Həmid HERISÇİ
(TƏBRİZ FƏDAİSİ HƏMİD QƏVAMİNİN GÜNDƏLİYİNDƏN)
Ey mənə bənzər insan, sən hardasan?
Pərdənin arxasındasan?
Ürəyin darıxır,
Əlində kibrit qutusunu oynatmaqdasan?
(fədai şeirlərindən)
“Leypsiqdən qatarla keçərkən keçərkən səni xatırladım yoldaş Qəvami. İmza- yoldaş Məhəmməd”.
***
Bom-boz, bombalan-boş bir fevral axşamı. Lüm-lüt nar budaqlarına qonub onları azcana titrədən boz sərçələrə tamaşa edərkən, qəfil, telefonuma uzaq Almaniyadan bax bu məzmunda qısa bir“sms” gəlib qulaqlarımı cingildətdi. Nar ağacının çılpaq budaqlarını yırğalayan boz sərçələr də deyəsən qəfil diksinməyimi hiss edib anında buraları-yoxsul Binaqədi qəsəbəsindəki bir xarabalığı, paslanmış köhnə neft buruqlarını!-tərk etdilər. Qaldım tək-tənha.
Sosializm dövrünü namusla yola salmış köhnə neft buruqlarından biri hələ də işləyir... Ah, o necə də mənim taleyimi xatırladır, mənə...məhz mənə oxşamaq istəyir...
Əhatəsində olduğum miskin mənzərəyə öz cırıltılı səsiylə musiqi tərtibatı vermək borcu, bəli, yəqin yalnız onun acı qismətinə yazılıb-“cıııır, cııırrr”. Səməd Vurğunun Mingəçevirdə “sosialist quruculuğunu” mədh edərkən yazdığı sətirlər beynimə sızır, lakin bu dəfə bir başqa cür-“car çəkir qışqırır nəhəng matorlar”...Yox! “Cırrıltıynan ölür nəhəng motorlar”... yəni...Yəni biz...
Ürək döyüntülərimin inadkar gücünü gicgahlarımda çox yox...çox yox, bir-iki dəqiqə hiss etməli oldum-“Kimdir bu Məhəmməd? Yəni... yəni bizim “Leypsiq məktəbi”ndən məndən başqa kimsə sağ qalmağı bacarıb? İran Kommunist partiyası “Tudə”nin bu son yetirmələri, gərək biləsiz, 1979-83-cü illərdə ucdantutma güllələnib axı...Bizlərə “Erik Xonekkerin gənc qvardiyası” da deyirdilər bir vaxtlar Təbrizdə, Tehranda...
Nə deyim daha?-demək, dünyanın o başında, uzaq Almaniyada, bəli, sağ qalan bir başqası da varmış...
Ürəyimin ən xəlvət guşəsində hamıdan, bəzən elə özümdən də xəbərsiz bax bu duyğu həmişə yaşayıb, həmişə-“Kimsə sağdır. Hələ də sağdır! Qismətimdəndir, gec-tez o məni axtarıb tapmalıymış bax burda-Binəqədinin paslı neft buruqları içində. Sərçələr də o qorxulu zəngdən hürküb məni tək-tənha buraxmalıymışlar həmin bu dar məqamda...Nooolsun! Qoy bizə xəyanət etmiş canlıların sonuncusu bax bu cür qorxaq boz sərçələr olsun ancaq!
Təki insanlar daha satmasın, tək qoymasın bizi...
Öz yerlərini uzaq Almaniyadakı “yoldaş Məhəmməd”ə ötürsünlər...
Demək...
Demək daha tək deyiləm mən. Güllələnmə, soyuq zindan, başa keçirilən çuvallar, boğazımızı sıxan iti məftillərin dövrü deyəsən arxada qaldı daha.
Fikir məni deyəsən çox uzaqlara aparıb- neft gölməçəsinə girdiyimi hiss etməmişəm. Çəkmələrimi təmizləmək- ah!- gör nə qədər vaxt istəyəcək indi...
Özümə sual verirəm-“Kim idik axı biz? Biz-Dünya Kommunist hərəkatının son əskərləri, İran Kommunist partiyası “Tudə”nin son fədailəri?
