin, ürəkağrıdan parçasını ürəkdən sevdim. Bu sevgi buraların nə vaxtsa söküləcəyi ümidiylə yanaşı yaşamağa başladı. 
Keçmişdə evləri başqa cür tikirdilər. Divarları qalın edərdilər ki, qışda isti, yayda sərin olsun. 80 santimetrlik divarlarda açılmış pəncərə içliyində oturmaq, əl-ayağını yığmağı bacarsan lap uzanmaq da olardı. Belə pəncərə içlikləri olmasaydı yəqin indi mən də olmazdım. Anam hələ körpəykən İçərişəhərdəki evlərində yanğın baş veribmiş. Qapı bağlı olduğundan anam tez-tələsik pəncərəyə dırmaşıb onun küncünə sığınıbmış. Od-alov evi başına alsa da ona heç nə olmayıb və qonşular pəncərədə qorxudan ağarmış qızı birinci xilas ediblər. Bəlkə də ona görə anam həmişə bizə tapşırardı, «Zəlzələ olanda həmişə qapının içinə qaçıb gizlənin». Axı köhnə tikililərdə qapı və pəncərə tağları ən axırda sökülür. Bu günlərdə yeraltı təkan şəhəri titrədəndə bu sözü xatırladım və az qalmışdı oğluma da bunu məsləhət edəm. Sonra xatırladım ki, indiki binalarda pəncərə və qapı içlikləri binanı ən zəif hissəsidir, uşağın başını səhv məlumatla doldurmaq lazım deyil. Müqayisəyə gələsi məsələ deyil, axı o evləri kişilər tikirdi. 
Yeni söküntü bumu başlayan kimi sovetskidəki boynunu büküb durmuş evimizi ölçməyə gələnlər lütvkarlıq edib divarların içindəki boşluqları, pəncərə və qapı  içliklərini də ölçüb evin planına əlavə etdilər. Mən onlara bu enli pəncərələrdə keçirdiyim uşaqlığımdan danışa bilməzdim, anlamazdılar. Bilirsiz, qədimi pəncərələrdə iki uşaq üzbəüz oturub rahat oynaya bilərdi. Pərdəni çəkəndə isə içəridə balaca bir evcik əmələ gəlirdi. Fantaziyası olan uşaqlarçün 1-2 kvadratlıq ərazidə əlçatmaz qalalar ucaltmaq, bayırdan düşən gün işığını ora cəlb etmək, yoldan keçib-gedən adamları pəncərədə qaynaşan həyata əlavə etmək o qədər təbii idi ki. Yeməyini yeməyən uşaqlar pəncərə içindəki evcikdə oturub bayıra baxa-baxa yeyərkən nə vaxt böyüdüyünü heç bilmədi. Bəlkə kimsə böyüyüb sevgiyə düçar olanda evə gəlib o pəncərəyə sığınıb ayaqlarını qucaqlayıbmış. Ya da ilk görüşdən, ilk öpüşdən aldığı sevincini evdəkilərdən burda gizlədibmiş. Dərsə hazırlaşan kim, hamıdan küsüb inciyən kim… Hamı pəncərə içliyinə cumardı. Mənimçün bu pəncərə içlikləri nənəmin evindəki tül pərdə arasından süzülən zərif işıq və pəncərədəki fikus dibçəyidir. İcra hakimiyyətinin nümayəndəsi evimizin layihəsinə düşməyən qapı və pəncərə içliklərini də ölçüb çertyoja saldı. Deyirlər ki, həmin o xətirələri itirdiyimizə görə də müəyyən kompensasiya verəcəklər.
Həqiqətən də buralar çoxdan söküləsi ərazilərdir. O boyda ərazidə barmaqla sayası qədər tarixi bina tapılar. Tikililərin əksəriyyəti 19-cu əsrin axırından salamat qalıb. Onları tikənlər də varlı, imkanlı adamlar deyildi, başlarını soxmağa bir koma axtarırdılar. Bəs evlərinin sökülməsini ömrü boyu gözləyənlərin bu boyda hiddəti hardandı? Onlar elə bilirdi ki, illər uzunu buralarda çəkdikləri əzab dolu həyatın da əvəzini alacaqlar? Dövlət qurumlarının sənin həyatına tüpürmək belə istəmədikləri fikrini həzm eləmək asan deyil. Hələ sovet vaxtı da söküntü aparılanda burdakı camaatı pərakəndə halda ucqarlarda, küləklərin meydan suladığı Əhmədlidə, Hövsanda yerləşdirirdilər. Məqsəd burda formalaşmış kültürü dağıtmaq idi. Əgər belə olmasaydı indi Sovetskinin yerini təmizlətdirən dövlət 4-5 dənə ucamərtəbəli bina tikdirib hamını təzə, təmirli evlər köçürdər və arada bu boyda narazılıqlar olmazdı. Maddi cəhətdən bu dövlətə daha ucuz başa gələrdi. 
Söküntüdən, hərə öz payını alandan, ailədaxili çarpışmalardan, bölüşmələrdən sonra olacaqları təsəvvür etmək çətin deyil. Küçəyə atılanlar, bomj olacaq adamlar, evin pulunu qumara qoyub uduzanlar, qeydiyyat üçün yer tapmayanlar, ailədən küsüb inciyənlər, son qazanc nöqtəsini itirib kriminala qurşananlar və nəhayət qarğış edib hamının taleyini korlayanlar da olacaq. Bu on min ailənin taleyi deməkdir. «Sən mərkəzdə yaşamağa layiq deyilsən» iddiasıyla səni evindən çıxaran hakimiyyətə əhəmiyyət verməyərək gəlin şəkil çəkdirək. Çoxlu-çoxlu fotolar edək, paylaşaq və şəhərin bu çirkli, qaranlıq parçasını tezliklə unutmağa qoymayaq. Evlərimizi  sökənlər xatirələri özünlə aparmağa etiraz etmir…

bizimyol.info

Комментариев нет:

Отправить комментарий