“Media forum” saytının oxucularının suallarını görkəmli incəsənət xadimi Yalçın Rzazadə cavablandırır.
Yalçın Rzazadə 1946-cı ildə Bakıda anadan olub. Mədəniyyət və İncəsənət Universitetini və Bakı Musiqi Akademiyasını bitirib. 1979-cu ildə əməkdar artist, 1999-cu ildə xalq artisti adına layiq görülüb. Prezident təqaüdçüsüdür. Mədəniyyət və İncəsənət Universitetinin vokal və pop musiqi kafedrasının müdiridir. Evlidir, üç övladı var.
Müəllim, Bakı: Köhnə Bakı ilə yeni Bakı arasında hansı fərqlər sizi daha çox kədərləndirir?
Cavab: Bakıda dünyaya göz açıb, Bakıda da böyümüşəm. Uşaqlığım Dağlı məhəlləsində keçib. Məşhur aktyorumuz Yaşar Nuri ilə bir-birimizi “məhlə uşağı” adlandırırıq. Bir vaxtlar əslən bakılıları hətta ayrı bir millətə də tay tuturdular. Müəyyən mədəniyyət, adət-ənənə, davranış fərqinə görə...
Bakı həm görünüşünə, həm də sakinlərinə görə çox dəyişib. İnkişaf var, yeni tikililər ucaldılır, parklar, yollar salınır. Amma Bakının qədimliyi itir. Yeni binalar şəhərin infrastrukturu nəzərə alınmadan harda gəldi bir ucdan tikilir.
Mən dünyanın çox şəhərində olmuşam, azdan-çoxdan görmüşəm. Bakıda bir tərəfdən tikirlər, o biri tərəfdən sökürlər. Tikilsin, Allah kömək olsun, amma elementar inşaat etikasına riayət edilmir. Küçəyə çıxandan 10 dəqiqə sonra ayaqqabının üstündəki tozu görəndə, küçələrin kənarında səki qalmadığını görəndə insanın könlü qaralır. İşi çəmlə görmək lazımdır. Sağ olsunlar, qədim binalar təmir olunur, yəni ən azından binaların üstünün daşını yonurlar. Amma bu işlər görülən zaman sakinlərin rahatlığı da nəzərə alınmalıdır. Tikinti aparılan binanın üstünü xüsusi torlarla örtmək, toz qalxmaması üçün mütəmadi sulamaq lazımdır. Əfsuslar olsun ki, Bakıda bu qaydaların heç birinə riayət olunmur.
Bulvarımız çox dəyişib. Təbii ki, çox təqdirəlayiq təmir işləri aparılıb. Amma mən bakılı oğlan kimi şəhərimin qədimliyinin tam silinməsini istəmirəm. Çox uzağa getməyək, İstanbula, Tiflisə baxanda şəhərin qədimliyinə toxunulmadığı görünür. Hətta çox inkişaf etmiş şəhərlərin mərkəzi hissələrinin qədimliyinə toxunmurlar, “köhnə şəhər”lər xüsusi qorunur, yeni tikililər də qədim formada tikilir. Mən şəxsən uşaqlığımın İçərişəhəri üçün çox darıxıram.
Vahid Qazi: 1987-ci ildə Orenburq çöllərində əsgərlikdə idim. Poliqona gedən yolun üstündəki kəndin içindən keçəndə bir rus daxmasında radiodan Yalçın Rzazadənin mahnısını eşidib sevincimdən elə təsirlənmişdim ki... ayaq saxlayıb mahnı bitənəcən dinləmişdim. O vaxt uzaq-uzaq yad ellərəcən çatan bir səsi indi burda - Bakıda niyə eşidə bilmirik?
