Məmməd Süleymanov mameds@mail.ru | |
Qoqolun Taras Bulbası öz oğluna deyirdi: “Mən səni yaratdım, mən də səni məhv edəcəm”. Dünya zəhmətkeşləri günündə Pakistan paytaxtından vur-tut 100 km. aralıdakı Abbotabadda baş vermiş (baş vermişmi?) hadisə - Ben Ladenin öldürülməsi o bədii səhnəni yadıma saldı. Aforizmlər bununla bitmir. Maksim Qorkinin hekayəsində “Oğlan vardımı?” soruşurlar. Orada uşaq boğulur, onun suda axtarışları nəticə vermir. Və birdən bir nəfər öz şübhəsini dilə gətirir: “Doğrudanmı oğlan vardı?” Bəlkə heç yoxdu? Bəlkə olmayanı, fantomu axtarırlar? Və bu bir nəfərin bir cümləlik şübhəsi hamını şübhələnməyə vadar edir. Çoxdan ətrafındakı söhbətlərdən enib mister Binə çevrilmiş Bin Laden doğrudanmı vardı? Bunu onu yaradıb indi də məhv edənlər yaxşı bilər. Əlində antiterror mifini bayraq etmiş bir mürtəce tərəf bu mifə xidmət üçün yaratdığı başqa bir mifi - özü kimi mürtəce olanı - öldürdü. Öz oyunları idi, başa çatdırdılar. Bin Laden adlı adam, əlbəttə, vardı. ABŞ onu Əfqanıstan mücahidlərinin cərgəsində silahlandırmış, təbliğ etmiş, ona ad, imic, nüfuz yaratmışdı. Doğrudanmı 80-cı illərin o Səudiyyli milyonçusu Bin Laden bizə 2001-ci ildən “1 nömrəli terrorçu” kimi yedizdirilən Bin Ladendi? Doğrudanmı 30 il əvvəlki o şəxs 1998-də Keniya və Tanzaniyada partlayışlarla adı dünya gündəminə gəlmiş məşhur terrorçu və ABŞ-ın əsas düşməni idi? Yəni cin şüşədən çıxmışdı. İndi isə - “Mavr getməlidir. Mavr daha lazım deyil”. Bizə təqdim olunan siyasət real siyasətin heç kölgəsi, heç kökaltısı da deyil. Odur ki, adi bəşərə vur-tut güclərin yaratdığı, təlqin və təbliğ etdiyi miflərlə yaşamaq və ölmək qalıb. Bin Laden isə çoxdandır təkcə qorxulu nağılların və uzunömürlü miflərin yox, həm də lətifələrin personajına dönmüşdü. Miflə bərabər indi lətifələr də bitdi. İnansaq, ABŞ remboları onu xüsusi kəşfiyyata çalışmış təqaüdçülər üçün olan pansiona yaxın bir yerdə öldürüblər. Simvolikdir, deyilmi? Kəşfiyyat öz təqaüdçüsünü, daha gərək olmayan, istefada olan xidmətçisini vurub öldürdü. Ay yaramazlar, axı o, sizin üçün yaşamışdı! Digər müəmma: cəsədi dənizə tullayıb deyirlər ki, “müsəlman adətlərinə görə ölü 24 saat ərzində dəfn olunmalıdır”. Harada - dənizdəmi? Bu, yad adətlərə riayət olunması yox, ona tüpürməkdir. Necə ki, bu detalı Parisin baş məscidindən şərh edib dedilər: “Cəsədi dənizə atmaq nəinki müsəlman adətlərinə uyğundur, əksinə, ona ziddir”. Əlbəttə, ehtiyac olsa cəsədin fotoları da peyda olacaq, “lazımi” DNT nəticələri də. Bu, problem deyil, Qaydayın personajının sözləri ilə desək, “Yerdə qalanları - texnikanın işidir”. Bəs nədərin söhbət? Söhbət ondadır ki, ABŞ istifadə və istismar müddəti bitən bir mifi dənizə tulladı. Vəssalam, qanlı komediyanın və bəşəri yalanın sonu. Digər mühüm sual da var: Niyə məhz indi? Yaşayırdı da Bin Laden özü üçün, göz qabağında, təqaüdçülərin pansionunda. Niyə məhz 2011-in yazında ondan qurtulmaq planının düyməsinə basıldı? Cavab var: ABŞ-a daha “Əl-Qaidə”nin başında 15 ildir adı hallandırılan, reputasiyası bu dərəcədə neqativliklə assosiasiya edən, xortdan obrazlı rəhbər lazım deyil. İndi ABŞ-ın “Əl-Qaidə” ilə yaxınlaşma və əməkdaşlıq dövrüdür. Dünənki düşmənlər bu gün ABŞ-a Liviyada, Suriyada yardım edirlər. Sabah onlar Mərakeşdə, İordaniyada, Pakistanda gərək olacaqlar. Və o terrorçulara da, onların birliyinə də respektabel görkəm vermək üçün cəhdlərə başlamaq mövsümidir. Göstərmək zamanıdır ki, “Əl-Qaidə” Bin Ladenlə pis idi, daha elə də pis olmayacaq. Bir sözlə, baş terror dövləti - ABŞ öz övldı olan “Əl-Qaidə”nin imicini yumşaltmağa başlayıb. Bunun üçün isə bütün pis və xoşagəlməz xatirələr yaradan mister Bin mifi öldürülməliydi. Biz bir mifin yenisi ilə əvəzlənməsinin seyrçiləriyik... |
Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
24.05.2011
Mister Binin ölümü
Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий