03.03.2014

Üçəmlər ac qalıb, deputat deyir ki “kasıbdır, canı çıxsın doğmasın“

Musa Quliyev: "Mən borcumu yerinə yetirmirəm"

İnterpress.az-a müraciət edən Şərqiyyə Allahverdiyeva bu il yanvarın 25-də Bayıl xəstəxanasında üçəm dünyaya gətirib. 
Zəhra, Xədicə, Zeynəb adları verilən bu körpələrin 4 yaşlı qardaşları da var. Deyir, bir ölkədə üçəm qızın doğulması o ölkəyə xoşbəxtlik gətirir. Lakin Allahverdiyevlər ailəsinin qayğıları sevinclərini üstələyib. Ailə birotaqlı mənzildə yaşayır. Üstəlik ailəyə ancaq ailə başçısı gəlir gətirir. 250 manatlıq maaşa 6 nəfər möhtacdır. Təzəcə doğulan üç bacının ana südü ilə deyil, süni qida ilə qidalandığını eşidəndə lap mat qaldıq. Elə Alllahverdiyevlər ailəsi də mat qalıb bu işə.
Çünki onlar adiyyatlı qurumlara nə qədər müraciət etsə də şikayətlərinə baxan olmayıb. Şərqiyyə Alllahverdiyeva deyir ki, atası yaşadıqları Nərimanov rayonunun icra hakimiyyətinə müraciət edib. Onunla görüşsələr də heç bir köməklik etməyiblər: "Dəfələrlə Bakı şəhər icra hakimiyyətinə müraciət etdik, amma cavab verən olmadı. İndi imkansız ailələr üçün nəzərdə tutulan kompensasiya almaq üçün sənədlər də hazırlamışıq. Amma bunun da düzələcəyinə ümid etmirik".
Ana olmaq gözəl hissdir. "Uşaqdan böyük dövlət yoxdur" deyib babalarımız. Amma ölkəmizdəki iqtisadi durum, sosial problemlər bu dövlətin, şirin nemətin xoşbəxtliyini yaşamağa imkan vermir. Niyəliyini indi oxuyacaqsınız.
Şərqiyyə Allahverdiyevanın müraciətindən sonra Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr müavini Musa Quliyeva zəng etdik. Sadəcə Azərbaycanda üçəmlər üçün hansı imtiyazların olduğunu öyrənmək istədik. Lakin Musa Quliyev "bilmirəm" deyib telefonu üzümüzə bağladı. İsrarlı zənglərimizdən sonra o, üstümüzə qışqırıb "mən Arzu Abdullaya müsahibə vermirəm, mənə qarşı ədalətsizlik edib" dedi.
Biz "Siz Sosial Siyasət Komitəsinin sədr müavinisiz və bu üçəmlərin sosial problemi ilə məşğul olmaq kimi səlahiyyətiniz var" dedikdə o, "mənim borcum yoxdur, mən hər zəng eləyənlə danışmıram" deyə qışqırdı və telefonu yenidən üzümüzə bağladı.
Qeyd edim ki, "Gündəlik Teleqraf" qəzetində çalışarkən yataqxanada dünyaya gələn üçəmlərin ağır vəziyyəti ilə bağlı Musa Quliyevə zəng edərək günahsız körpələrin ac qaldığını demişdim. O isə cavabında üstümə qışqırıb "kasıbdır, canı çıxsın doğmasın" demişdi. Çox maraqlı məntiqdir. Bu üsula yəqin ki, Musa Quliyevin məntiqi ilə "təbii seçmə" adı vermək olar. Mən isə hörmətli deputatın aşağıdakıları diqqətlə oxumasını xahiş edirəm: "Rusiyada bir uşaq üçün birdəfəlik müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da məbləği artır. Əgər biz qonşu və düşmən ölkə Ermənistanla bu sahədə müqayisələr aparsaq, yenə də uduzacağımızı görərik. Çünki Ermənistanda birinci və ikinci uşaq üçün 135 dollar müavinət verilir. Üçüncü uşağın doğulması ilə məbləğ 1200 dollara çatır. 18 yaşına çatana qədər hər bir uşaq dövlətdən ayda 95 dollar alır. Ermənistanda yaşayış minimumu 70 dollar təşkil edir. Əgər müqayisələri davam etdirsək, yenə də uşaqlara münasibətimizin o qədər də ürəkaçan olmadığını görəcəyik. Belə ki, başqa MDB ölkələrində Azərbaycanla müqayisədə vəziyyət xeyli fərqlidir. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət verilir. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 , digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir. Belarusda birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin 5 misli, digər uşaqlara görə isə 7 misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro ayrılır. Çünki bu ölkələrin heç birində millət vəkili "kasıbdır, canı çıxsın doğmasın" kimi bəyanatla çıxış etmir. 

Arzu Abdulla             interpress.az

Комментариев нет:

Отправить комментарий