Cavab: Vahid bəy, böyük hörmətlərimi yetirirəm. Bilmirəm o vaxt rus daxmasında səsimin eşidilməsinə sevinim, yoxsa sizin həsrətinizi yüngülləşdirdiyimə görə... Bilirsiz, mümkün qədər səsimin eşidilməsinə çalışıram. Elə olur ki, səhhətim əl verməsə də, gün ərzində üç dəfə efirə çıxıram. Ağrıyıram, Vahid bəy, ürək xəstəliyindən əziyyət çəkirəm. Həm də Azərbaycanda televiziya məkanının vəziyyəti heç kəsə sirr deyil. Elə vaxtımdır ki, hər verilişə də çıxa bilmirəm. Mən şou göstərə bilmərəm, ömrümün sonuna kimi də göstərməyəcəm. Amma xoşbəxtəm ki, efirdə də məni çox hörmətlə tədim edirlər. Həm də xoşbəxtəm ki, nə qədər çıxış etsəm də, bu sizə az görünür. Deməli, xalqıma, millətimə, dinləyicilərimə hələ də lazım olan sənətçiyəm.
Elnur Eltürk, jurnalist-tarixçi, Bakı: Yalçın müəllim, sizə elə gəlmir ki, bu gün zövqsüz, mənası bilinməyən mahnıların televiziyalarımıza yol açması millətimizin gələcəyi üçün faciələrə gətirə bilər və hətta mən deyərdim ki, belə bayağı mahnılar düşmənlərimizin tarixən bizə vurduğu zərbədən qat-qat ağırdır?
Cavab: Mən 42 ildir sənətdəyəm, dahi sənətçilərin, şairlərin, bəstəkarların arasında böyümüşəm. 50-dən çox ölkədə olmuşam və həmin ölkələrin sənətçiləri ilə tanışam. Mədəniyyətimizdə böyük problemlər var. Bu yaxınlarda müalicə üçün İstanbulda olanda musiqi diskləri satılan mağazaya getdim. Həmin mağazada bir Azərbaycan sənətçisinin də ifasını, musiqisini eşitmədim. Bu məni çox üzdü.
Bəzən düşünürəm ki, bəlkə mən problemi çox qabardıram, bəlkə özüm çoxdandır bu sənətlə məşğul olduğum üçün mahiyyətə varıram. Amma vallah, bu gün yazılan mahnıların nə əvvəlini, nə də axırını başa düşə bilirsən. Mahnılar çox zövqsüz, səviyyəsizdir. Düzdür, istedadlı gənclər var, amma onlara təhsil vermək, düzgün yönləndirmək lazımdır.
Mən Azərbaycanın televiziya kanallarına çox da baxmıram. Çünki nə düz-əməlli mədəniyyət verilişi hazırlanır, nə də informasiya proqramı. Nə bilim, bəlkə burda düşmən əli var ki, bizim poeziyamız, musiqimiz, mədəniyyətimiz bu kökə düşüb?
Bir məsələ də var ki, bu problem çox ölkədə yaşanır, sanki vakuum yaranıb. Qardaş Türkiyədə, qonşu Rusiyada, Gürcüstanda minlərlə cavan qız-oğlan efirdə atlanıb düşür. Nə səs, nə ifa, nə də musiqi var. Təbii ki, bunu zəmanə problemi adlandırmayacam. Zaman insanı yaratmır, insan zamanı yaradır. Ritm, dəb dəyişə bilər, amma istedad həmişə olur. İstedadı önə çıxarmaq lazımdır. Bu gün musiqimiz də xəstələnib. Xəstəliyin tamamilə yayılmaması üçün xəstə mahnıları aradan yığışdırmaq lazımdır.
Könül, hüquqşünas: Sizcə, yaxşı müsiqi ilə insanı tərbiyə etmək olar? Ümumiyyətlə sənətin belə bir məqsədi varmı?
Cavab: Əlbəttə ki, olar. 1941-45 müharibəsində əsgərlər mahnı oxuya-oxuya güllənin altına yürüyürlərmiş. Bir çox sənətkarımızın mahnıları, elə mənim də bəzi mahnılarımın sədası altında həkimlər əməliyyat aparırlar. Hətta musiqi ilə müalicə metodları da kəşf olunub. İnsanlar yorğunluqlarını yaxşı musiqi ilə alırlar. Musiqi həm də ruhun tərbiyəsidir. Sənətkara həm də kütlənin tərbiyəçisi kimi münasibət bəsləmək heç də səhv deyil. Hərçənd sənətin birbaşa belə bir məqsədi yoxdur.
