03.05.2011

"Cinayətin yalnız bəhanəyə ehtiyacı vardır"

                BDU-da nə baş verir?



“Qanun dövlətin canıdır. Cansız bədən ölü olduğu kimi, qanunsuz dövlət də məhvə məhkumdur” Demosfen

Amma Platonun fikrinə görə, "kamilliyə can atan insan üçün, elmlərdən ən gərəklisi qanunlar haqqında elmdir." "Qanun tərbiyəyə arxalanmasa, nə qədər ədalətli belə olsa, o uzun ömürlü sayıla bilməz." Bu fikirlər isə, Plutarxa aiddir. Mütəfəkkir Filonsa bir qədər fərqli düşünür: "Ədalətli o şəxs deyildir ki, heç kəsi incitmir, o şəxsdir ki, incidə bilər, ancaq incitmir."
Hüquq və qanunlar haqqında dünya alimlərinin söylədiyi aforizmləri kifayət qədər uzatmaq olar. Ancaq mənim ən çox xoşuma gələn aforizm, Ulu Öndər Heydər Əliyevə məxsusdur: "Dövlət xalq üçündür". Bu üç kəlmə, bütün ali ifadələri kamil şəkildə özündə birləşdirir. Hüquq elmi və onu tədris edənlər, eyni zamanda dövlət və dövlətçilik elmini tədris edirlər. Etiraf edim ki, mən nə qədər istəsəm də, bu elmi dərindən öyrənə bilməmişəm. Sözün açığı, mənə mane olan yeganə amil, iqtisadiyyata olan həvəsim olub, hüquq elminə vaxtım az qalıb. Ancaq, vətənimizdə bu elmə dərindən yiyələnmək istəyən gənclərimiz çoxdur və bunu düşündükcə, mənə ehtiyac qalmadığını görürəm. "Azərbaycanda hüquq elmini tədris edən, ən nüfuzlu təhsil müəssisəsi hansıdır?" deyə soruşsam, yəqin ki, hamınız Bakı Dövlət Universitetinin Hüquq fakültəsi olduğunu söyləyəcəksiniz.
Bəs bu fakültədə təlim-tədris işləri hansı səviyyədə aparılır? Yetərincə keyfiyyətli hüquqşünaslar yetişdirə bilirikmi? Fakültənin kadr heyəti kifayyət qədər yaxşı mütəxəssislərdirmi? Bax bu sualların cavabında bizim dövlətçiliyimizin gələcəyi gizlənmişdir.
Baş verən hadisələr göstərir ki, fakültədə tədris keyfiyyəti təqdirəlayiq deyil. Bu ilin fevral ayında BDU-nin rektoru Abel Məhərrəmovun həyata keçirdiyi "təmizləmə əməliyyatı" bunu bir daha sübut etdi. Hüquq fakültəsinin dekanı vəzifəsini icra edən, professor Firudin Səməndərov vəzifəsindən azad edildi. Təcavüzə məruz qalmış bir hüquqi dövlətdə yaşayıb, bu dövlətin hüquqi dayaqlarını möhkəmləndirmək üçün fitri istedada malik hüquqşünaslara ehtiyacımız var. Bəlkə də, çox hörmətli rektor, bu dövlətin gələcəyini düşündüyü üçün belə kəskin tədbirlərə əl atdı, uzun müddət BDU-da işləmiş, hətta vaxtilə bu təhsil müəssisəsinin rektoru olmuş bir şəxsi vəzifədən uzaqlaşdırdı. Əlbəttə, bu məsələdə mən cənab Məhərrəmova haqq verirəm, əminəm ki, bütün vətənpərvər ziyalılar onun kimi mövqe tutardılar. Belə bir yerdə dahi Heraklitin məşhur bir kəlamını işlətmək yerinə düşərdi: "Xalq qanun yolunda öz yaşadığı qala divarları uğrunda vuruşduğu kimi vuruşmalıdır." Axı dövlətin mənafeyi, fərdlərin mənafeyindən daha üstündür.
Amma təəssüf ki, bunun əksini düşünənlər də var, həm də lap çoxdur.
