24.05.2011

Daha 4 gənc həbs olundu


Hakim Cəmil Hacıyevlə Ağasif Şakiroğluna 7, Orxan Carçıyevlə Emin Fərhadiyə 8 sutka həbs cəzası verdi
Dəyanət Babayev isə polisə çağırılıb


Mayın 22-də Dənizkənarı Mili Parkda aksiya keçirərək Bəxtiyar Hacıyevin, Cabbar Savalanın və digər gənclərin azadlığa buraxılmasını tələb edən gənclərə inzibati həbs cəzası verilib. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı qəzetimizə bildirib ki, həbs edilən Fikrət Fərəməzoğlu isə bir müddət sonra azadlığa buraxılıb. «Onları bulvarda həbs edib 39-cu polis bölməsinə apardılar. Amma bizdə bildirdilər ki, onları şöbəyə gətirməyiblər. Gənclərə polis bölməsində fiziki təzyiq olmasına dair məlumat yoxdur. Ancaq onları bir sutka orada saxladılar və ailələrinə bu haqda informasiya verməkdən imtina etdilər”.
Əbülfəz Qurbanlı dedi ki dünən Səbail rayon məhkəməsində hakim həbs edilən gənclərlə bağlı inzibati qaydada həbs qərarı çıxarıb. Orxan Carçıyevlə Emin Fərhadiyə 8 sutka həbs cəzası verildi. Cəmil Hacıyevlə Ağasif Şakiroğlu isə 7 sutka həbs cəzası aldı. Onlar polis maşınına mindirilərkən “Rədd olsun diktatura” şüarını səsləndirdilər. Bu göstərir ki, hakimiyyətin siyasi mülahizələri əsas götürərək apardığı həbslər Azərbaycan gəncliyini qorxutmur. Biz həbs olunan gənclərin müdafiəsi ilə bağlı müəyyən işlər görmək niyyətindəyik. Bu gün Müdafiə Komitəsinin toplantısı keçiriləcək, atılacaq addımlar müzakirə olunacaq. Baş verənlər göstərir ki, həbslər dalğası davam edə bilər”.
Əbülfəz Qurbanlı əlavə edib ki, dünən axşam polis gənc fəal Dəyanət Babayevi polis bölməsinə dəvət edib: “Sahə müvəkkili deyib ki, onun polisə dəvət edilməsi aksiya ilə yox, yaşadığı müvəqqəti ərazidə qeydiyyata düşməsi ilə bağlıdır. Polis istəyir ki, kirayədə yaşayan gənc fəalların yaşayış yerini müəyyən etsin ki, sonra onlara nəzarət edə və ya axtaranda tapa bilsin. Hesab edirəm ki, Dəyanət Babayev həbs oluna bilər. Biz hakimiyyətdən hər şey gözləyirik”.



Nemət                     bizimyol.az

Комментариев нет:

Отправить комментарий