Müqtəda Sədrin illər öncə çox həssas dönəmdə "siyasətdən gedirəm" deyərkən bu şəxsin nə qədər qeyri-ciddi olduğunu anladım. Atası ayətullah Muhəmməd Sədrdən sonra İraq daxilində nüfuz sahibi olmağa çalışan Müqtəda Sədr həmişə şıltaqlığı və kritik vəziyyətdə narazılığa səbəb olan qeyri-məntiqi addımları ilə yadda qalıb. Amma bir tərəfdən də ayətullah Muhəmmədbaqir Sədrin kürəkəni olmasına görə İraq xalqı tərəfindən "Sədrlərin yeganə siyasi varisi" kimi qəbul olunub. İraq xalqı içində nüfuz sahibi olması və sevilməsinin əsas səbəbi də elə bu qohumluq amili olmuşur. Bu şəxsin məhşurlaşmasının digər səbəbi Səddam Hüseyn devriləndən sonra ölkə daxilində ABŞ əsgərləri əleyhinə şiələrdən ibarət "Məhdi (əc) ordusu" adlı silahlı müqavimət qruplaşması təşkil etməsi oldu.
Onun, yuxarıda qeyd etdiyim söz-söhbətə səbəb olan və bu ixtilafların sorağında olan düşməni sevindirdən addımlarından, nümunə olaraq bir neçəsini qeyd edirəm:
1. Kifayət qədər başbilənlər mövcud olan halda bir ara Bəşər Əsədə səsləndi ki, İsraili bombala. Sonra isə əleyhinə qalxdı və dedi ki, istefa ver. Bu da işğalçı ölkələrin və əlaltılarının alqışına səbəb oldu.
2. Digər bir nümunə Mosulun azadlığı əməliyyatı zamanı Həşti-şəbi ilə həmkarlıq etməməsi və başında durduğu "Səraya-salam" qruplaşmasını bu əməliyyatda iştirak etməsinə icazə verməməsidir. Halbuki bu həmkarlığa böyük ehtiyac var idi. Digər tərəfdən ölkə daxilində sakitçilik və xalq qüvvələrinin İŞİD terrorçuları əleyhinə birləşməsi lazım olan vaxtlarda, Sədrin tərəfdarları bəzilərində özünün iştirakı ilə dövlət əleyhinə mitinqlər təşkil etdilər. Mitinq iştikatçılarından İran və Hizbullah əleyhinə çıxışlar da müşahidə olunurdu. Bu mintinqlərdə bir neçə nəfər qətlə yetirildi. Daha sonra Sədrin tərəfdarları qanunsuz olaraq ölkə parlamentinə soxuldular və baş nazirlik binasına hücum etdilər. Beləliklə də ölkə daxilində kifayət qədər qarışıqlıq yarandı. Onların arasında Səddamın BƏƏS rejiminin tərəfdarları olsa da, hər halda Sədr onun adından sui-istifadə edilməsinə şərait yaradıb. İndiki şəraitdə ölkə daxilində qarşıdurmanın yaranması və eyni məzhəb daşıyıcıları arasında qardaş qırğınının başlanması ABŞ üçün gözəl fürsət olardı.
3. Digər düşməni sevindirən addımı vahhabilərin dəstəkçisi, şiəlik, İran və Hizbullah müqavimət təşkilatı əleyhinə daim antiəbliğ işləri aparan "Əl-Cəzirə" telekanalına müsahibəsi zamanı, "Ayətullah Xameneiyə İraqda siyasi və hərbi müdaxilə etməməsini məsləhət gördüm" deməsi oldu. Baxmayaraq ki, sonralar "Qasim Sülleymani İraqın ən qüdrətli şəxsidir" söyləmişdir, amma bu zamana qədər düşmən öz işini görmüş oldu.
4. İraqlıların narazılığına səbəb olan digər addımı Müqtəda Sədrin Kürdüstan əyalətinin İraqdan ayrılmasını istəyən kürdlərlə sıx əlaqəsi faktoru oldu.
5. Sədrin və ətrfındakıların Ayətullah Sistaniyə qarşı etdiyi hörmətsizliklərə Seyyid Sistani qarşılıq olaraq həmişə atalıq nəvazişi ilə reaksiya vermişdir. Hətta 2005-ci ildə Nəcəf şəhəri mühasirədə olanda, ayətullah Sistani ona böyük köməklik göstərmişdir. Məlum mitinqlər zamanı Ayətullah Sistaninin məsləhəti ilə sakitçilik yarandı.
