18.05.2011

İndi Heydər Əliyevə “qulaqburması” verməyə nə var ki...


MƏLAHƏT AĞACANQIZI
Bu yaxında, şair Məmməd Ismayılın “Literaturnaya Rossiya” qəzetinə (08.04.11) verdiyi müsahibəsini oxudum. Başdan-ayağa qeyri-səmimi fikirlərdən ibarət olan intervüdən hiss olunur ki, Məmməd Ismayıl özünə qəhrəman, dahi kimi baxanlardandır. Olsun. Amma Məmməd müəllim, axı dahilər, qəhrəmanlar çox təvazökar olurlar.
Məsələn, ölməz Hüseyn Cavid kimi. Əqidəsi uğrunda Sibir çöllərinə sürgün olunan, şərə, haqsızlığa heç vaxt boyun əyməyən Cavid əfəndi deyirdi: “Kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur Yer üzünü”. Bildiyim qədər tökülən qan izini kəsə bilən dahi hələ dünyaya gəlməyib. Əksinə, gündən-günə baltasından qan daman cəlladların sayı artıb. Məmməd müəllim, heç olmasa, sözlərinizlə qaşınmayan yerdən qan çıxartmayın: “Aliev xotel, çtob na televidenie eqo postoyanno xvalili. Poetomu ya v lob skazal Alievu, çto...” sən Süleyman Dəmirəldən, Yeltsindən artıq deyilsən ki, hətta onları beş dəqiqədən artıq tərifləmirlər". Heydər Əliyevin sağlığında “lob”una tərif deməyə çoxu cürət etmirdi, o ki ola ən kobud tənqid olsun. Maraqlıdır, niyə Məmməd Ismayıl 10-15 il əvvəlki müsahibələrində etdiyi qəhrəmanlıqlardan danışmırdı?
M.Ismayılın bütün məqalələrindən, müsahibələrindən xəbərdar olan bir oxucu kimi deyə bilərəm ki, mərhum prezidentə şairin vaxtilə “qulaqburması” verməsini təzəlikcə bilmişəm. Indi Heydər Əliyevə “qulaqburması” verməyə, onu tənqid etməyə nə var ki. Axı ölülər nə etiraz edə, nə də şahid ola bilir. Dünyasını dəyişənlərlə bağlı kim nə istəsə deyə bilər. Məsələn, biri deyə bilər ki, Merlin Monro Con Kennediyə “Ad günün mübarək, cənab prezident” mahnısını həsr etdiyi üçün mənim babam qısqanclıqdan müğənnini öldürüb. Başqa biri deyər ki, Misir piramidalarını ulu babam baxışları ilə tikib... Hörmətli bəylər, müəllimlər, “sağlığında qiymət verin insanlara”, yoxsa sözlərinizin səmimiliyinə heç kim inanmaz. Bir də - çtob eqo postoyanno xvalili"ni kim sevmir ki? Əgər elə deyilsə, niyə M.Ismayıl Leyla Xəlilovanın ona həsr etdiyi, quru söz yığınından ibarət poemasını göylərə qaldırır, saytlara, qəzetlərə, dərgilərə yollayır? Müsahibələrində isə gənc xanımdan çox geniş danışır: “70 illiyimə həsr olunan gecə düz altı saat çəkdi. Gecənin sonunda 17 yaşlı Leylanın çıxışı məni heyran etdi. Yalnız onun çıxışına minnətdar olaraq anladım ki, gecə şahanə keçib”. Məmməd müəllim, bəs o gecəyə Rusiyadan, Türkiyədən, Azərbaycanın müxtəlif bölgələrindən təşrif gətirən insanların əziyyəti necə olsun?
Gecənizdə iştirak edən “Gənclik” jurnalının yadigarı - istedadlı şair Sabir Sarvana arada söz də vermədiz ki, altı saatlıq işgəncədən sonra ayaqlarının qatı açılsın. Sabir bəy o “şahanə” gecədən sonra uzun müddət əsa ilə gəzdi, təzəlikcə sağalıb.
M.Ismayılın müsahibəsi “Azadlıq” qəzetində də (08.05.11) qısa ixtisarla çap olunub. Qəzetin saytına yerləşdirilən müsahibəyə Fransadan Əhməd bəy ilginc şərh yazıb: “Müsyö Məmməd!.. 70-ci ildə məcburiyyət qarşısında qalıb doğma vətənimi tərk etdim, hesab edirəm ki, düz etmişəm. Azərbaycanda mənim tay-tuşlarımın çoxu Mehdiyevin - Ramiz Ənvəroviçin şok fırıldaqlarına dözməyib dünyasını dəyişib. Qəribəsi budur ki, şok fırıldaqlar davam edir. Ölkədə qalan doğmalarıma maddi yardım göndərirəm, burada ruhən azadam, Allah qoysa, 100 yaşı görərəm”. Əcəba, Baba Dərvişin Müsyö Məmməd olması qəhrəman gözləyən millətin faciəsindən xəbər vermirmi? Hörmətli müsyö Əhməd, Allah eləsin lap bir əsr yaşayasınız. Amma bu uzun ömürdən Azərbaycansız, doğmalarınızın həsrətindən qovrula-qovrula zövq ala biləcəksinizmi? Yəni doğrudanmı 33 il vətəndə yaşayan adam, sonradan qürbətdə yağ-bal içində yaşasa xoşbəxt ola bilər? Mümkün deyil. Əzizlərindən, yurd-yuvasından uzaqda yaşamaq xoşbəxtlik deyil, ən böyük cəzadır. Müsyö Əhməd, lap elə müsyö Məmməd, bir az səmimi olun lütfən. Vətən üçün darıxmağı etiraf etmək heç kimin xarizmasına xələl yetirməz, xəncərinin qaşını salmaz.
Yeri gəlmişkən, hələ lap uşaqlıqdan “müsyö” sözü yaddaşımda dərin izlər qoyub. “Uzaq sahillərdə” filmində qəddar müsyö Şults, O’Güst Krausa - Mixayloya deyir: “Portret xoşuma gəlməsə, güllələnəcəksən”. Müsyö Şults portret üçün “rəssam”a zəhmət haqqı vermədən şəkli aparır. O’Güst zabitlərin arxasınca deyir: “Müsyö, bəs pulu vermədiniz?”. Bu köşədə Məmməd Ismayılın portretindən mən də müəyyən cizgilər çəkdim. Amma mən müsyö Məmməddən nə qonorar istəyirəm, nə də “mersi”. Allahıma şükür edərəm ki, Müsyö Şair məni güllələməsin, ya da Rəşad Məcidə qoşulub yazarı şallaqlamasın.
P.S. Əslində, mən nə ölümdən qorxuram, nə də şallaqdan. Sadəcə, himayəmdə üç azyaşlı uşaq var. Onların isə məndən başqa heç kimi yoxdur...

Комментариев нет:

Отправить комментарий