Показаны сообщения с ярлыком Azərbaycan şeir antologiyası. Показать все сообщения
Показаны сообщения с ярлыком Azərbaycan şeir antologiyası. Показать все сообщения

10.04.2012

Qırıq şeir

İlqar Fəhmi


Sən mənim ömrümdə əsən bir külək,
Sən mənim ağzımda qalan dad kimi…
Sən mənim ağ kölgəmə yatmış mələk,
Sən mənə həm doğma kimi, yad kimi…


Sən mənə can bəxş eləyən bir nəfəs,
Sən dilim altda əriyən həb kimi…
Sən mənim hər bir sözümün cizgisi,
Sən kağız üstündə mürəkkəb kimi…


Sən ki günəşsiz soyuyan bir üfüq,
Sən məni məndən ayıran xət kimi…
Sən mənə əlçatmaz, uzaq bir vətən,
Sən mənə dost-doğmaca qürbət kimi… 


Sən gözümün yaşının hər damlası,
Sən suya dön, get, əriyən qar kimi…
Sən beləsən… ömrü boyu seyrdə…
Ağlama qarşımda günahkar kimi.
Dön suya, ax, get, əriyən qar kimi...

25.02.2012

Dünya mənim olsaydı


Rəsul Yunan

YOL

Mən yollarda yerimirəm
Yollar məndə yeriyirlər
Bu ağaclar, bu tikanlar
Kollar məndə yeriyirlər

Beynimdə hər yana baxsan
Teleqraf dirəyi vardır
Quşlar tel üstə susublar
Bəlli olan son bahardır

Yollar yeriyirlər məndə!
Səfər etmək istəyirlər
Məni səndən ayırırlar!
Mənə getmək öyrədirlər...

04.02.2012

NƏ QƏDƏR Kİ MACAL VAR...

Xelil rza uluturk.jpgXəlil Rza Ulutürk

Əslinə baxsan elə
Ömür- bircə macaldı.
Çoxu hədər yaşadı
Azı ondan bac aldı.
Nə qədər ki, macaldı,
    Böyük işlər görməyə
    Tələs, qardaşım, tələs!
Bu səadət, bu fürsət
    Həmişə ələ düşməz,
Nə qədər ki, qolların
    Quca bilir göyləri,
Nə qədər ki, oynaşar
    Palıd kökünə bənzər
    Ürəyinin kökləri,
Nə qədər ki, sağ əlin
    yumruqlu, qüvvətlidir,
Nə qədər ki, sol əlin
    hələ baxır sözünə,
Barmağını sox şərin
    çesməkli, kor gözünə!

18.01.2012

YADIMA DÜŞƏNDƏ


Sərxan Əhmədov

Nə zil bildim, nə də ki bəm,
Əlimdən tez düşdü qələm.
Nələr gördüm mən bəxtikəm,
İllər yadıma düşəndə.

Cəfa çəkdim səhər, axşam,
Ürəyimdə bir ehtişam.
Gecə yanıb sönəndə şam,
Zülüm yadıma düşəndə.

Bəzən mən durdum-yıxıldım,
Sanki var idim, yox oldum.
Ürək döyündü, sıxıldım,
Ölüm yadıma düşəndə.

02.01.2012

KƏND HƏYATIM


İntiqam Hacılı

Səhər evdə
məni bu sözlərlə oyadırdılar
«dur ayağa işıqlar sönəcək
isti çay olmayacaq»
hər gün bu sözləri
saat 10–da eşidirdim
səhər yeməyindən sonra
nə edəcəyimi
heç özüm də bilmirdim
ya evdə başımı girləyirdim
ya harasa gedib firlanırdım
ya da... heç nə
günortanın istisindən
gizlənmək üçün
mütləq yatırdım
axşamçağı sərində
küçədə olurdum
uşaqlarla «söhbət» edirdim
bundan sonra gün batırdı
«gecəquşu» adlanan həyatım başlanırdı
qaranlıq bir aləm

Səhərin ən gözəl şeirləri bizdə!



Bax, daha əl eyləmir,
Gözdə itdi o gəmi.
Heç yaylıq da yelləmir,
Xırdaca, ağ yelkəni.

Susdu qağayılar da,
Uyudu qayalar da.
İncidi şor sulardan,
Tənha qalmış ürəyim.

Qaranlıq düşdü göydən
Quzeydən də, güneydən də.
Qocaldı ləpədöyəndə
Mamır basmış ürəyim.