Burada daha çox və daha acınacaqlı nümunələr yazmaq olar. Amma bəzi məsələlərin açılması məsləhətə uyğun deyil...
İndi isə müəmmalı Səudiyyə səfəri, xalqı özündən çıxardıb.
Tək məlum səfər deyil, onun illər boyu atdığı yanlış addımlar, ətrafındakı nüfuzlu şəxslərin və xalqın əksər hissəsinin ondan uzaqlaşmasına səbəb olub. Heç təsadüfi deyil ki, indi Həşti-Şəbinin tərkibində vuruşan "Nucəba", "İmam Əli", "Seyyiduş-şuhəda" və s. müqavimət qruplaşmaları, daha öncə Müqtəda Sədrin başçılıq etdiyi müqavimət qruplaşmasının tərkibində olsalar da, Sədr özünəməxsus yersiz addımlar ilə hamısını özündən uzaqlaşdırdı.
Sədrin sonuncu narahatçılıq doğuran addımı isə, Ərəbistanın Yəmənə təcavüzünün davam etdiyi, Ərəbistanın şiələr yaşayan məntəqəsi olan Avamiyyədə qətllər törətdiyi, İraq, Suriya kimi ölkələrdə qanlı cinayətlərdə əli olan terrorçulaya yardım etdiyi bir vaxtda onun bu ölkəyə məlum səfəridir. Bəziləri Müqtəda Sədri ölkəsinə dəvət edən Səudiyyə kralının, ona ata-babasının apardığı siyasəti dəstəkləmədiyini, müqavimət güclərinin qələbəsi faktoru ilə barışdığını və bu gücləri dəstəkləyən İran kimi ölkələrlə yeni münasibətlərin qurulmasında vasitəçi rolu oynamasını söyləsələr də, bu addım Riyaz kralları tərəfindən inandırıcı addıma oxşamır. Zahirdə bu və ya buna oxşar bir təklif irəli sürülsə də, Ərəbistanın apardığı məkrli siyasət, bunun yeni işğal və nüfuz planı olduğunu ortaya qoyacaq. Səudiyyə Ərəbistanını Qətərlə müqayisə etmək siyasi məntiqə sığmaz. Müqtəda Sərd İran ilə hansısa dövlət arasında vasitəçi rolunu oynayacaq mövqeyə və gücə sahib deyil. Yeni taxta otumuş Kralın "Müharibəni İranın daxilinə çəkəcəyik" deməsi və Yəmənə olan hücumlarını çoxaltması onların məkrli məqsədlərindən xəbər verir.
Dünən gecə Səudiyyə Ərəbistanının İraqdakı keçmiş səfiri Tamir əs-Subhan dedi: "Əsil şiəliklə (!) Xomeyninin yaratdığı ekstremist şiəlik arasında fərq qoymaq lazımdır". Tamir əs-Subhan hazırda Səudiyyənin Fars körfəzi ölkələri üzrə nazir-müşaviridir. Ölkənin daxili siyasətinə müdaxilə etdiyinə görə İraq hakimiyyəti tərəfindən ölkədən qovulmuşdur. Xüsusən də şiə xalq qüvvələri sünnülərin yaşadığı şəhərləri İŞİD-dən azad edəndə əs-Subhan bunu "həddi görünməyən özbaşınalıq" adlandırdı. Bu sözündən sonra onu İraqdan qovdular. Həmin vaxt əs-Subhanın ölkədən qovulmasını əsasən baş nazir Heydər əl-İbadi və xarici işlər naziri İbrahim əl-Cəfəri tələb etdilər ki, hər ikisi də şiədir.
Müqtəda Sədri Ərəbistanda qarşılayan da məhz bu şəxs oldu. Məncə bu deyilənlərdən sonra, Sədrin Səudiyyəyə səfəri ilə bağlı qaranlıq bir məsələ qalmır. Həşti-Şəbinin dağılmasını istəyən Müqtəda Sədr kimi sadəlöhv bir "syasətçi" təbii olaraq Səudiyyə Ərəbistanı kimi işğalçı bir rejim üçün böyük imtiyazdır. Heç də təsadüfi deyil ki, "Sədr hərəkatı" nın sözçüsü İranın İraq daxilində siyasi və hərbi məsələlərə müdaxiləsinə etirazını bildirmişdir.
Təəssüf doğuran məsələ budur ki, Amerika əsgərlərinə qarşı cihad fətvası vermədiyinə görə Ayətullah Sistaniyə qarşı hörmətsizlik edən Müqtəda Sədr bu gün Həşti-Şəbinin dağılmasını tələb etməklə, Səudiyyə vahhabiləri tərəfindən "əsil şiəlik" nümunəsi kimi tanınır.