Hal-hazırda hüquq fakültəsinin dekanı vəzifəsini, professor Elxan Hüseynov icra edir. Yeri gəlmişkən, onun haqqında qısa məlumatı sizə təqdim edirəm. Elxan Hüseynov, 01 yanvar 1948-ci ildə Gəncə şəhərində anadan olub. 1966-cı ildə Gəncə şəhəri 18 saylı orta məktəbi, 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1985-ci ildə fəlsəfə elmləri namizədi, 1994-cü ildə dosent elmi dərəcəsi verilmişdir. 2002-ci ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin  Fərmanı ilə Fövqəladə və Səlahiyyətli Səfir ranqı verilmişdir. Əmək fəaliyyəti isə aşağıdakı kimidir: 1995-ci ilədək  Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent, partiya komitəsi katibinin müavini, 1995-1999 Bakı Dövlət Universiteti, Beynəlxalq əlaqələr üzrə prorektor,  1999-2002 Bakı Dövlət Universiteti, I prorektor - Tədris işləri üzrə prorektor, 2002-2010  Azərbaycan Respublikasının Türkmənistandakı  Fövqəladə və Səlahiyyətli səfiri, 2010-cu ilin fevral ayından Bakı Dövlət Universiteti, Beynəlxalq əlaqələr üzrə prorektor vəzifələrində işləmişdir.
Çox gözəl və möhtəşəm! Əslində, bu bioqrafiyaya nəzər salan adam düşünər ki, Elxan Hüseynovun təyinatından sonra hüquq elmi inkişaf edərək, çiçəklənəcəkdir. Ancaq yuxarıda yazılan bioqrafiyaya yenidən, həm də diqqətlə nəzər salanda görəcəksiniz ki, Elxan Hüseynov, fundamental hüquq elmi ilə heç zaman məşğul olmayıb. Maraqlıdır, görəsən cənab rektor görəsən hansı keyfiyyətlərinə görə bir riyaziyyatçını, dövlətimizin əsaslarını möhkəmlədəcək bir sahənin - hüquq sahəsinin başına gətirib? Respublikaya gözəl ziyalılar bəxş etmiş bu universitetdə əməlli-başlı bir hüquqşünas tapılmırdımı?
Onu da qeyd edək ki, Elxan Hüseynovun adı, BDU-nun ən çox korrupsiyaya qurşanmış professorlarının arasında çəkilir. Hətta deyilənlərə görə katibəsi ilə də "isti münasibətləri" var. Şəxsi hislərinə hakim olmayanların hakimlər yetişdirməsi isə mümkün olan şey deyil. Burada Mark Porsi Katondan bir haşiyə çıxmaq istərdim: "Ən pis hökmdar odur ki, özündə hökm edə bilmir."
Hər halda qərar, cənab rektorun qərarıdır və biz heç nəyi dəyişmək gücündə deyilik. Olsa-olsa ictimai fakir yarada bilərik. Bəli, biz bu işi gözəl bacarırıq. Amma dəqiq bilirəm ki, biz işimizi Elxan Hüseynovdan yaxşı həyata keçirə bilirik. Çünki, gördüyü işin mütəxəssisi deyil, amma biz tribunadan bacarıqla istifadə edən mütəxəssilərik. Riyaziyyat olsaydı, belə iddia irəli sürməzdik, amma söhbət riyaziyyatçı-hüquq münasibətlərindən gedirsə, iş dəyişir.
Bəs müavin nə işlə məşğuldur?
Söhbətimizdən hələ yorulmamısınızsa, fakültədə dekan müavini vəzifəsində çalışan Midhəd Qəfərov haqqında bir qədər danışmaq istərdim. Midhəd Qəfərovun adı sizə dövrü mətbuatdan az da olsa məlumdur. Xatırlatmaq üçün söyləyim ki, Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı qalmaqalda gündəmə gəlmişdi.
Midhəd Qəfərov bir müddət ABU-da hüquq fakültəsinin dekanı vəzifəsində işləyib. O, Bakı Dövlət Universitetində işlədiyi dövrdə, paralel olaraq ABU-da da hüquq fakültəsində işləyirdi. Əvvəl müəllim, sonra dekan müavini, sonda isə dekan vəzifəsinə qədər yüksəlməsi, onun rektor Elşad Abdullayevlə olan şəxsi münasibətlərinə əsaslanırdı. Elşad Abdullayevə tam yaxınlaşmağa, onunla müxtəlif korrupsiya əlaqəsinə girməyə müvəffəq olan Midhəd Qəfərov, buraya qeyri-qanuni yollarla saysız-hesabsız tələbə qəbul etdirməyə nail olmuş və bu yolla külli miqdarda pul yığmağa müvəffəq olmuşdu. O bu pullardan istifadə edərək, öz adına olmasa da, aptek, mağaza və gözəllik salonu açıb, oradan da əlavə gəlir əldə etməyə nail olub.
