10.04.2012

Qırıq şeir

İlqar Fəhmi


Sən mənim ömrümdə əsən bir külək,
Sən mənim ağzımda qalan dad kimi…
Sən mənim ağ kölgəmə yatmış mələk,
Sən mənə həm doğma kimi, yad kimi…


Sən mənə can bəxş eləyən bir nəfəs,
Sən dilim altda əriyən həb kimi…
Sən mənim hər bir sözümün cizgisi,
Sən kağız üstündə mürəkkəb kimi…


Sən ki günəşsiz soyuyan bir üfüq,
Sən məni məndən ayıran xət kimi…
Sən mənə əlçatmaz, uzaq bir vətən,
Sən mənə dost-doğmaca qürbət kimi… 


Sən gözümün yaşının hər damlası,
Sən suya dön, get, əriyən qar kimi…
Sən beləsən… ömrü boyu seyrdə…
Ağlama qarşımda günahkar kimi.
Dön suya, ax, get, əriyən qar kimi...

Комментариев нет:

Отправить комментарий