Sualımın cavabını, köhnə sovet neft quyularının paslı məncanaqlarından eşitdim sanki...
***
“Kommunizmin son fədailəri” sırasına düşməkdən ötrü gərək-həm gülməli, həm də ağlamalıdır!- bəli, gərək mütləq lap uşaqlıq vaxtlarında bərk xəstələnəydin, çarəsiz bir azara duçar olaydın. Gərək adi yerli xəstəxanalar sənə “aparın evə, tibb elmi burda gücsüzdür!” rəyini verəydi. Özü də gərək valideynlərin mütləq “üst düzən siyasi mühacir” təbəqəsinə məxsus olaydı... “Aparın oğlunuzu Moskvaya, SSRİ Elmlər Akademiyasının Al bayraqlı Pediatriya İnstitutuna” məsləhəti, hə, gərək bax bu dar məqamda səslənəydi ki, gözlərin önündə uzaq bir nicat qapısı canlansın. Gərək mütləq bax bu dərdə düşəydin, əlini dünyadan üzüləydin, valideynlərini göz yaşlarını görəydin, gərək mütləq Boris Nikolayeviç Ponamaryova, Mixail Suslova, yəni, partiyanın “Beynəlxalq əlaqələr şöbəsi”nə acı bir məktub yazaydın-“oğlum əldən gedir, mənə kömək edin, əti sizin, sümüyü mənim”...
Mən, 1968-in avqust ayında- cəmi 7 yaşımda!- bax bu cür gəlib yetişdim “Moskva, Lomonosov 83” ünvanındakı nəhəng xəstəxanaya. O vaxt “Varşava müqaviləsi orduları” bölük-bölük olub sıraynan Praqa küçələrinə daxil olurdular, xarici mətbuat tumanını başına çəkmişdi-“Azadlıq boğulur, Çexoslavakiya qan ağlayır”. Lakin, Mixail Suslov, Boris Ponamaryov həmin dar məqamda təkcə Praqa əməliyyatı altına öz imzalarını atmamışdılar. Bir başqa sənədi də imzalamışdılar, bəli, o vaxt...Həmin sənəd neyçünsə “tam məxfi!” qrifiylə işarələnib, dərkənarında qeyd olunub “təcili olaraq icraata göndərilsin!” Qısa məzmunu isə belədir: “İran siyasi mühaciri, Dünya Kommunist harəkatının fəal üzvü Rəzi Qəvaminin ərizəsinə müsbət cavab verilsin. Bütün var imkanlarımızdan istifadə edib onun “nefrit”-böyrək çatışmazlığından əziyyət çəkən oğlunu xilas edin. Təcili!”
Deyirəm qəribədir, eləmi? Bir tərəfdən, Praqaya ordu göndərən partiya rəhbərliyi, digər tərəfdə üzüyumuşaqlıq göstərir, bir xəstə uşağın taleyini də unutmur. Bu xeyirhaqlığıyla Praqa faciəsi qarşısında özünə bəraət qazanmaq istəyir bəlkə? Həə, Sov. İKP-nın gizli arxivində iki sənəd eyni gündə imzalanaraq bir qovluğa tikilib-birindən zirehli texnika tırtıllarının səsi gəlir, digərindən xəstə bir uşağın iniltisi...
Bu təzadları dəyərləndirməyi bacarın...
***
Bütün sovet tibb elmi məni xilasetməyə səfərbər olunur. Papaqlarını qırmızı ulduz bəzəyən əsgərlər Praqaya tələsir, ağ xələtli həkimlər isə “Lomonosov 83” ünvanına, mənim hüzuruma. Yalnız iti gözlü bir kinofilm operatoru bu nadir mənzərədəki 180 dərəcəli çevrilmələri duyar, dərk edər ki, məqamdı-kinokameranı işə sal, vəssəlam, hər iki təzadlı mənzərəni bircə kadrda göstərməkçün burda göydəndüşmə bir imkan var.
İnanın, mənim gözlərim həmin kinokadrı hələ o vaxtlar öz yaddaşına həkk edib.
