25.05.2011

OKEANDAN AŞAĞIDAKI KİTAB QÜLLƏSİ


Oqtay QORÇU

Tədqiqatçılar Yupiterin İo adlı peykində maqmadan ibarət bir okean tapıblar. Bu okeanın suyunun duzlu, yoxsa şirin olduğu, içində balığın, dibində yosunun olub-olmadığı barədə məlumat verilmir, Günəş sisteminin ən böyük planetinin peykində ləpələnən bu okeanda əjdahanın olması isə yəqindir.

Peyk səthindəki bu nəhəng əjdahanın adı - lavadır. Alimlər məlumat verir ki, İo Günəş sistemində ən vulkanik cisimdir, maqma da vulkan püskürməsindən əmələ gəlib. Daha bir dəhşətli fakt da açıqlanır, bu lava Yer kürəsində partlayan vulkanların lavasından yüz dəfə güclüdür. Belə bir okeanın nələr törədə biləcəyini söyləməyə isə ehtiyac yoxdur.

Bütün bunları öyrənincə Yer üzünü ayağa qaldıran, Yaponiyanı tar-mar edən sunami adi bir təbiət şıltaqlığı təki göründü. İndi dünyanın başlıca məqsədi daim başımızın üstünü kəsdirən, hər zaman coşub-daşa biləcək Yupiter peykindəki okeanı qəzəbləndirmədən sadəcə geri çəkilmək, hətta lap çox çəkilmək olmalıdır. Yəni hamılıqla hərəkətə keçib Tanrının nizamını pozmamaq xətrinə heç olmasa indən sonra kosmosu zəhərləməməyi düşünmək. Belə olmasa, bir gün həqiqətən də yerin-göyün qovuşacağına mən də inanıram.

Gələcəkdə Yer üzünün canlılarını xilasedici gəmilərin ümidinə buraxmamaq üçün yeganə yol isə ancaq kitab oxumaqdır, o qədər çox oxumaq ki, okeanın altından və yerin üstündən göyə boy verən yeddimərtəbəli kitab qülləsinədək gedib çatmaq. Bu qülləni ucaldanlar Argentinada möcüzə yaradıblar. Nə yaxşı ki, dünyanın silahlarla, göydələnlərlə öyündüyü belə bir çağında hələ də alimlərin aləmini arzulayanlar var. Memar Marta Minujin Babil qülləsini yenidən düzəldib, ancaq bir daş belə hörmədən, çünki onun qurduğu 25 metrlik qüllə 30 min kitabdan dikəlib, bu iş çox vaxt da aparmayıb, 50 ölkədən topladığı kitablarla tikdiyi yeddimərtəbəni memar on günə ərsəyə gətirib.

Yerdən dikələn kitab qülləsi millənib üzü göyə, həm də Yupiterin peykindəki okeanın altına. Kitab aşiqi, belə bir orijinal layihəni gerçəkləşdirən sənətçi illərdir ki, kitablardan ayrıla bilmir. 1983-cü ildə diktatorların qadağan etdiyi kitabları toplayıb Yunanıstanın Partenon məbədinin (kitab məbədi) oxşarını inşa edən də argentinalı Marta olub. Qeyri-adiliyilə seçilən bu adam inqilabların çalxaladığı dünyaya yeni ideya bəxş edib, o hamını dəstə-dəstə kitab oxumağa, neçə-neçə millətin nümayəndəsini, bir neçə dildə çap olunan kitablardan ucalan qülləni ziyarət etməyə çağırır.

Marta Minujinin gördüyü işləri, əməlini qiymətləndirmək üçün çox kitab oxumaq gərəkdir. Və mən səmavi kitabları vərəqləyirəm - eşqlə yazılan kəlmələr, “beşikdən qəbirəcən...” kitabın ən möhkəm özül olduğuna şübhə yoxdur. .

Hamı kimi biz də bir gün əcəlin bələdçiliyilə adlayacağıq o üzə və sözsüz ki, imtahan verəcəyik, ilk sual “Oxumusan?” olacaq.

Oxuyun ki, bir-birinizdən çox biləsiniz, hərə okeandan bir damla götürsə sel də olmaz.

Комментариев нет:

Отправить комментарий