Asəf Şərifov, tələbə, Gəncə: Deyirlər günahdan xilas olmağın iki yolu var: təslim olmaq və təslim olmamaq, dözmək. Hər iki halda da insan əzab çəkəcək. O zaman xilasdan necə həzz alınmalıdır?
Cavab: Qəribə sualdır, təşəkkür edirəm. Həyat heç zaman mənim başımı sığallamayıb. Atam, anam olub, amma mən başqa cür yetim olmuşam. Sınmamışam, heç vaxt ruhdan düşməmişəm. Mənəvi cəhətdən varlı olduğum üçün heç vaxt nəfsimə qurban getməmişəm. Babam axund olub, həmişə deyərdi ki, həyatdan əlini ancaq o dünyanın qapısında olanda üz. Allaha inanan adamam, bu da mənə rahatlıq verir.
Tələbəmiz sualında dözmək deyir, amma mən buna mübarizəyə davam deyərdim. İnsan gərək özünə heç vaxt acımasın. Həyatdan sadəcə müəkəmməlik gözləmək avamlıq olardı. Möhkəm olmaq lazımdır, dönüb arxaya baxan zaman məğrur duruşunu gördükdə alınan həzz daha gözəl olur.
Ülfət Bəkirzadə, həkim: Mövzu ənənəvidir: “Hakimiyyət və sənətkar”:
“Мне дела нет, свободно ли
Печать морочить олухов,
Или чуткая цензура рукою
Cтрогою смиряет балагура.
В журнальных замыслах стесняет балагура:
Все это, видите, слова, слова, слова...
Иные, лучшие мне дороги права.
Иная, лучшая потребна мне свобода...”
Bir vaxtlar Puşkin belə yazardı. Sizin münasibətinizi bilmək maraqlı olardı.
2009-cu ildə ürək ağrılarından əziyyət çəkirdiniz. Yaxşılaşmısız?
Cavab: Puşkin klassikdir, bir neçə kəlmə ilə mahiyyəti tam aydın izah edib. Sənətkar istedad kimi doğulur. İstedad sərhəd, məhəl tanımır. Məşhur bir söz var, istedad ağır bir yükdür, onu dahi insanlar çiyinlərində daşıyırlar. Nəsimi dərisi soyulanda da bu cahana sığmadığnı deyib. Sənət insanı çox həssas olur, ona azadlıq həmişə nisbi gəlir. Sənətkar, ziyalı həmişə müxalif fikirli olmalıdır. Axı o, məsələyə subyektiv yanaşa bilməz. Mən torpağımı, dövlətimi sevən insanam. O qədər imkanlar olub ki, Azərbaycandan gedim və bundan qat-qat yaxşı şərtlərlə yaşayım, amma getməmişəm. Bir ay vətəndan uzaqda qalanda ürəyim partlayır. İstəmirəm ki, ziyalılarımız nə iyrənib çəkilsinlər, nə də subyektiv maraqlarına görə ağızlarına su alsınlar. Sənətkar, ziyalı tək özünü fikirləşə bilməz. Özünü yalnız xalqına faydalı olması üçün düşünməlidir.
Təbii ki, sənətkarın maddi təlabatları ödənilməlidir ki, yaradıcılıq barədə düşünə bilsin. Sənətkar bir qarın çörək dalınca qaçanda sənət onu düşündürəcək ən sonuncu şey olur. Könül istər ki, sənətkarlarımıza sənət azadlığı olsun. Bura həm maddi, həm də mənəvi azadlığı aid edirəm.
Xarici ölkədə qastrol səfərlərimizin birində jurnalist məndən bu cür gözəl səslə, uzun illərin sənətçisi olmağıma baxmayaraq niyə diskimin olmadığını soruşdu. Mən ona maddi imkanım yoxdur cavabını verməmək üçün dəqiqələrlə susdum. Düzdür, ayrı-ayrı vaxtlarda Fransada, Norveçdə, Azərbaycanın özündə kasetlərim, disklərim çıxıb. Amma sənətkara diqqət, qayğı hər zaman lazımdır. Sənəti millətə gərəkli olmayan insanlara göstərilən qayğı əsl ziyalılarımıza, sənətkarlarımıza göstərilsə, yaxşı olardı. Dövlət mənə xalq artisti adı, dövlət mükafatı verib, prezidentdən müəyyən qədər təqaüd alıram. Amma laqeyd münasibət istənilən halda insanı incik salır.