27.12.2011

RÖYAMA QONAQ GƏL

Любовь - Романтическое признание в любвиCanlı Klassiklər


Əli İbrahimov

Bu gecə röyama qonaq gəl, gülüm,
Məni sevib-oxşa, al ağuşuna.
Bu gecə röyama qonaq gəl, gülüm,
Həsrətəm səsinə, bir baxışına.
Bu gecə röyama qonaq gəl, gülüm,
Ruhunu ruhumun yanına göndər.
Həyatda nə qədər etsən də zülüm,
Barı röyamı sən nağıla döndər.
Bu gecə röyama qonaq gəl, gülüm,
Həsrət bir gecəlik bitsin röyada.
Bizdən uzaq olsun ayrılıq, ölüm,
Onları gəl qoyaq oyaq dünyada.

12.12.2011

ŞİRİN SÖZLƏR

Avatarlar - I ♥ GuitaR

Böyükağa Qasımzadə

Mən bir güləm, qızıl rəngim salıb sayə bu aləmə,
Gülər üzlə atılmışam, bu dünyaya, bu aləmə
Çağır gəlsin dostu, yarı, ürək desin, qələm yazsın.
Saqi, sən də durma, tələs, sevinc doldur piyaləmə!


Uç, ey xəyal, tut  qolumdan, buludlara apar məni,
Yol salamat, gün aydındır, kim bu yerdə çapar məni?!
Mən insanlıq yollarında cəfa çəksəm, düşsəm dara
Nə dərdim var, gər itsəm də ürək yenə tapar məni...
 

Bütün nağıllarda, əfsanələrdə...


Əhməd Cəmil

      Bütün nağıllarda, əfsanələrdə
      Qızlar bir Günəşdir, oğlanlarsa Ay.
      Bütün mahnılarda, xoş nəğmələrdə 
      Dinən bir könüldür, susan min haray.   

      Bütün ulduzların parıltısında                      
      Əlçatmaz bir eşqin şikayəti var.
      Bütün bulaqların şırıltısında
      Ötən bir sevdanın hekayəti var.

      Dünyanın əzəli yaraşığında
      Dünyadan əzizmiş ilk sevgi andı.
      Bütün gecələrin ay işığında
      Sevənlər özünü bəxtiyar sandı.
     
     

04.12.2011

Söhrab Tahirin seçilmiş şeirləri bizdə!


QOŞA GEDƏK!

Kəmərinin gümüşünü
Ver çaylara, kəhrizlərə.
Ağ əlinin işığını
Əmdir mavi dənizlərə.
Xislətinin ipəyini
Sər dağların ətəyinə.
Öpüşünün ətrini bük
Qonçaların ləçəyinə.
Gülüşünü gül–gül çilə
Dərələrin ürəyinə.

Əyyub Qiyasın məhbəs şeirləri bizdə!


Bu gün ad günümdür!
dörd divar arasında
önümdə termosda dəmlənmiş
xoruzquyruğu çay,
qəlyanımın buğlanan tüstüsü,
bir də, bir iki rəngli şəkil.
Bu da ömürdən sovrulan
daha bir il.
özümü danlaya–danlaya
bir udum çay
bir udum tüstüylə
yola vermək istəyirəm
axşamı!
Gecə düşən kimi,
axşam olan kimi
bilirəm ki, yığışıbsız bir yerə.
Xəyallar dəli eyləyir adamı.

YOL


Yaşar Əsən

Gecə soyuq əl ilə
Ulduzları oxşarkən,
Çox istərdim qanad açam göylərə
uçam gedəm
Uzaq–uzaq yerlərə.

Qaranlıqdan ötüşəm
Aydınlığa qovuşam

Dənizlərdən keçərkən
balıqları soruşam.

Çatıb varam günəşə
Deyəm saçıl yollara
Aydınlaşsın bəlkə yol
Özgürlüyə çıxan yol.

03.10.2011

Sevgi qatili


Azərbaycan şeir antologiyası


Könül Səid

Bilinməyən bir zamanda 
naməlum məkanda 
bir pərdə enir -qalxır 
işıqlar sönür- yanır 
qarışıq süjetli bir film başlayır .... 

