10.05.2011

Elmar Hüseynovun qətlində kürd izi

İstintaq orqanının ictimaiyyətdən gizli saxladığı şəxslərlə bağlı ilginc məqamlar ortaya çıxıb

Ötən həftənin əsas müzakirə mövzularından biri də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlilə bağlı müəyyən gizli məqamların üzə çıxmasıyla bağlı oldu. Bu cinayətin törədilməsindən keçən altı ildə işi araşdıran istintaq orqanının ictimaiyyətə verdiyi məlumat bundan ibarət olub ki, “qətli törədən iki nəfərin adı məlumdur (Gürcüstan vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyev) və onların həbsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir”.
Bu, qətldən az sonra ictimaiyyətə verilən məlumatdır və hər il qətlin ildönümündə (martın 2-də) və Elmar Hüseynovun doğum günündə (iyulun 17-si) bir qayda olaraq təkrarlanır. Zaman keçsə də, hüquq-mühafizə orqanlarının bu qətllə bağlı nə ictimaiyyətə verdiyi məlumatın miqyası, əhatə dairəsi dəyişir, nə onların video-foto görüntüləri açıqlanır, nə də işin nəticəsində irəliləyiş nəzərə çarpır.
Bugünlərdə ortaya çıxan bir fakt isə göstərdi ki, istintaq orqanı bu qətllə bağlı bir sıra vacib məqamları ictimaiyyətdən gizli saxlayır. Söhbət Elmar Hüseynovun qətlinin icraçıları kimi təqdim olunan şəxslərin sayından gedir. Məlum oldu ki, Tahir Xubanov və Teymuraz Əliyev qətldən bir müddət əvvəl və qətl ərəfəsində Azərbaycana gəlib-gedərkən onları daha üç nəfər müşayiət edib. Bunlar da Kasiya Arçil, Bolkvadze Nuqzar və Davrişov Serqo adlı Gürcüstan vətəndaşlarıdır. Onlar qətldən bir neçə saat sonra Azərbaycan-Gürcüstan sərhədini də beş nəfər olaraq, birlikdə keçiblər. Amma nədənsə, istintaq orqanı adlarını sadaladığımız üç nəfərin adını hallandırmamağı lazım bilib.
Adları çəkilən şəxslərlə bağlı dünən “Azadlıq”a ilginc məlumat daxil olub. Xəbəri verən mənbənin sözlərinə görə, bugünlərdə adları açıqlanan şəxslərin üçü də Gürcüstan vətəndaşı olsalar da, onların hamısı milliyyətcə gürcü deyil. Konkret olaraq, Serqo Davrişovun milliyyətcə kürd olduğu bildirilir.
Təbii ki, bu da müəyyən suallar yaradır. Əlbəttə, iddia edə bilərlər ki, istintaq sirri olduğundan müəyyən məsələləri açıqlamırıq. Amma söhbət ictimai əhəmiyyətli, beynəlxalq aləmin də diqqətində olan olaydan gedirsə, deməli, burada artıq istintaq sirri anlayışı bir qədər arxa plana keçir. Digər tərəfdən, necə olur ki, beş nəfərdən ikisinin adı açıqlanır, qalan üç nəfərin adı yox?! Üstəlik, bu adamların hərəkət marşrutları da eynidirsə, qətlin birbaşa şahidləri yoxdursa, həbs olunan da yoxdursa, cinayətin icraçılarının konkret kimliyilə bağlı nəticə çıxarmaq nə dərəcədə məntiqlidir?
Adları sadalanan üç nəfərlə bağlı məlumatı bugünlərdə vəkil Adil Ismayılov açıqladı və müxtəlif media orqanlarında bununla bağlı şərhlər verildi. Amma bu qətlin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyindən səs-səmir çıxmadı. Rəsmi mövqe bildirilmədi ki, söylənilənlər həqiqətdir, yoxsa yox. Əgər həqiqətdirsə, o zaman təbii ki, hansı səbəbdən bu adamların gizli saxlanıldığıyla bağlı ictimaiyyətə izahat verilməlidir. Yox, əgər yalandırsa, o zaman Ismayılovdan izahat tələb olunmalıdır ki, hansı məqsədlə belə bir yalanı ortaya atıb.
"Azadlıq" qəzeti

Комментариев нет:

Отправить комментарий