Səhhətimlə maraqlandığınıza görə çox təşəkkür edirəm. Ürək xəstəliyim var, elə o vaxt böyük oğulların köməkliyi ilə İstanbulda Acı Badem Xəstəxanasında müalicə olundum. Öz əlimdə olan imkanla, dost-tanışın hörməti ilə müalicə aldım, amma problem həll olunmadı. Mən həmişə deyirəm ki, həyat yaxşı insanların çiyinlərində durur. Vay o gündən ki, yaxşılar öz çiyinlərini çəksin.
Xəstə olanda müxtəlif ölkələrdən məni sevənlər zəng vurub kədərləndiklərini dedilər, sevgilərini çatdırdılar. Korifey Rəşid Behbudovun ailə üzvləri zəng vurub özümdən muğayat olmağı tapşırdılar. Bu mənə tibbi müalicədən daha yaxşı təsir elədi, boşa yaşamadığmı hiss elədim. Müalicə aldım, qismən yaxşılaşmışam. Bu yaxınlarda Türkiyədə olan dostlarımın köməkliyi ilə yenidən müalicəyə gedəcəm. Gərək ürəyimin arterial klapanı əməliyyat olunsun. Çalışıram yaxşı olum. Dinləyicilərim, xalqım xəstələnməyə ixtiyarım olmadığını deyir.
Şəmsiyyə Mehbalıyeva, müəllimə: Deyirlər sənətkar ictimai fəaliyyətə başlayan andan bitir. Elədirmi?
Cavab: Çox doğrudur. Elə bir sənətkar tanımıram ki, ictimai fəaliyyətlə məşğul olanda sənətini eyni axında davam etdirsin. Mən özüm şəxsən İncəsənət Universitetində çalışıram və bu istər-istəməz mənim xeyli vaxtımı alır. Universitet mənim sənətimdən çox şeyi oğurlayır. Bu işə keçəndən verilişlər, mahnılar yığışıb qalıb. Yaradıcılığa yetərincə vaxt ayırmaq olmur. Hörmətli alimimiz, deputat Rəfael Hüseynov “Canlı klassik” adı ilə haqqımda veriliş hazırlayırdı, o vaxtdan beynimdə qurcalanır ki, axı mən hələ canlıyam, nəyə görə sənətimdə passivlik müşahidə olunmalıdır. Hər dəfə universitetin qarşısındakı qarovulçu mənə yaxınlaşıb ürək sözlərini deyəndə, sənətkara hörmət olaraq heç 40 qəpik pulu belə məndən almayanda sanki dünyaları mənə verirlər. Hörməti sənətimlə qazanmışam, kağız-kuğuz işləri ilə kənara çəkilmək istəmirəm. Vaxtımı sənətə lazımsız olan işlərə sərf etmək heç də ürəyimdən deyil.
İlqar, maliyyəçi, Sumqayıt: Aldığınız fəxri adlar sizə vaxtında verilib, yoxsa gecikib?
Borclu borclunun sağlığını istər, bəs siz kimin sağlığını istəyirsiniz?