***
Pediatriya İnstitutunda keçiriyim 7 il hələ bitməyib. Xəstəxanamızın dəmir dam örtüyü, sonsuz yağışlar üçün sanki bir musiqi alətidir-burnumu soyuq pencərə şüşələrinə diriyib onu dinləməkdən yorulmuram. Məni müalicə edən həkim Tatyana Vasilyevnanın isti ovcunu saçlarımda hiss etmək xəstə bədənimi isidib diksindirir. Utana-utana deyirəm-“Siz məni diriltməkçün gör nə qədər əziyyət çəkirsiz”. Tatyana Vasilyevna o vaxt cavab vermir bu sualıma, cavabını üç-dörd gün yubadır. Hiss edir ki, bu sualın cavabını günəşli bir gündə versə yaxşıdır. Belə də olur, sap-sarı Moskva günəşi üz-gözümü qamaşdırdığı gün:
-Sən özün bizimçün maraqlısan. Analizlərin deyir ki, sən çoxdan ölməlisən. Ancaq, görürsən, sağsan. Bizi də bax bu cür uşaqlar”,- deyib qəfildən susur. Sonra davam edir:
- ölməzlər maraqlandırır...
***
Ölümə məhkum olub, ancaq bütün tibb məntiqinə zidd olaraq hələ də yaşayan, ölməyən uşaqlar bütün SSRİ ərazisindən gətirilib bura-Pediatriya İnstitutuna.
Bəli, əvvəlcə biz özümüzü xəstə bilirdik, indiysə vəziyyət dəyişib, artıq bilirik ki, canamızda qəribə bir ölməzlik də var. Bunu dərk etməyin özü belə təfəkkürümüzdə irəliyə doğru bir psixoloji sıçrayış yaradıb. Artıq əvvəlki mağmın uşaqlar deyilik, sakitik, kimsəyə dəyib dolaşmırıq, ancaq öz iti baxışlarımızla ətrafdakılara xəbər göndəririk-“bizi incitməyin, icazə verin öz aləmimizdə, xəyallarımızın qanadları üzərində yaşayaq”.
Həmin andan başlayaraq sanki bir pillə yuxarı qalxıram, qəribə bir rütbə sahibinə çevrilirəm.
Tam azadam. İstədiyim kitabları oxuyuram. Həkimlər, müəllimlər sanki məndən nəsə öyrənir, vallah, mənim sanki onlara iynəucu qədər ehtiyacım qalmayıb.
Sonralar öyrəndim ki, bu cür uşaqlara tibb elmi “indiqo” (yəni, “bilən uşaq”) adını veribmiş. Qədim Təbrizdə isə mən kimilərə “kudəkiyyə” deyirmişlər ( “Kudəkiyyə” barədə yaxın gələcəkdə ayrıca bir məqalə yazacağam).
“ORLYONOK”DAN “SOKOL” DOĞRU
Al bayraqlı, Lenin ordenli SSRİ EA Pediatriya İnstitundakı uşaqların hamısı ölümcül xəstəydilər- “qəbul edilmiş müalicə üsulları özünü doğrultmadığı halda bu cür xəstələr bizim Pediatriya İnstituna gətirilirdi” fikriylə, xahiş edirəm özünüzü aldatmayın. Əslinə baxsaq bu işin yarısıydı, gərək ölümcül xəstəliklərə qarşı bir müqavimət hissi də canında olaydı hələ. Unutmayın, bir də gərək valideynlərin “təcrübəvi müalicə”yə icazə verəydilər. Yalnız o şərtlə sən bu elm mərkəzinə düşmək haqqını qazanırdın. Şərqi Almaniya, Çexoslavakiya, Macarıstan farmakalogiya elmi mərkəzlərinin hazırladığı ən yeni dərman cövhərləri də məhz bizim xəstəxanadakı uşaqlar üzərində təcrübədən çıxarılırdı-xəstəxanadan buraxıldınmı, tələsmə, həkimlər səndən əl çəkməyəcək hələ. Yaşayış yerindəki həkimlərdən xahiş edəcəklər ki, daim nəzarətdə saxlasınlar səni, qan-sidiyinin tərkibini öyrənib nəticələri bura-Pediatriya İnstitunun məxfi laboratoriyalarına göndərsinlər.