Görəsən İraqın silahlı qüvvələrini silahı yerə qoymağa çağıran Sədr niyə öz ordusunun hərbi hazırlığını gücləndirir?!
Bu gün Səudiyyə İraq daxilində İran əleyhinə cəbhə açmağa maraqlıdır. Hətta siyasi ekspertlərin dediyinə görə bu planı həyata keçirmək üçün Səudiyyənin göstərişi əsasında Müqtəda Sədri terror edib, bu faciəni İranın boynuna ataraq ölkədə İran əleyhinə cəbhə açmaq fikiri də mövcuddur.
Sual doğur ki, belə bir təcrübəsiz, tələskən, özbaşınalığa meyilli və siyasi düşüncələri tam yetişməmiş Müqtəda Sədr kimi şəxsdən, Səudiyyə Ərəbistanı (təbii ki, Amerikanın göstərişi ilə) nə istəyə bilər? Bunun üçün iki mühüm faktora diqqət etməliyik. İlk olaraq Müqtəda Sədrin psxologiyasına və hədsiz liderlik ehtirasına, ikinci isə ABŞ-ın, Səudiyənin vasitəçiliyi ilə regiondakı maraqlarına baxmaq lazımdır. Düşünürəm ki, onların Sədrə bəzi aldadıcı vədlər verərək ondan istəyəcəkləri aşağıdakılar ola bilər:
1) İranın İraqdakı nüfuzunu həzm edə bilməyən vahhabi krallarının, Sədrdən İran əleyhinə çıxış etməsi və bu ölkədəki siyasətinə qarşı çıxmaq istəyi.
2) Müqavimət güclərinin qüdrət tapdığı vaxtda müxtəlif addımlarla ara qarışdırmaq.
3) İraq kimi mühüm ölkədən Qətər əleyhinə addımlar.
5) Həşti-Şəbi ilə həmkarlıq etməmək.
6) Bəşər Əsəd əleyhinə çıxışlar.
7) Ən əsası və acınacaqlısı isə İraq hakimiyyətinin Müqtəda Sədr tərəfindən ələ keçirilməsi üçün qiyamların təşkili və Sədr lider olacağı təqdirdə, Səudiyyənin onu dəstəkləmələrinə dair vədlər verməsi ehtimalıdır. Ən azından 2018-ci ildə keçiriləcək seçkilərdə Müqtəda Sədri hakimiyyətə gətirərək onun vasitəsilə yenidən İraqa nüfuz edərək arzularını reallaşdıra və yenidən İraq daxilində anti-İran cəbhə aça bilərlər.
Müqtəda Sədr yaxşı bilir ki, növbəti seçkilərdə, xalq könüllülərindən ibarət və xalqın sevgisini qazanmış Həşti-Şəbi kimi ciddi rəqib var. Bunun üçün də düşüncələrini İraq xaricində Səudiyyə Ərəbistanının maliyyə dəstəyi, daxildə isə Əmmar Həkimin siyasi dəstəyi ilə həyata keçirməyə çalışır.
Ərəbistan da öz növbəsində yeni taktika ilə İŞİD-in əlindən çıxan İraqın gələcək siyasi məsələlərində təsirli olmağa çalışır. Digər tərəfdən Səudiyyəlilər illərdir qanlı terrorları dəstəklədiyinə görə şiələrin gözündə ləkələnmiş imiclərini bərpa etmək istəyirlər.
Bu görüşü Qətər faktorunun cavabı olaraq Səudiyyənin İrana qarşı mesajı kimi dəyərləndirmək olar.
Onsuz da, Səudiyyə krallarının Müqtəda Sədrə meyl etmələrinin başlıca səbəbi, onun zəif şəxsiyyətə malik olması və yuxarıda deyilənlərin əksəriyyətinin daha öncə Sədr tərəfindən baş verməsidir. Sədrdən hakimiyyətə gəlmək naminə daha böyük səhvlər də gözləmək olar.
Hər bir halda "Düşmənə etimad etmək məğlubiyyətin başlanğıcıdır". İslam düşmənləri daim güclü zərbələr üçün zəif damarlar axtarışında olub.
Səudiyyə şahzadələri Müqtəda Sədrdən "Əbu Musa Əşəri" obrazı yaradacaqlarına ümid edirlər. Biz isə ümid edək ki, düşündüklərimizin heç biri həyata keçməyəcək və cənab Sədr səhvlərini anlayacaq.
vetenugrunda.az
Комментариев нет:
Отправить комментарий