01.03.2014

Qər(i)bə inteqrasiya

Vüsal Əliyev

Unutmayın ki, Günəş belə, Qərbdə batır..!

Qadınlara azadlıq; Mentalitetə yox; Azad gənclik; Qərbə inteqrasiya. Və nəhayət, Demokratiya... 
Yuxarıda sadalanan şüarlar bu gün çoxlarının qəlbində və dilində dolaşır. Həqiqətənmi Qərb, xristianların gözlədiyi Məsih, müsəlmanların gözlədiyi Sahibi- Zamanın özüdür və istənilən yerdə yox, o istədiyi yerdə peyda olur? Yəni insanların yalvarışından çox, neft və digər sərvətlərin yalvarışına, daha doğrusu, dadına çatır.
Axı nədir bu Qərbi müqəddəsləşdirən? Dəyərlərimi, hansı ki, heç bir dayaq nöqtəsi yoxdur?

Təhsilimi, hansı ki, müqabilində verdiyi təhsillə bərabər səni də özününküləşdirir və dəyərsiz dəyərlərinin daşıyıcısı edir?
İqtisadi inkişafımı, hansı ki, min illərdir öz dəyərlərini qoruyub saxlayaraq, İnkişaf Etmiş Ölkələr siyahısına daxil olan və heç bir təbii sərvətləri olmayan Yaponiya ilə hesablaşır?
Axı nədir Qərbi müqəddəsləşdirən? Sual, sual və yenə də sual.
Bəli, bu həmin “müqəddəs Qərb”dir ki, bu gün xalqların azadlıqlarını onların qanı müqabilində alır. “Ərəb baharı”, “İraqın işğalı”, Suriyada hələ də davam edən müharibə, Gürcüstandakı məlum hadisələr və Ukraynadakı inqlab...Bütün bunlar bir daha Qərbin əsl simasını ortaya qoyur.
Qərb bir millətin azadlığını, sadəcə, bir başqasından satın alar və müqabilində “Demokratiya” və “azadlıq” verər.
Hər bir ölkədə atasız Demokratiya adlı körpənin dünyaya gəlişi çox böyük sancılar və ölümlərlə nəticələnir. Hər kəs yeni doğulan uşağın adını Demokratiya qoyar özünü isə İsa gözündə görər. Qeybə çəkilən Məsih üçün insanlar dəyərli olduğu halda, yeni doğulan məsihlər isə daha çox qanla bəslənirlər....
Hər kəs Qər(i)bə inteqrasiyadan danışar və neçə illərdi ki, bu məqsədlə yol qət edərlər. Lakin çox təssüf ki, Məsih bunları qəbul eləmir ki, eləmir. Amma narahat olmayın, hörmətli yolçular. Qərb özü artıq inteqrasiya edir, özü də Şərqə. Həm də sorğusuz, sualsız. Heç qapını da döymür. Bir də baxırsan ki, hamı təlatümdədir, qan su yerinə axır. Sən demə, İsadır gələn...
Özünüzə gəlin cənablar. Dəyərinizi, Dəyərlərinizi qoruyun. Hər bir fərdin dəyəri dəyərlər sistemini formalaşdırır. Azadlığı dəyərləri satmaqla qazanmırlar.Dəyərləri qorumaqla qazanırlar. Dəyərinizi və dəyərlərinizi qorumaq isə azadlığınızdır...
Unutmayın ki, Günəş belə, Qərbdə batır..!

birlik.az

Комментариев нет:

Отправить комментарий