Adını de, qulağını çək-həmin laboratoriyaların qara pərdəli pencərələri indi də hərdən gecələr yuxuma girir, vahimə içində titrəyib başımı tez balınc altına soxur, Allaha yalvarıram ki, mənə o mənzərəni bir də göstərməsin. Qəzetlərdən oxumuşam ki, bu təcrübəvi dərmanlar SSRİ çökdükdən sonra bəzi xarici şirkətlərin marağını özünə çəkib. Kim bilir?-bir də gördün qapını taqqıldadıb gəlib səni burda-Binəqədi xarabalıqlarında tapdılar...
***
Ən yeni sovet uşaq mahnılarını biz dinləyib ifa edirik, ən yeni model oyuncaqlar bizə verilir, ən təzə kinofilmlərə ilk olaraq biz baxırıq-kənarda dayanmış ağ xələtli həkimlər bizi müşahidə edir, dəftərlərində ara-sıra qeydlər aparırlar. O vaxtlar, 70-ci illərin əvvəlində, tanınmış bəstəkar Paxmutovanın məşhur “Qartal balaları uçmaq öyrənir” mahnısı ilk dəfə Pediatriya İnstitutunda səsləndirilib- ölümcül xəstə uşaqlara ünvanlanmış bu mübariz, həyat eşqiylə aşıb-daşan mahnını ifa edərkən, vallah, biz uşaqlar qəfil acı hönkürtüylə ağladıq.
Mahnının müəllifi bəstəboy bəstəkar Paxmutova da qoşuldu bizə, başladıq o mahnını göz yaşları içində oxumağa... Mahnının sözləri indi də yadımdadır, biz, ölümcül xəstə uşaqlar o sözləri belə tezliklə unutmarıq hələ: “ne umiratğ, a pobejdatğ, orləta uçitğsə letatğ”...
Moskvanın yağışları bitib tükənmir, illər keçir...Uşaqların əksəriyyəti qəfildən ölür, mən kimi sağ qalanlar isə əvvəlcə Berlinə göndərilir-ordakı alman tibb elmi Moskvadankından irəlidir axı. Ordan da sağ çıxdınsa, Allahına şükür elə, sənə “qartal balası”-“orlyonok” adını verəcəklər. Qartal balası isə əvvəl-axır “sokol”, yəni “qartal” olacaq.
Yəni bir gün durub gələcək Moskvanın “Sokol” məhəlləsindəki tam məxfi partiya məktəbinə. Həmin sarı rəngli bina şəhərin “Aeroport” metrosu həndəvərindədir təxminən. Qapısını bəzəyən al rəngli lövhədə yalnız bircə kəlmə həkk olunub “ŞKOLA”.
Xam xəyallara qapılmayın. Elə bilməyin ki, orda bizə nəsə öyrədirdilər. Yox, bizim kimi “indiqo” uşaqlar orda başqalarından deyil, elə özlərindən...bəli, düz eşitdiniz dediklərimi, məhz özlərindən nəsə öyrənirdilər. Yəni tam azad idilər. Öz daxili gizli imkanlarını inkişaf etdirirdilər. Bizə kanardan nəyisə öyrənmək əslində tam yasaq edilmişdi.
Bax belə. Sov. İKP “Beynəlxalq əlaqələr şöbəsi”nin bu qapalı məktəbində mən sanki özüm-özümə müəllimlik etdim. Başqalarından deyil, özümdən nəsə öyrəndim. Öz qan yaddaşımı diriltdim. “Sokol”, yəni “qartal” adını qazandım.
Çox sonralar başladım marksizm-leninizmi öyrənməyə...
Bizim bu məxfi, təcrübəvi təhsil sistemimiz SSRİ EA Pediatriya İnstitutunda işlənilib hazırlanıb. “Tam məxfi” qrifi ilə işarələnir.
Dövlət sirri kimi qorunur.
***
Yuxarıda yazdıqlarımdan yanlış nəticələr çıxarıb elə bilərsiz ki, mən SSRİ-nin adı bədnam KQB, yaxud QRU məktəbini bitirmişəm. Yox, yanılırsız. Onlar bizim yanımızda vallah, uşaq idilər. “Orlyonok” idilər, “sokol” olmaq xoşbəxtliyi isə partiya tərəfindən bu təşkilatlara əsla rəva bilinməmişdi. Yaxşı, bildik, yuxarıda dediklərimə bir “quş”, bəs bu “sokol” nədir axı?
Deyim dəə nədir. Əslində SSRİ-nin iki deyil, üç xüsusi xidmət mərkəzi vardı-QRU (hərbi kəşfiyyat), KQB (siyasi təşkilat), bir də bizim bax bu “Sov. İKP Beynəlxalq əlaqələr şöbəsi”, yəni partiyanın “qılınc və qalxanı”, düşünən beyni, onun kadr mənbəyi. Dünya kommunist hərəkatını idarə edən bax bu məxfi təşkilat idi. Nazim Hikmət, Pişəvəri, Rixard Zorqe kimi inqilabçılar onun sıralarındaykən bu qurum “Kommintern” adlanırmış. Sonra, 1943-cü ildə onu ləğv etdilərsə də, 1955-ci ildə həmin təşkilatı yenidən dirçəldib adını qoydular “Sov. İKP Beynəlxalq əlaqələr şöbəsi”, verdilər M. Suslovla B.Ponamaryovun ixtiyarına. Bəzən onu səhvən “partiya kəşfiyyatı” da adlandırırdılar ki, mən bununla qətiyyən razı deyiləm. Yalnız onu deyə bilərəm ki, bizim bu qurumun vuran əli KQB, QRU deyil, Şərqi Alman “Ştazi”si idi.
Dünya kommunist hərəkatının son kadrlarını yaradarkən Moskva bəzi təcrübəvi lahiyələrə əl atdı, o cümlədən bizim bu “Sokol” məktəbinə də yaşıl işıq yandırdı. Bizim kimilərdən gələcəkdə qardaş kommunist partiyalarının siyasi elitası, ən mübariz döyüşçüləri hazırlanıb savaş meydanlarına atılmalıymış.
Təlimlər Moskvada, “Sokol” məktəbində başlayıb sonra Berlində, Leypsiqdə davam etməliymiş-Şərqi Almaniya əks-kəşfiyyatı Ştazinin rəhbərliyi altında. KQB, QRU-nun bizlərdən-kommunizmin yeni fövqəlinsanlarından əsla xəbəri olmamalıymış.
Əsla...
Yalnız M. Suslov, B. Ponamaryov, Erik Xonekker, Markus Volf, Nikolai Çauşesku bu tam məxfi “Sokol” lahiyəsindən xəbərdar idilər...SSRİ EA Pediatriya İnstitunun bu gizli lahiyəsi yeddi möhür arxasında tam gizlində saxlanılırdı.
REMBO-FƏDAİ SAVAŞI
SSRİ-ylə ABŞ arasında cərəyan edən Soyuq müharibə özünün ən kəskin dövrünü yaşayırdı o vaxtlar. O dövrü öyrənən indiki alimlər neyçünsə işin yalnız texniki tərəfinə çox fikir verirlər-bəs, SSRİ-ylə ABŞ nə qədər atom başlıqlı raketlər istehsal etdi, bəs, neytron, tektonik silahlar necə hazırlanıb istehsalata ötürüldü, kosmik peyklərdən dünya ərazisi necə öyrənildi və s. i və ilaxır. Lakin, bu soyuq savaş dövründə ən vacib silah növü texniki vasitələr deyildi-bəli, həmin zamanlar yeni fövqəlinsan irqinin yaradılmasına da dərin ehtiyac duyulmaqdaydı.
Yalnız bu insanı yetişdirmiş ölkə qarşı tərəf üzərində tam qələbə qazana bilərmiş...