Saniyələr öz hökmünü versə belə 
Mən çox diqqətlə öz qatilimin 
gözlərinin içinə baxıram 
qəfildən alnından
inci kimi düzülən
tər damcılarından biri düşür 
acgözlüklə ovuclarımı açıb 
onu tuturam 
dodaqlarıma təbəssüm qonur 
sənin isə üzünün ifadəsi 
qəti dəyişmir
cani və qəddar baxışılarla 
qəlbimi yarırsan

Saniyələr öz hökmünü versə belə 
Mən çox diqqətlə öz qatilimin 
gözlərinin içinə baxıram 
uzun -uzun məsafələri qət edirəm
tozlu, paslı dəmirlər yoluma döşənir 
ayaqlarıma dolaşır 
cızılır , sivrilir nazik dərim 
çadar-çadar olur susuzluqdan dodaqlarım 
o an ovuclarımda olan 
tər damcısını xatırlayıram 
səhrada məskən salan 
susuzluğu yatıran 
bir vahəyə çevrilir 
içirəm-içirəm 
duzlu sevginin acı suyunu

Saniyələr öz hökmünü versə belə 
Mən çox diqqətlə öz qatilimin 
gözlərinin içinə baxıram 
bir anlıq səhnəyə
pərdə enir tezcə də qalxır 
dar ağacı və cəllad gəlir 
olacağa çarə yoxdur deyib 
adil hömdarımın 
ağır cəzasını gözləyirəm 
barmaqlar səhnənin o tayından 
mənə doğru tuşanır 
ölümə məhkumsan deyir 
mən isə körpə uşaq kimi 
boynumu gizlətməyə çalışıram 

Saniyələr öz hökmünü versə belə 
Mən çox diqqətlə öz qatilimin 
gözlərinin içinə baxıram 
amma fərqli zamanın 
qanlı pəncərəsindən 
çünki qan yağışı yağır 
mənim evimə 
Saniyələr öz hökmünü versə belə 
Mən çox diqqətlə öz qatilimin 
gözlərinin içinə baxıram 
gözlərimdən min rəng oxunsa belə 
çox diqqətlə baxıram 
təslim olmuram 
ölümün bilinməyən rənginə 
müəmmalı qalır 
mənə dikilən baxışlar 

Saniyələr öz hökmünü versə belə 
Mən çox diqqətlə öz qatilimin 
gözlərinin içinə baxıram 
hökmünü baxışları ilə verir 
endirir ölümcül zərbələrini 
yaralanmış qəlbimin qaysaglarına 
sərsəri ruhumun sərsəm yuxularından
qaçmaq üçün 
sənə sığınmışdım 
amma çaşbaş addımlarımla 
nədənsə dolaşdım 
yıxıldım 
üzümə , gözümə
dodaqlarıma
torpaq yapışdı 
ayağa dursam da 
təmizlənə bilmədim 
ləkələndi bədənim 
çirkaba bulaşdım 
haqsız dünyanın 
qaranlıq döngələrində 

Saniyələr öz hökmünü versə belə 
Mən çox diqqətlə öz qatilimin 
gözlərinin içinə baxıram 
baxıram ki baxışlar 
bitməz , tükənməz 
dünyalara sürükləyir məni 
baxıram ki baxışlar 
min bir cildə salır məni 
uzun yolların tikanlıqlarına 
salır- çıxarır 
qaranlıqdan işıqlığa 
ya da əksinə 
dar bir quyunun dibinə endirir 
baxıram ki bu qatil 
fərqli qatildi 
gah yaxşı 
gah məkrli 
gah da ki , çox sakit 
baxıram ki , sonsuz fəzanın 
ağ buludlarında 
mənə döşək düzəldir 
baxıram ki  arada 
ilmələri tək-tək söküb 
yamaqdan məni yerə tullayır

Anlaşılmaz qalan məqamlarda 
tapıram həqiqətin izini 
baxıram ki bu qatil 
əslində sevir məni ... 

Saniyələr öz hökmünü versə belə 
Mən çox diqqətlə öz qatilimin 
gözlərinin içinə baxıram 

pərdə enir ....enir ....enir ... 

21.07.2011

ÖLÜMƏ KİMİ YOL


                                                                                Mir Bağır

bu qızı aldadıblar
cibi pullu qəlbi daşlar
taleyindən hara qaça
yanağında cığır açan
çənəsindən düşən yaşlar
gözlərində sürmə kimi
içdən qopan bir hıçqırtı
ürək dayanmır guppagup
boynunda ip
ipi dartır
stul aşır tarap-turup
yol qısa ölümə kimi

nə qədər qusməti eyni
dərdi eyni insanlar var
qəm içində qatar-qatar
ağır yollar atar-tutar
ama dözüb yaşayarlar
boyun əyib zülmə kimi
sonra içlərində üsyan
vuruşarlar, vuruşarlar
yol gedib ölümə kimi

bu da mənəm
əsir çənəm
yenə cızır qələmim
qəlbi para bu tənimin
həsrəti min
qəmi min

lal ediblər dilimi
qandallayıb əlimi
kor ediblər gözümü
yaddaşlardan siliblər
tariximi izimi
mənim ana vətənimin
hər tərəfi türmə kimi
azadlıq yox
ölümə kimi

11.06.2011

Rasim Qaracanın ən yaxşı şeirləri bizdə!