Cavab: Həm vaxtında, həm də gecikib. Mən heç vaxt şikayət eləməmişəm. 3-cü kurs tələbəsi olduğum vaxt, 1971-ci ildə Azərbaycan Dövlət Teleradio Komitəsinə məni Mərkəzi Komitənin tapşırığı ilə solist götürmüşdülər. 1975-ci ildə Ali Sovetin fəxri fərmanını, 1978-ci ildə 2-ci fəxri fərmanını, 1979-cu ildə isə əməkdar artist adını aldım. O vaxt nadir adamlara əməkdar artist adı verilirdi, mən heç 10 il deyildi ki, sənətdəydim, amma bu mükafata layiq görülmüşdüm. 1980-ci ildə dövlət mükafatı verildi və onunla da unuduldum. 2000-ci ildə öndər Heydər Əliyevlə konsertdən sonra görüşümüzdə mənə niyə ad verilmədiyini, niyə unudulduğumu soruşdu. Mən heç nə demədim, ad, mükafat hamısı şərtidir dedim. Bir həftə sonra Heydər Əliyev mənə xalq artisti adını verdi. Hesab edirəm ki, bu mükafat mənə gecikmiş mükafat oldu.
Bu gün öz sənət fəaliyyətimə dönüb baxanda heç də az iş görmədiyimi görürəm. Mən Azərbaycan mədəniyyətinə geyim tərzi, ifa ilə yenilik gətirən sənətçi olmuşam. Bu gün kinofilimlərdə mənim oxuduğum mahnılar hələ də sevilərək dinlənilir. Elə filmlər var ki, sırf mənim ifa etdiyim mahnı ilə xatırlanır. Hələ də mahnılarımı həm gənc nəsil, həm də yaşlı nəsil oxuyur. “Bakı, sabahın xeyir” mahnısı hər səhər bütün televiziyalarda səslənir.
Yadımdadır, Oqtay Kazımovun Cabir Novruzun sözlərinə bəstələdiyi “Sağlığında qiymət verin insanlara” mahnısını oxuduqdan sonra məni bir müddət efirə burxmadılar. Həmin ərəfələrdə gəmidə korifeylərimizlə, hörmətli sənətkarlarımızla Neft Daşlarına gedirdik. Mən gəmidə sakitcə oturmuşdum, unudulmaz bəstəkarımız Tofiq Quliyev mənə yaxınlaşıb niyə məyus durduğumu soruşdu. Mən nəyə görə sıxışdırıldığımın, süni problemlər yaradıldığının səbəbini anlaya bilmədiyimi dedim. Soruşdum ki, bəlkə istedadım azdır, bu işi bacara bilmirəm, Tofiq Quliyevin verdiyi cavabı hələ neçə illər sonra qavradım. O mənə dedi ki, sən öz ifanla yeni cığır açmısan, dövrünü bir qədər qabaqlamağın narahatlıq yaradır. İllər keçdi, Tofiq müəllim yoldaşlardan birinin qonaqlığında mənə dedi ki, bax, indi sənin vaxtındır. Bax, belə...
Keçək İlqar bəyin növbəti sualına. Mən xalqımı, millətimi, insanlığı sevən insanam. Səmimiyəm, sadə insanları xüsusilə sevirəm. Əlbəttə, mən hər kəsin sağlamlığını istəyərəm. Çünki həqiqətən sağlam insanın əməli də sağlam olur.
Günel, Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi: “Qayınana”, “Dədə Qorqud”, “Baladadaşın ilk məhəbbəti”, “Gün keçdi” və sair kinofilmlərin musiqilərini ifa etmisiniz. Yəni filmin ssenarisinə, ruhuna uyğun düzgün mahnı, musiqi seçimini edəcək birisisiz. Bügünkü Azərbaycanın güzəranını dəqiq əks etdirən film çəkilərsə, o filmdə hansı mahnını ifa edərdiniz?
Cavab: Deyim ki, mən hər hansı kinonun mahnısını ifa etməmişdən öncə mütləq filmin ssenarisi ilə tanış oluram. Mahnını gərək filmin ruhunu, qəhrəmanın xüsusiyyətini duyub oxuyasan. Çox sevdiyim dostlarımdan Cabir Novruzun (Onun yoxluğunu elə gün olmur ki, hiss etməyim. Mənim çox az dostum qalıb, kimsəsizləşmişəm. İstanbulda xəstəxanada yatanda dost kitabımı bir də vərəqlədim və xeyli vərəqi cırıb atdım. Kitabımda cəmi-cümlətanı üç dostum qaldı) dünya barədə dediyi sözlər həmişə qulağımdadır. Öz Azərbaycanımdan mənə qarşı çox laqeyd münasibət görmüşəm.