Amerikalılar tam məxfi araşdırmalar nəticəsində özləriyçün bu yeni insan irqini, fövqəlinsanı yaratdılar. Mərkəzi Kəşfiyyat İdarəsinin “MKULTRA” lahiyəsi öz ağır təkərini işə saldı-Allen Dalles, Riçard Maqk, Con Qettinqer, C. Xelms tam qapalı görüşlərdən sonra bu lahiyəyə “start!” əmrini verdilər. Qədim Afrika, Qaiti adasındakı “vudu” cadugər məktəbinin qorxunc təcrübəsi amerikalılara xeyli maraqlı göründü. Vudu cadugərləri xüsusi dərmanlar hazırlayıb onları öz tələbələrinə içizdirirdilər. Dərin yuxuya getmiş həmin tələbə sonra qəbirə kömülür, 12 saatdan sonra ordan çıxarılırdı. Bir başqa dərmanla onu asqırdıb yenidən həyata qatarırdılar-bu ayini keçmiş bədbəxtlər “zombi” adlanırdı. Vudu kahinlərinin bütün əmrlərini can-başla yerinə yetirən zombilər amerikalılara əvəz olunmaz görünür-50-ci illərin əvvəlindən başlayaraq Merilend ştatının “fort Detrik” məntəqəsində, Qaiti adasının ərazisində “zombi”lər üzərində yeni, daha dərin təcrübələr keçirilir. Dünya imperializmi özüyçün yeni fövqələsgərlər yaradır. Onlara bəzən “tonton-makut” da deyirdilər. Fikir ferin Amerika dəniz piyadalarının hərbi məşqlərinə-bu əsgərlər həmişə palçıq, bataqlıqda təlim keçir, sanki dəfələrlə torpağa basdırılıb sonra ordan çıxarılır. Zombi məktəbinin təcrübəsi necə, yadınıza düşmədimi?
Hollivud kinomatoqrofu da həmişəki kimi qoşulur bu lahiyəyə. Həmin təcrübəni bir başqa, yanlış şəkildə lentə alır-“zombi” kəlməsi “rembo” şəklində təhrif olunub tamaşaçıların beyninə yedizdirilir. Hollivudun bu işdə vəzifəsi iz azdırmaq, “rembo” (əslində zombi) məktəbini həqiqət kimi deyil, əfsanə kimi tamaşaçılara çatdırmaq idi-qoy, hamı buna bir kinomatoqraf xülyası kimi tamaşa edib əsl həqiqətdən yan ötsün! Hollivud buna həmişə sadiqdir-gerçək əməliyyatların yanlış variantlarını lentə almaq Amerika “rejissor”larının vəzifə borcudur. Amerika Mərkəzi Kəşfiyyat idarəsinin bütün həqiqi əməliyyatlarını onlar təhrif etməklə beyinləri dumanlandırırlar. Son nəticədə çox sadə əməliyyatların izi itir, vəssəlam!
Biz-“sokol”lara dərs keçən alman mütəxəssisləri həmin filmləri bir-bir bizə göstərirdilər. Həqiqəti pərdələmək istəyən Hollivudun iç sifətini tapmaq isə bizim artıq öz işimiz idi. Bu mənada biz müəllimlərimizi öyrədirdik, nəinki onlar bizi.
“Sokol” olmağın bir şərti də elə buydu-müəllim bizə ancaq mövzunu verir, cavabını isə elə bizlərdən alırdı.
***
70-ci illərdə Vaşinqtonun bu “zombi” məktəbi qəfildən Filippində aşkarlanır. Luis Anjero Kastilyo adlı bir rembo Filippin prezidentini qətlə yetirmək istərkən həbs olunur. Sorğu-sual zamanı bəlli olur ki, onun şüuraltısında 4 ayrı-ayrı insan yaşayır! Xüsusi kod əmrlər vasitəsiylə Luisi idarə edənlər vaxtaşırı bu dörd fərqli insanı onun şüuruna gətirir, istədikləri tapşırığı ona verə bilirdilər. Bəlli olur ki, prezident Kennedinin qətlində də Luis bax bu iştirakçıların biriymiş.