                                  MİLYONLAR

Milyonlar
həyatın dibiylə
uçurumların kənarıyla
susuz dodaqların çatlarıyla
şəhərlərin zibilxanalarıyla
darısqal küçələrlə
dilənçilər cərgəsiylə
civilərin yalvarışıyla
yataqxana divarlarına sürtünərək
ac bəbəklərin parıltısıyla
çayxanaların yarımqaranlığıyla
ümüdsizlərin yaxın dostu külqabılarla
acı bir təbəssümlə irişən
cırıq ayaqqabılarla
həyatın hər üzünü görmüş
əzik manatlıqlarla
körpələrin burun pərləriylə
boyalı məhəbbət yağışlarıyla
avtomobillərin gözvurmalarıyla
mehmanxanaların 1001-ci mərtəbəsiylə
itəmcək qadınların
ağız suyuna bulaşaraq
yertərpəmi
ürəklərin partlağıyla
alnıma dirənmiş tapançayla
«həyat, sənə doydum» bağırtısıyla
sərrast bir tüpürcəklə
ildırım çaxışı bir hönkürtüylə
göz yaşı, göz yaşıyla
batan günəşin qanıyla
milyonlar


                                     ARANJMAN
                          (Həmid Herisçinin şeirinə)

Dəmir yollar arasında bitən otlar,
əzə bilməz sizi yellər
nə də ötən qatarlar.
özümü qatar altına atmağa
gəlsəm də
sizi əzməyəcəm mən də
söz verirəm.

Ancaq məni əzdilər
yanaqları qoz ləpəsinə bənzər
o qarının yazdığı bədnəzər
duası belə
kömək eləmədi mənə

Ancaq, ulduzlarla tozlanmış
bu eynəyi köynəyimin ətəyinə
silər kimi gəlir mənə
ömrün sona yetməyi

Paslı ümid qayçısıyla
dırnaqlarını tutduğum insan
sən demə şeytan iniş
mən bunu anlayanda iş
işdən keçmişdi

Dəmir yollar arasında bitən otlar,
ölümcüldür yaram
qoy sizdə qalsın son
xatirəm.

Anlamasız şeirlər

                    TƏNHALIQLARIN ƏRƏBİ

Küçə mahnılarıyla dolu çarəsiz üzüm dənələri
Səsini qapı aralığından sərmiş sormadan ay
Sanki titrək balinalarında sevgili bıçaq
Adını dilə gətirəcək yağış damlaları ilə birgə

Sabah erkən ərəb şeyxinin kölgəsində göyərçinlər
Pillələrlə üzü aşağı üzüm dənəcikləri ya rəb
Məxmər parçadan quşların civiltisi yola düşəcək
Bu axşamüstü sarmaşıqlara dönən misralar
Qapı aralığından titrək sevgili yağış damlası
Adını pillələrlə yuvalardan məxmər civiltilər
Bu axşamüstü küçə mahnılarıyla dolu göyərçinlə
Tənhaqlıqları sarmaşıqlara döndərən ərəb.

                   DODAQ BOYASI İLƏ ANLAMSIZ KÜÇƏ

Hər şeyi yağışı hətta işsiz qaldığın günləri
bir zaman adalarda guya aşkara bulvar səkisi
ancaq plaskart vaqonlar madam ki qürbətdəsən
keçən bazar günü qaysı bulaqlarına cisələr kor

bir an dayanmadan söylə qarla örtülü zaman
ayaq izlərinə də gecə dolub düyməsiz mərmər
heç kəs kədərli olmasın deyə balıqçı torları
sən ovcunu ulduzlarla açdığın adda bəlkə su

dodaq boyası ilə hər şey hətta bu adamsız küçə
bahar damlayır deyirlər ki çörək duz salat
hər addımda dabanlarım axşam günəşi sözbə söz
qorxudan yalan söylər yaşlı qapaqlı saat