10.05.2011

Vasif Talıbovun səlahiyyətləri əlindən alınır?

Naxçıvanla bağlı Milli Məclisdə səsləndirilən təklifin arxasında hansı məqsədlər dayanır?
Parlamentin son iclasında deputat Qüdrət Həsənquliyev Naxçıvanda hakimiyyət bölgüsünün həyata keçirilməsi üçün konstitutsiya islahatlarının aparılmasını təklif edib. 
“Konstitusiyaya uyğun olaraq Naxçıvanda hakimiyyət bölgüsü həyata keçirilməlidir. Naxçıvan muxtar respublikadır, bu muxtar respublikanın başçısı olmalıdır və onun səlahiyyətləri aparatı olmalıdır. Naxçıvan Ali Məclisi isə ayrıca qurum kimi fəaliyyət göstərməlidir”,- deyə Qüdrət Həsənquliyev bildirib.
Həmkarı Fazil Mustafa da onun fikirlərini dəstəkləyib.
Hər iki deputatın belə bir təkliflə çıxış etməsi bəzi mülahizələrə yol açıb. Ilk olaraq ağla hakimiyyətin Naxçıvanı sonrakı mərhələ üçün özününküləşdirmək niyyətində olduğu gəlir. Yəni, Azərbaycanda inqilabi proseslər baş verəcəyi təqdirdə hakimiyyət Naxçıvana sığınmaq üçün Muxtar Respublikanı tədricən ölkəmizdən ayırmaq istəyir.
Lakin vitse-spiker Ziyafət Əsgərovun Qüdrət Həsənquliyevin təklifini rədd etməsi bu məsələdə separatizm meyllərinin olmadığını göstərir. Əgər bu təklif Naxçıvanı Azərbaycandan ayırmaq üçün ortaya atılsaydı, onda parlamentin YAP-çı tərkibi yekdilliklə Qüdrət Həsənquliyevi dəstəkləyərdilər.
O halda düşünmək olar ki, bu təklif hakimiyyətdəki qruplararası mübarizədən doğub. Həm Qüdrət Həsənquliyev, həm də Fazil Mustafa hakimiyyətdə ayrı-ayrı qrupları təmsil edir. Birinci fövqəladə hallar naziri Kəmaləddin Heydərova, ikinci isə Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevə yaxın şəxs sayılır. Kəmaləddin Heydərovla Ramiz Mehdiyev rəqib olsalar da, onların hər ikisinin Naxçıvan MR ali məclisinin sədri Vasif Talıbovla münasibətləri xoşagələn deyil. Eyni zamanda unutmaq lazım deyil ki, hər üç şəxs hakimiyyətdəki “Naxçıvan qruplaşması”nın ayrı-ayrı rəhbərləri hesab edilir. Yəni, “Naxçıvan qruplaşması” bu şəxslərin rəhbərliyi altında 3 yerə bölünüb. Və təbii ki, Kəmaləddin Heydərovla Ramiz Mehdiyev Naxçıvana da nəzarət imkanlarını artırmaq istəyirlər. Bunun üçün isə “Vasif Talıbov maneəsi” aradan qaldırılmalıdır.      
Ekspertlər hesab edir ki, bu təklif də Vasif Talıbovu Naxçıvanın birinci şəxsi statusundan məhrum etmək üçün düşünülə bilər. Onların fikrincə, konstitusiya islahatlarına gediləcəyi təqdirdə birinci şəxs statusu Muxtar Respublikanın baş nazirinə keçəcək. Lakin ekspertlər düşünür ki, əgər belə plan varsa, bunun baş tutacağı bir qədər inandırıcı görünmür.
"Azadlıq" qəzeti

Комментариев нет:

Отправить комментарий