Sonradan amerikalıların bax bu “zombi-rembo” məktəbi Əfqanıstana da atıldı-Silvestr Stalloninin Peşavar səfəri barədə çəkilən gülməli filmə yəqin hamınız tamaşa edibsiniz. Xüsusi olaraq qeyd edirəm-“Əl-Qaidə”, özünə “mücahid” deyənlərin başında həmişə bax bu cür Vaşinqton zombi-remboları durub. Varşava müqaviləsi üzvləri isə müsəlman aləmində bir başqa-“fədai” məktəbinə söykənirdilər. Qısası, “mücahidlər” həmişə Amerikanın törəmələridir. “Fədailər” isə Moskva-Leypsiqdə təcrübədən keçirilib sonra Yaxın Şərqə atılmış bizim kimi sol təfəkkürlü “sokol”lardan ibarət idi.
Ancaq, hər iki lahiyə tam deyildi-istər mücahidlər, istər fədailər çox vaxt itaətdən çıxıb özbaşına fəaliyyət göstərməyə başlayırdılar.
Hə, bax həmin anda Moskva, Vaşinqton onları məhv etməyə girişirdi.
***
Qısası, Moskvayla Berlin, Suslovla Erik Xonekker o vaxtkı Amerikanın “rembo-zombi” məktəbinə qarşı çarə axtarmağa başlayır. Nasist Almaniyasının fövqəlinsan yetişdirmək üçün yaratdığı “Ananerbe”(əcdadların mirası) proqramı bu vaxt Erik Xonekkerin yadına düşür. Nasistlərdən qənimət götürülmüş həmin proqram üzərində işləməyə başlayan Moskva, Berlin mütəxəssisləri qəribə möcüzələrlə qarşılaşırlar. Bəlli olur ki, nasistlər bu proqramı yaradarkən bütün dünyadakı köhnə, qədim hərbi kəşfiyyat ənənələrini bir yerə toplayıblar-yaponların samuray, Amerikadakı siu, dakota hindu tayfalarının hərbi fəndləri, Təbrizin fədai ənənələri (almanlar bu məktəbi “assasin” ismiylə işarələmişdilər), bəli, orda bir mərkəzə toplanılıbmış. Bəli, bizim Təbriz fədai məktəbi, Hitler SS-nin diqqət mərkəzində olub həmişə.1938-ci ildə almanlar tərəfindən Təbrizdə inşa edilmiş şəhər bələdiyyə binasının memarlıq planı da təsadüfən SS-çilərin “ordensburq” qəsrlərini xatırlatmır. Xüsusi olaraq qeyd edirəm-nasistlər bu cür qəsrləri yalnız xüsusi yerlərdə- torpağında ecazkar təbii, ilahi qüvvə hiss etdikləri coğrafi nöqtələrdə inşa edirmişlər. Görünür bu qüvvəni onlar əvvəlcə qədim Təbriz qalası “Ərk”də tapıblar, onun yeniləşdirilmiş şəklini götürüb şəhər bələdiyyə idarəsinin binasına köçürüblər. Yuxarıdan baxsan bu qəsr nasist qartalını, yəni “sokol”u xatırladır.
Bizim məktəb də elə “sokol” adlanırdı. Nasist qartalındanmı qidalanırdı bu məktəb?
Suallar, suallar...Cavabsız suallar...
Bu yaxın günlərdə Moskva mətbuatında Georgiy Kutuzov adlı bir müəllifin “İran-hərbi psixotexnologiyaların vətəni” adlı çox maraqlı bir tədqiqatı çap olunub. Orda biz deyənlər bir daha təkrarlanır-nasistlərin “Anenerbe” proqramı çərçivəsində İrana ( yəqin ki, Təbriz fədailərinin qərərgahına, “mərkəzi-qeybi”sinə) göndərdiyi ekspedisiyanın fəaliyyətinə işarə vurulur.
Erik Xonekkerin şəxsi əmriylə həmin köhnə proqram yenidən işə düşür. ABŞ-ın Cənubi Dakota ştatına köhnə kommunist qadın yazıçı Lizoletta Velskopf-Qenrix göndərilir. O, nasistlərin başladığı işi davam etdirir, qədim siu tayfasının bütün gizli kodlarını öyrənir. Sonra onların əsasında DEFA kinostudiyasında Amerika hindularının mübarizəsini əks etdirən onlarca kinofilmə ssenariya yazır. Vinitu, Çinqaçkuk kimi kimi qəhrəmanlar dünya kinoteatrlarını fəth edir. Latın Amerikasındakı sol partizanlar bu filmlərə baxdıqca qanları coşur, Peru, Kolimbiya, Nikaraquada inqilablar baş verir.
