18.02.2014

“Sovetski”də obyekti söküləcək sahibkarlar etiraz edir

“Sovetski”nin sökülməsi ilə əlaqədar 16-da keçirilən etiraz aksiyasından sonra, ərazidə obyekti olan sahibkarlar da öz etiraz səslərini ucladırlar. Onlar bildirirlər ki, verilməsi nəzərdə tutulan kompensasiya heç bir şəkildə onları qane etmir.
“Sovetski” ərazisindəki evlərin sahiblərinə hər kvadrat metrə görə 1500 manat kompensasiyanın verilməsi onların narazılığına səbəb olub və bu səbəbdən etiraz aksiyası keçirilib. Məbləğin azlığından şikayətlənən sakinlər ya pulun artırılmasını, ya da şəhərin mərkəzinə yaxın yerdə mənzillə təmin edilmələrini istəyirlər. Narazı sakinlərin fikirlərini müvafiq qurumlara çatdırmaq üçün Təşkilat Komitəsi yaradılıb və onlar təkliflərini irəli sürüblər.

 “Bu cür ədalətsizlik heç yerdə yoxdur”. Indi “Sovetski”də daha bir problem üzə çıxıb. Ərazidə obyekti olanlara daha az kompensasiyanın verilməsi vətəndaşları gəlir yerindən məhrum edir. Söhbət etdiyimiz dükan, maşın yuma məntəqəsi, çörək sexlərinin sahiblərindən kompensasiya məsələsilə bağlı fərqli fikirlər eşitdik. Kimisi onların obyektinin sökülməsinə görə kvadratı 1500, kimisi 1000 manatdan, kimisi də daha az məbləğ təklif olunduğunu dedi. Hətta kvadratına 250 manat kompensasiya veriləcəyi barədə xəbərdarlıq aldığını deyən obyekt sahibilə də qarşılaşdıq.
“Birincisi, mənzil sahiblərinə 1500 manatdan kompensasiyanın verilməsi ədalətsizlikdir. Ikincisi isə obyektlə mənzil arasında fərqin qoyulmaması qanunsuzluqdur. Əksinə, obyekt sahiblərinə daha çox pul verilməlidir. Bakının mərkəzinə yaxın hansısa bir yerdə kvadratı 1500 manata kimsə dükan ala, ”moyka" aça bilərmi? Ən aşağı qiymət 5 min manatdır. Bizə heç olmasa, bu məbləği ödəsinlər ki, çörəyimizdən olmayaq. Dükanla mənzil arasında fərq olmalıdır. “Sovetski”də evlərin kvadratına 3-4 min, obyektlərə ən azı 5 min manat kompensasiya verilməlidir. Çünki obyekt daimi işləyən yerdir, gəlir gətirir. Burada işləməklə iki-üç insan ailəsinə çörək aparır. Evlə obyekt arasında fərq qoyublar, ancaq tam əksinə. Mənzil sahibinə 1500, dükan sahibinə 800-1000 manat pul ödəyirlər. Bu cür ədalətsizlik heç yerdə yoxdur", - deyə dükan sahibləri narazılıqlarını ifadə edirlər.
“Mərkəzdən kənarda belə dükanın kvadratını 5 min manata satırlar”. Ailəsini dolandırmaq üçün 2000-ci ildən evinin birinci mərtəbəsini dükan edən Hafiz Imanov deyir ki, yayılan söz-söhbətə görə, onlara da 1500 manatdan pul veriləcək: “Bu pul bizim nəyimizə çatacaq? Şəhərin mərkəzində, yolun kənarında yerləşən dükana bu qədər pul verərlər? 1500 manata nə alacağam? Dükanımın sahəsi 40 kvadrat metrdir. Şəhərin mərkəzini demirəm, bir az kənarda belə dükan almaq üçün kvadratına minimum 5 min manat verməlisən”.
Hafiz Imanov onu da qeyd edir ki, kommunal xidmət haqqı obyektlərdə həmişə baha olub: “Suyun bir kubuna görə mənzil sahibi 36 qəpik ödəyirsə, obyekti işlədən 1 manat 30 qəpik ödəyir. Hər halda, məndən belə alırlar. Bu, qaza, işığa da aiddir. Bir sözlə, hər şeyi vaxtı-vaxtında ödəmişəm. Evlərə sayğacı pulsuz qoydular, ancaq dükan sahiblərindən 250 manat tələb etdilər. Biz də məcbur olub verdik. Əks halda, dükanımızı bağlayacaqdılar. Yəni, nə lazımdırsa, etmişəm. Indi niyə bizi çörəyimizdən edirlər? Normal pul versinlər ki, başqa yerdə özümüzə dükan aça bilək”.
Hafiz Imanov hesab edir ki, bütün bunlardan ölkə başçısının xəbəri yoxdur. Onun fikrincə, vətəndaşlar sadəcə, məmur özbaşınalığının qurbanıdır.