Düzdür, şükürlər olsun, yaxşı insanlarımız da var, Allah onlara kömək olsun. Çox sadə misal çəkəcəm, mən Azərbaycan sənətkarıyam, nəyə görə müalicəmi Türkiyədə, Rusiyada olan dostlar qarşılamalıdır? Belə şeyləri dilə gətirməyi heç sevmirəm, amma Azərbaycanda sənətkara olan biganə münasibət məni çox göynədir. Nə isə... Cabir Novruz ölümündən bir neçə il öncə “Bu dünya düzələn deyil” şeirini yazdı və o sözlərə gözəl musiqi bəstələndi. Mən Azərbaycana bu sözlərə bəstələnmiş mahnını oxuyardım:
“Nəyinə diri deyirlər,
İblisdir, hürü deyirlər.
Allahın sirri deyirlər,
Boş dünya, fındıq dünyadır,
Çaş dünya, zındıq dünyadır.”
Vüqar, Bakı: Sizcə, son vaxtlar muğamın bu şəkildə kütləviləşdirilməsi yaxşıdır, yoxsa pis? Yəni gün boyu televiziya kanallarında muğama sevgi kimi təqdim olunan şoular problemdən məntiqli çıxış yoludur?
Niyə toylara getmirsiniz?
Cavab: Muğam bizim sərvətimizdir, muğam çözülməz kəşfimizdir, təkrarolunmaz sənətimizdir. Çox gözəl muğam sənətkarlarımız, xanəndələrimiz olub və indi də çox istedadlı gənclər çıxır. Mən şəxsən muğam üstündə yazılan, xüsusilə “Bayatı Şiraz”da yazılan mahnıları daha çox sevirəm. Muğamımıza inkişaf lazımdır deyirlər. Amma inkişaf o demək deyil ki, hər yerindən duran əlinə qaval alıb muğam oxusun, muğama əcaib sintezlər olunsun və sair. Muğam oxumaq üçün ustadlıq lazımdır, muğamı çərçivədən çıxarmaq lazım deyil. Hər yerdə müsabiqələr keçirilir, amma vur-tut iki xanəndə çıxıb, ya çıxmayıb. Bəli, muğam bizə lazımdır, vacibdir, amma ifrata getmək olmaz. Muğamı harda və nə zaman oxumasını biləcək ustad xanəndə lazımdır. Hər bir şey əndazəsində qalsa daha yaxşıdır.
Toyla əlaqəli çox sual verilir. Düzdür, toy modelimiz xeyli dəyişib. İmkanı olan da, olmayan da var-yoxundan çıxıb dəm-dəstgahlı toy keçirir. İmkanı bir az çox olan toyda 20-dən çox müğənnini ard-arda düzür. Nə musiqiyə qulaq asılır, nə də ağız deyəni qulaq eşidir. Gələnlərin əksəri də hazır diski qoyub fanoqram ifa edir. Əfsuslar olsun ki, artıq toylarda da fonoqram oxuyurlar. Toy yiyəsinə deyən gərək, get kimin diskini istəyirsən qoy, qonaqların da oynasın. Bəzən çox dəyərli sənətkar gəlir toya və heç kim onu dinləmir. Amma biri fonoqramda tarap-turup mahnı qoyan kimi hər kəsin səsi kəsilir, ziyalısı, gənci qarışıq cumurlar oynamağa. Razıyam, toy oynamaq üçündür, amma toyda da sənət olmalıdır. O ki qaldı mənə, hesab etmirəm ki, içki məclisində müxtəlif əhvallı adamlar mənə sənətkar kimi qiymət versinlər.
Fərid, Yasamal uşağı: Yalçın müəllim, Türkiyədə albom hazırlayacağınızı deyirdiniz. Yeni albom gözlənilir?