Korrupsiya ilə qazanılmış pullar həddən artıq şirin ola bilər, buna etiraz etmirik. Ancaq, atalar demişkən, şəkəri su altında gizlətmək mümkün deyil. Elə həqiqətən də, "ədalət seli"  nəticəsində ABU-dakı bütün çirkablar yuyuldu, cinayət əməlləri aşkar olundu. Elşad Abdullayev, ona qarşı irəli sürülən ittihamlara tab gətirməyib, ölkəni tərk etməyə məcbur oldu. Həqiqətən də, igidlik ondursa, doqquzu aradan çıxmaqdır, bizi isə heç gözə görsənməmək. Elşad Abdullayev "aradan çıxsa" da, Azərbaycanla mütəmadi olaraq əlaqə saxlayır, fəaliyyətini bir an da olsa dayandırmır. Keçmiş cahü-cəlalını yenidən qaytarmaq fikrində olan Abdullayev, yaxşı başa düşür ki, Azərbaycanda şəffaflığın gücləndirilməsi, korrupsiya əleyhinə mübarizənin gücləndiyi bir zamanda, bu mümkün olan iş deyil.
Amma arzular, reallıqlardan həmişə bir qədər uzaqda dayanır. O, hələ Bakıda olduğu dövrlərdə belə, onun bir məqsədi vardı. Abdullayev, Bakı Dövlət Universitetinə rektor vəzifəsinə gəlmək istəyirdi. ABU bağlansa da, cinayət işi açılsa da, Elşad Abdullayev bu sevdasından əl çəkmədi. O hələ də bu arzunu ürəyində saxlayır və xəyallarını özü ilə bərabər mühacirətə apardı. O, hər gün Bakıya, ona sadiq olan Midhəd Qəfərova zəng edərək, hal-əhval tutur və vəziyyətlə maraqlanır. Midhəd Qəfərov isə öz növbəsində onu bol-bol informasiya ilə təmin edir. Bu informasiyalar əsasən Abel Məhərrəmovun əleyhinə istifadə olunacaq kompramatdan ibarət olur. Hətta Abdullayev, Midhəd vasitəsi ilə şayiələr yayır ki, guya Abel Məhərrəmovun anası ermənidir. İctimaiyyətə bunun yalan olması gün kimi aydın olsa da, bəzi insanlar cənab rektoru ləkələmək üçün belə ucuz təsir vasitəsinə də əl atırlar.
Yuxarıda qeyd olunduğu kimi, keçmiş rektor Azərbaycanda onun dövlət tərəfindən zərəsizləşdirilməsindən narazıdır və anlayır ki, bu hakimiyyətin dövründə onun arzularının gürçəkləşməsi mümkün olmayacaqdır. Ona görə də, hakimiyyət əleyhinə fəaliyyət göstərməkdən belə çəkinmir. Hətta son dövrlərdə müxalifətin həyata keçirdiyi 2 qanunsuz mitinqin maliyyələşdirməsinə də böyük məbləğdə yardım göstərib. Onun Bakıdakı əsas əlaqələndiricisi isə Midhəd Qəfərovdur.
Midhəd Qəfərov, Elşad Abdullayevin itkin düşmüş qardaşı Mahir Abdullayevlə yaxın dostluq münasibətləri qurub. Hətta deyilənlərə görə Mahir heç yerə itkin-zad düşməyib, sadəcə olaraq ölkə xaricinə qaçıb. Bu məsələni hələ dəqiqləşdirirk. Araşdırmalarımız hal-hazırda davam edir. Yaxın günlərdə eyni mövzu ilə, amma daha əhatəli şəkildə görüşünüzə gələcəyik.
Yuxarıda qeyd olunanlara əlavə olaraq bildirmək istəyirəm ki, ədalət gec-tez öz yerini tapacaqdır. Midhəd Qəfərova isə onu məsləhət görürük ki, "gözü çıxmış qardaşından ibrət götürsün." Burada cənab Heraklitin başqa bir hikmətli sözü ilə bu günlük söhbətimizə nöqtə qoymaq istərdim : "Əgər ədalətin özü olmasaydı insanlar ədalətin adını bilməzdi."

"Bizim dövr"

Комментариев нет:

Отправить комментарий