06.08.2017

Xatirə Xatun - Gözləmişəm

Sevgilim, mən səni hər sübhi-məsa gözləmişəm,
Çəkmişəm gör nə qədər çövri-cəfa gözləmişəm.

Yatmayıb sübhə kimi razi-niyaz eyləmişəm,
Ki gətirsin xəbərin badi-səba, gözləmişəm.

Səni canımdan əziz bilmiş idim canım üçün,
Ruhumun məlhəmi, hər dərdə dəva gözləmişəm.

Bivəfasanmış, əzəldən bunu dərk etməmişəm,
Demə bihudə yerə mehrü-vəfa gözləmişəm.

Ey vəfasız, bilirəm, gözləməyim yersizdi,
Etmişəm gör nə böyük səhvü xəta gözləmişəm!

Anladım, Xatirə, indi onu sevməklə demə,
Özümə, bilməmişəm, dərdü-bəla gözləmişəm.

Комментариев нет:

Отправить комментарий