Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi və cəmiyyətdə rezonans doğuran qəzadan sonra gündəmə gələn şəxslərdən biri də Milli Məclisin deputatı Astan Şahverdiyevdir.
Astan Şahverdiyev Əli Həsənova görə niyə özünü söydürür?
BakuPost.az xəbər verir ki, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən seçilmiş deputat A.Şahverdiyevin qınağa tuş gəlməsinə səbəb onun yalan açıqlama verməsidir. Belə ki, Daxili İşlər Nazirliyi avqustun 3-də saat 21 radələrində Nail Allahverdiyevin "Mercedes-Gelandawagen” markalı avtomobillə iki nəfərin ölümü və iki nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi törətdiyini təsdiqləsə də, millət vəkili həmin hadisə zamanı Nailin evdə olduğunu, hətta buna şahid olan şəxslərin də mövcudluğunu bildirib.
"Qəza törədilən zaman Əli Həsənovun nəvəsi maşında olmayıb, evdə olub. İndi də bir sıra saytlar ağıllarına gələni yazırlar ki, guya qəzanı nəvəsi törədib və sairə. Bütün bunlar yalandır. Mən Əli müəllimi və ailəsini gözəl tanıyıram. Onlar çox sadə və halal insanlardır”, - deyə A.Şahverdiyev qeyd edib.
Bundan başqa, deputat Nailin 21 yaşında bu qədər var-dövlətə sahib olmasını fərasətli gənc olmasıyla əlaqələndirib: "Nail Allahverdiyev Əli Həsənovun qız nəvəsidir. Nailin atasının kifayət qədər imkanı, işi-gücü var. Digər tərəfdən isə Nail savadlı, fərasətli gəncdir, öz ağlı, zəhməti hesabına pul qazanmağı bacarır. Yaşa görə adamın fərasətinə qiymət vermək doğru deyil. Nə olsun ki, onun 21 yaşı var? Bəs Bill Qeyts neçə yaşında milyonçu olub? Bu cür qiymətləndirmə aparmaq ucuzluqdur”.
Maraqlıdır ki, Astan Şahverdiyevin birdən-birə həqiqəti əks etdirməyən açıqlamalar verməsinə, Həsənovları müdafiə etməklə özünü söydürməsinə səbəb nədir? Deputatın bu "xidmət”i əslində nəyə xidmət edib?
BakuPost.az-ın əldə etdiyi məlumata görə, A. Şahverdiyev "Qaçqınkom” sədrinin həmyerlisi olmaqla yanaşı, həm də yaxın qohumudur. Onların Cəbrayıl rayonunda yaşadıqları vaxtdan isti münasibətləri olduğu, əlaqələrinin indiyə kimi davam etdiyi qeyd edilir. Bəzi mənbələr Əli Həsənovun Astan Şahverdiyevin bibisi oğlu olduğunu da bildirir.
Məlumata görə, onların ailəvi münasibətlərinin uzun illər davam etməsinin səbəblərindən biri də xanımları – Ə.Həsənovun həyat yoldaşı Çimnaz Həsənovayla A.Şahverdiyevin xanımı Solmaz Şahverdiyevanın yaxın rəfiqə olmasıdır.
A.Şahverdiyev (1947) Ə.Həsənovdan (1948) 1 yaş böyük olsa da, onun siyasətə gəlişində və yüksəlməsində baş nazirin müavinin böyük rolu olduğu vurğulanır. Məlum olduğu kimi, Ə.Həsənov hələ Azərbaycan SSR dövründən yüksək vəzifələrdə çalışıb. Ölkəmiz müstəqillik əldə etdikdən sonra isə sürətlə yüksəlməyə başlayıb. O, 1996-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1998-ci ilin noyabr ayından Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədridir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli Sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə "Şöhrət” ordeni ilə təltif edilib. 2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında YAP Sədrinin müavini seçilib.
Saytımıza daxil olan digər məlumata görə isə, bir müddət əvvəl Şahverdiyevlərlə Həsənovların arası dəyib. Belə ki, A, Şahverdiyev bir neçə ay əvvəl Rusiyada işləyən azərbaycanlıları "otxod" adlandırmaqla həm rəsmi dairələrin, həm də xalqın qəzəbinə səbəb olmuşdu. Ə. Həsənov da mətbuata açıqlamasında "Astan Şahverdiyev əgər belə ifadələr işlədibsə, bu, böyük qəbahətdir” demişdi. A.Şahverdiyevin belə qəbahət işləməsi isə Ə. Həsənovun onu bir müddətlik ailəsindən uzaqlaşdırmaqla nəticələnib. Hətta Baş nazirin müavini nəvəsi Naillə Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin qızının bu ilin iyunun 30-da baş tutan toy mərasiminə Şahverdiyevlər ailəsini çağırmayıb. Bu isə ailələr arasında küskünlüyə səbəb olub.
Görünür, A.Şahverdiyev Naili müdafiə etməklə, həm ona uzun illər jestlər etmiş dostunun "borcunu” qaytarmaq istəyib, həm də yaranmış soyuqluğu aradan götürməyə çalışıb.
Комментариев нет:
Отправить комментарий