 “İki il öncə 30 kvadrat metrlik obyekti 100 minə satdılar”. “Sovetski”də 4 kvadratlıq kiçik bir dükan işlədən Həsən dayı ona veriləcək pulu “dilənçi payı” adlandırır: “Mənə deyirlər ki, balaca ”budkan" var, qanunsuz tikmisən, buna görə də kvadratına 250 manat pul verəcəyik. Əvvəla, özbaşına burada kimsə heç nə edə bilməz. Hamının icazəsi var. Ikincisi də, iş yoxdur ki, mən dükan tikib işlədirəm. Pulum olsa, balaca obyekt niyə, elə böyüyünü inşa edib, daha çox qazanc əldə edərəm də... 250 manatdan pul verəcəklər, bu da 4 kvadrata 1000 manat edir. 1000 manata harada balaca dükan tikə bilərəm? Çox gəlirim olmur, ancaq gündəlik çörək, siqaret pulum çıxır. Indi bundan da məhrum edəcəklər məni. Təqaüd də vermirlər. Deyirlər ki, yaşın çatmır hələ. Bəs yaxşı, nə edim? Acından ölüm? Ya sökməsinlər, ya da normal yerdə bizə dükan versinlər. 1000 manatı nə edəcəm? Iki günə xərcləyəcəm, sonra qalacam ac".
Həsən dayı deyir ki, iki il öncə onun dükanından yüz metr aralıda iş adamlarından biri obyekt alıb: “Səhv etmirəmsə, 30 kvadrat metr idi. 100 min manat pul verdi. Bu iki ildə qiymətlər daha da qalxıb. Ancaq camaata bazar qiymətlərindən aşağı pul verirlər”.
Vətəndaşlar deputatlarından şikayələnir, deputat isə deyir ki... Istər dükan, istərsə də mənzil sahibləri ərazidən deputat seçilən Ülvi Quliyevdən narazı olduqlarını deyirlər. Hətta keçirdikləri etiraz mitinqində də bunu söylədilər. 
Ülvi Quliyev isə “virtualaz.org”a açıqlamasında sakinlərin dedikləri ilə razılaşmadığını bildirib. O, “Sovetski” sakinlərinin problemlərilə maraqlandığını, hər gün edilən zənglər əsasında şikayətləri nəzərə aldığını söyləyib: “Sakinlərlə qrup-qrup görüşlərimiz olur. Dünənki aksiyada iştirak edən şəxslər bütün ”Sovetski" sakinlərini əhatə etmirdi. Bu məsələ gündəmə gələndən bəri sakinlərlə görüşürük, onların fikirlərini öyrənirik. Deputatın səlahiyyəti sakinlərin problemlərilə maraqlanmaq, onların şikayətlərini öyrənmək və lazım olan dövlət strukturları qarşısında bu məsələləri qaldırmaqdır. Biz də bu istiqamətdə işlər görürük. Icra hakimiyyəti ilə də görüşlərimiz olur. Mən bir deputat kimi yox, ictimaiyyətə açıq bir şəxs kimi vətəndaşların problemləri ilə maraqlanmışam".
Ü.Quliyev narazı sakinlərlə sonuncu dəfə bir-iki gün əvvəl görüşdüyünü bildirib: “Bir-iki gün əvvəl 70-80 nəfər narazı sakin arasından seçilən nümayəndələrlə həmin ərazidə görüşmüşəm. Onlar 4-5 nəfər nümayəndə seçdi və problemlərini dilə gətirdilər”.
Ü.Quliyev aksiyadan sonra narazı sakinlər arasından seçilən qrupla görüşəcəyini qeyd etdi: “Dünən icra nümayəndəliyi ilə danışdım. Narazı sakinlərin bir qrupu ilə görüş keçiriləcək. Görüşdə mən də böyük məmnuniyyətlə iştirak edəcəm”.
Ülvi Quliyevin dediklərinə “Sovetski” sakinlərinin cavabı gecikməyib. Onlar deputatın dediklərinin yalan olduğunu, ərazidə kiminləsə görüşmədiklərini söyləyiblər.
 Bu gün icra başçısıyla görüşdük. “Sovetski” sakinləri söküntü işlərilə əlaqədar bu gün Yasamal rayonunun icra başçısı ilə müzakirə aparacaqlar. 
Qərar “Sovetski” kimi tanınan qəsəbə sakinlərindən ibarət Təşkilat Komitəsinin, köçürmə komissiyanın sədri Səməd İslamovla dünən keçirdiyi görüşdən sonra verilib. Vaxt qısa olsa da, “Sovetski” sakinləri icra başçısına ünvanlamaq üçün təkliflər paketi hazırlayıblar.
Təşkilat Komitəsinin sədri Namiq Quliyev deyib ki, onlar sakinlərin təklifini irəli sürürlər: “Evi balaca olanlara ev verilsin. Daha demirik ki, bu adamın bir otağı varsa, ona 7 otaq verin. Biz deyirik ki, əgər onun 15 kvadrat metr ərazisi varsa, bir otaqlı ev versinlər. Evi böyük olanların da evinin təmirli olması nəzərə alınsın”.

Ramin DEKO, "Azadlıq"

Комментариев нет:

Отправить комментарий