Azərbaycan şeir antologiyası
Könül Səid
Bilinməyən bir zamanda
naməlum məkanda
bir pərdə enir -qalxır
işıqlar sönür- yanır
qarışıq süjetli bir film başlayır ....
Saniyələr öz hökmünü versə belə
Mən çox diqqətlə öz qatilimin
gözlərinin içinə baxıram
qəfildən alnından
inci kimi düzülən
tər damcılarından biri düşür
acgözlüklə ovuclarımı açıb
onu tuturam
dodaqlarıma təbəssüm qonur
sənin isə üzünün ifadəsi
qəti dəyişmir
cani və qəddar baxışılarla
qəlbimi yarırsan
Saniyələr öz hökmünü versə belə
Mən çox diqqətlə öz qatilimin
gözlərinin içinə baxıram
uzun -uzun məsafələri qət edirəm
tozlu, paslı dəmirlər yoluma döşənir
ayaqlarıma dolaşır
cızılır , sivrilir nazik dərim
çadar-çadar olur susuzluqdan dodaqlarım
o an ovuclarımda olan
tər damcısını xatırlayıram
səhrada məskən salan
susuzluğu yatıran
bir vahəyə çevrilir
içirəm-içirəm
duzlu sevginin acı suyunu
Saniyələr öz hökmünü versə belə
Mən çox diqqətlə öz qatilimin
gözlərinin içinə baxıram
bir anlıq səhnəyə
pərdə enir tezcə də qalxır
dar ağacı və cəllad gəlir
olacağa çarə yoxdur deyib
adil hömdarımın
ağır cəzasını gözləyirəm
barmaqlar səhnənin o tayından
mənə doğru tuşanır
ölümə məhkumsan deyir
mən isə körpə uşaq kimi
boynumu gizlətməyə çalışıram
Saniyələr öz hökmünü versə belə
Mən çox diqqətlə öz qatilimin
gözlərinin içinə baxıram
amma fərqli zamanın
qanlı pəncərəsindən
çünki qan yağışı yağır
mənim evimə
Saniyələr öz hökmünü versə belə
Mən çox diqqətlə öz qatilimin
gözlərinin içinə baxıram
gözlərimdən min rəng oxunsa belə
çox diqqətlə baxıram
təslim olmuram
ölümün bilinməyən rənginə
müəmmalı qalır
mənə dikilən baxışlar
Saniyələr öz hökmünü versə belə
Mən çox diqqətlə öz qatilimin
gözlərinin içinə baxıram
hökmünü baxışları ilə verir
endirir ölümcül zərbələrini
yaralanmış qəlbimin qaysaglarına
sərsəri ruhumun sərsəm yuxularından
qaçmaq üçün
sənə sığınmışdım
amma çaşbaş addımlarımla
nədənsə dolaşdım
yıxıldım
üzümə , gözümə
dodaqlarıma
torpaq yapışdı
ayağa dursam da
təmizlənə bilmədim
ləkələndi bədənim
çirkaba bulaşdım
haqsız dünyanın
qaranlıq döngələrində
Saniyələr öz hökmünü versə belə
Mən çox diqqətlə öz qatilimin
gözlərinin içinə baxıram
baxıram ki baxışlar
bitməz , tükənməz
dünyalara sürükləyir məni
baxıram ki baxışlar
min bir cildə salır məni
uzun yolların tikanlıqlarına
salır- çıxarır
qaranlıqdan işıqlığa
ya da əksinə
dar bir quyunun dibinə endirir
baxıram ki bu qatil
fərqli qatildi
gah yaxşı
gah məkrli
gah da ki , çox sakit
baxıram ki , sonsuz fəzanın
ağ buludlarında
mənə döşək düzəldir
baxıram ki arada
ilmələri tək-tək söküb
yamaqdan məni yerə tullayır
Anlaşılmaz qalan məqamlarda
tapıram həqiqətin izini
baxıram ki bu qatil
əslində sevir məni ...
Saniyələr öz hökmünü versə belə
Mən çox diqqətlə öz qatilimin
gözlərinin içinə baxıram
pərdə enir ....enir ....enir ...
Комментариев нет:
Отправить комментарий