Cavab: Mart ayında Türkiyədə müalicədə olanda məni dinləyənlər indiki vaxtda belə səsə rast gəlinmədiyini dedilər. Türkiyənin özündə artıq gözəl ifaya nadir rast gəlinir. Orada da niyə albom buraxmadığımı dəfələrlə soruşdular. Albom axı mənə rahat başa gəlmir. Azərbaycanda da disk çıxarmağımı təklif edənlər var, amma ehtiyat edirəm. Çünki Azərbaycanda müəllif hüquqları pozulur, fonddan mahnılar icazəsiz oğurlanır, disk satışını piratlıq ümumiyyətlə viran qoyub. Fransada, Norveçdə diskim çıxanda işin maddiyyat tərəfini mən qarşılamamışdım. Bu gün diskimin çıxmağı mənim marağımda deyil, əgər sənətkaramsa ifam xalqa gərəklidir. Amma Azərbaycanda bu şəraiti yaradan yoxdur. Düzdür, Türkiyədə dostlar sağ olsun, bəzi şərait yaradılıb, artıq gərəkli bəzi işlər görülüb, mahnılar seçilib. Gərək albom üçün Türkiyədə xüsusi foto şəkillər çəkdirəm, müəyyən maddi problemlər var. Bax, bu maddi problemlər sənətimi yubadır.
Xalidə, Bakı: Biz xarici ölkələrə inteqrasiya olunuruq, yoxsa xarici ölkələr bizə inteqrasiya olunur?
Konsert olacaq?
Cavab: Dünən xarici ölkələr bizə inteqrasiya olunurdu, bu gün əsasən biz inteqrasiya olunuruq. Xarici ölkələrdə keçirilən mədəniyyət günlərinə baxdıqda təbliğatın zəifliyini görəndə insan utanır. Azərbaycanın mədəniyyətinə cürbəcür bəzəkli cümlələr qurub deməklə deyil, konkret iş görmək lazımdır. Milli tariximizi sübut edən tar, kamança, saz kimi alətlərimizi düşmənin öz ayağına yazmasına imkan vermək olmaz. “Girdim yarın baxçasına” mahnısını Rusiya, digər xarici telekanallarda erməni xalq mahnısı kimi təqdim edəndə bizimkiləri nə düşündürür? Mədəniyyətlə mübarizə aparmaq lazımdır. Kiminsə qohumunu tapşırıqla bir yerlərə çəkmək ənənəsini mədəniyyətə də gətirmək bizi uçuruma aparır. Korifey sənətkarlarımız bizim mədəniyyət, musiqi sandığımızı nə zülümlə, nə əziyyətlə doldurublar. O sandığı darmadağın etməyə heç kimin ixtiyarı yoxdur. Heyifdir...
Mən xəstə olanda evimə gəlib gedən, güzəranımı görən yoldaşlar mənim xəbərim də olmadan Prezident Aparatına şikayət yazıb, kömək istəmişdilər. Aparatdan da Mədəniyyət Nazirliyinə mənim evlə, səhhətimlə bağlı problemlərimin həllinə köməklik etmək tapşırılmışdı. Nazirlikdən səlahiyyətli şəxslərdən biri mənə üç dəfə ev verildiyini, mənim də o evləri satdığımı dedi. Məni döndərib alverçi elədilər. Bu təhqirə ürəyim necə dözsün? Nazirliyə zəng vurub iradımı bildirdim. 42 ilin sənətkarıyam, bu da mənə deyilən sözlər. İndi mənə musiqi gecəsi, konsert keçirmək istədiklərini deyirlər, dünya dağıla istəmərəm. Təbii ki, xalqıma hesabat xarakterli konsert keçirmək arzusundayam. Bilmirəm nə qədər ömrüm qalıb. Sənətimin son illərində bir konsertimin də gələcək nəsilə yadigar qalmasını istəyirəm, amma mənə qarşı olan düşmən münasibət buna imkan yaratmır. Normal insan xalqının sənətkarının alçalmasını istəməz. Xalq məni sevir, küçədə məni görən yaşlı, cavanın üzündən gördüyüm ifadə mənə dünyanı bağışlayır. Mən dişlə-dırnaqla, tövlələrdə, pambıq çöllərində oxumaqla bu yerə gəlib çatmışam. Olmaz axı...

"Media forum"
Комментариев нет:
Отправить комментарий