18.05.2011

Oliqarx inhisarçılar yenə hökumətə güc gəldi

Nemət Əliyev: «Kənd təsərrüfatı məhsullarını ölkəyə gətirənlər hakimiyyətin çevrəsinə aid olduğundan onlara qarşı qadağa tətbiq olunmur»
Milli Məclisdə qəbul olunması planlaşdırılan yeni qanun layihəsinə görə, bundan sonra fermerdən alınan məhsulun satışı ilə bağlı qiymətlərdə bir sıra məhdudiyyətlər qoyula bilər. Bu məhdudiyyətlərə görə, topdansatış məntəqəsi fermerdən aldığı məhsulun üzərinə onun dəyərinin yalnız on faizini qoya bilər. Pərakəndə satışla məşğul olan məntəqələr isə topdansatış qiymətindən yalnız on-on beş faiz kənara çıxa bilərlər. Bu isə heç şübhəsiz, bazar iqtisadiyyatı dövründə bazara inzibati üsullarla kobud müdaxilədir. Maraqlıdır, bəs görəsən ölkəyə külli miqdarda kənd təsərrüfatı məhsulu gətirən və bu sahəni inhisara alan məmurlara qarşı bu cür qadağalar niyə tətbiq olunmur. Halbuki mətbuatda dəfələrlə qeyd olunub ki, ölkəyə gətirilən bu məhsullar gömrüyə bir qiymətə daxil olsa da, sonradan bazarda 4-5 dəfə bahasına satılır.
AXCP Iqtisadiyyat Komissiyasının sədri Nemət Əliyev bildirdi ki, kənd təsərrüfatı sektorunda ixtisaslaşmış fermerlərə qarşı bu cür qadağanın tətbiq olunması təsadüfi deyil. Kənd təsərrüfatı məhsullarını ölkəyə idxal edən şəxslərin yalnız hakimiyyətin çevrəsində təmsil olunan şəxslərdən ibarət olduğunu deyən N.Əliyev vurğuladı ki, bazar iqtisadiyyatı dövründə belə bir qərarın qəbulu sahibkarların gəlirləri üzərində məhdudiyyətin tətbiqidir: “Bu qərar bazar iqtisadiyyatı prinsiplərinə yaddır. Hazırda fermerlər o qədər də böyük gəlir götürə bilmirlər. Amma bununla belə onlara qarşı bu cür məhdudiyyət tətbiq olunur. Bu isə o deməkdir ki, kənd təsərrüfatı indikindən də ağır vəziyyətə düşəcək”.
Bundan başqa, hakimiyyətin iri fermer təsərrüfatları yaratmaqla bağlı ideyalarına da toxunan N.Əliyev vurğuladı ki, burada da hansı metoddan istifadə ediləcəyi bəlli deyil. Bəlkə də bu cür qadağanı tətbiq etməklə hakimiyyət fermerləri torpaq becərməkdən imtina etməyə məcbur etmək istəyir ki, sonradan iri fermer təsərrüfatları yaratsın: “Hər şeyə sahib olublar, fermeri özlərindən asılı vəziyyətə gətiriblər. Qalıb bir torpaq, ona da sahib olmağa çalışırlar. Bəlkə də fermerlərin satdıqları məhsulların topdansatış və pərakəndə satışda müəyyən qadağalarla üzləşməsi bununla bağlıdır. Bu, qərəzli yanaşmadır. Dünyanın heç bir yerində bu cür qərar yoxdur. Əgər hökumət qiymətlərin aşağı salınmasında doğrudan da maraqlıdırsa, kənd təsərrüfatı inhisarçılığı üzərindəki qadağanı götürsə, daha məntiqli görsənər”.

Комментариев нет:

Отправить комментарий