Emil Quliyev Azərbaycan Müəllimlər İnstitutu
Bizim ərazilər indiyə qədər çox az öyrənilmişdir. Aparılan tədqiqatlar nəticəsində Muğan ərazisində üç şəhərin yeri müəyyənləşmişdir. Bu şəhərlər Bəcirəvan, Həməşərə və Xıllıda, dənizin içərisində olan Mahmudabad şəhərləridir. Bu şəhərlərin qədim Azərbaycanın ən böyük və inkişaf etmiş şəhərləri olduğu elmi-tarixi dəlillərlə sübuta yetirilmişdir.
Bu illər ərzində qədim Muğan şəhərinin yeri də tədqiq edilmişdir. Qədim mənbələr xəbər verir ki, “Tövrat”ın onuncu fəsilinin ikinci hissəsində Yafəsin oğlanları arasında Maqoq, Madayın adları çəkilir. Sonralar maqların adı Ksanflı Lidiyanın və sair yunan tarixçilərinin əsərlərində çəkilir.
Muqlar, muğanlılar, Zərdüştlüyün arealı barədə müxtəlif fikir ayrılığı olsa da, muqların yaşadığı ərazi haqqında,onların atəşpərəstliyin kahinləri olmaları barəsində ən düzgün məlumatları Heredot vermişdir. Bu ərazilər Azərbaycanın indiki Muğan əraziləridir.
Böyük alim Birunu demişdir ki, Zərdüşt hər il Muğanda yığıncaqlar keçirmiş, orada müxtəlif məsələlərdən danışılmışdı. Bu ərazilərdən muqlar və atəşpərəstliyə dair zəngin maddi mədəniyyət abidələri aşkar edilmişdir.
Bu ərazidə yerləşən Quru dərədə tunc dövrünə aid bir çox əşyalar tapılmışdır. Şərqin heç bir yerində rast gəlinməyən çay daşı üzərindəki üç ocaq, altı atəş möhürü də Quru dərə ərazisində tapılmışdır. Azərbaycan nağıllarının, miflərinin əsasında duran 7 qardaş qəbirlər də bu ərazidədir və indi də qalır. Nəhayət, üstündə Bakı Qız qalasının və Atropat şahının təsviri olan boyunbağıdakı sikkə də bu ərazidən tapılmışdır.
Muğan şəhəri iki çay arasında yerləşmişdir. İndi də həmin ərazilər Mişar çay və Göytəpə çay ərazisindədir. Tarixçilərin bildirdiklərinə görə, Muğan şəhəri Ərdəbil–Dərbənd yolunun üstündə yerləşmişdir. Quru dərə də elə həmin yolun üstündədir.
Комментариев нет:
Отправить комментарий