1973-cü ildə Amerikanın öz ərazisində, həmin Cənubi Dakota ştatında da hindu üsyanı qalxır!
Diqqət edin-nasistlərin “Ananerbe” proqramında qeyd olunmuş bütün coğrafi nöqtələrdə sonralar Ştazi inqilablar törədib-Cənubi Dakotada, Çilidə, Fələstində, Yəməndə, bəzi Afrika ölkələrində...
Nəhayət 1978-ci ildə bizim Təbriz şəhərində.
Fikir verin, nasistlər hara yollanırdılarsa, Ştazi də bax məhz orda öz qərərgahlarını qururdu sonralar. Öz “sokol”larını həmin nöqtələrə atırdı. Bizim “fədai” məktəbi Xonekkerin ən çox sevdiyi təlim idi. Bu məktəb vasitəsiylə o, Amerika rembolarını ram etmək niyyətindəydi.
Latın Amerikasında Xonekkerin əlaqələndiricisi köhnə nasist Klaus Barbye, müsəlman Şərqindəysə İsveçrə bankiri Fransua Jenu idi (bax: “Səməd Behrənginin qətli” məqaləmizə). 1983-cü ildə Barbye, Fransa kommunistərinin təkidiylə həbs edildiyi vaxt Ştazinin agenti (“sokol”u) məşhur İliç Ramires Sançes deyirsiz təsadüfənmi onu həbsdən qaçırtmaq istəyib?
***
Rembo necə Amerika kəşfiyyatının virtual cəsusuydusa, DEFA-nın bu Çinqaçkuku da Ştazinin virtual agentiydi.
İndiki dövrdə bu cür virtual agentlərin əhəmiyyəti həqiqi Ceyms Bondlardan dəfələrlə çoxdur.
XİLASKAR XƏZRİ
Ancaq biz “sokol”ların taleyi çox qorxunc oldu. 1983-cü ildə Moskvanın xəyanəti nəticəsində Təbriz, Tehrandakı bütün silahdaşlarımız ucdantutma güllələndi. Lakin, Erik Xonekkerin təkidiylə sağ qalmış fədailərimizin bir qisminə Təbrizdən Bakıya, sonra Almaniyaya “keçid dəhlizi” verildi. Yüzlərlə fədai, “sokol” bu yolla öz vətənini tərk edib qürbətə üz tutdu.
O vaxt bəlkə məni də güllələyəkdilər. Moskva xincəsinə atamla məni Bakıdan Tehrana göndərmək istəyirdi-halbuki bizim Tudə partiyası üzvləri artıq çoxdan xomeyniçilərin tam nəzarəti altındaydı. Rəşt limanına çatınca, gəmidən sahilə enincə bizim ikimiz də qətlə yetirilməliydik.
Bizi Bakı xəzrisi xilas etdi. Rəştə yollanan “Quryev” gəmisi hava şəraitinə görə dənizə çıxmadı, biletlər əlimizdə düz bir həftə gözümüzü Xəzərə zillədik.
Qəfil xəbər gəldi ki, amanın günüdür, İrana getməyin, kommunistlərin başına çuval keçirib meydanlarda asırlar.
Görünür, Bakının xəzrisi bizi sevirmiş, dənizi çalxaladı ki, biz bu ölüm səfərinə yollanmayaq. O vaxtdan bəri bu küləyi mən daha da çox sevirəm.
O mənim xilaskarımdı...
Bu xəzri küləyi, köhnə Bakı divarlarını, qəbirdaşlarını döyüb onları tünd qara rəngə boyayır. Sarı-göyümtül mamır da bir də görürsən həmin daşlara əlavə bir naxış vurdu. Bakı rəssamlarının heç biri bu rəngi kətan üzərinə gətirməyi bacarmayıb.
Mənim taleyim, inanın, bu rəngi ürəyimə köçürməyi bacardı.
Yoldaşlarımın biri də sağ qalmayıb, hamı güllələnib...
***
Bax belə bir vəziyyətdə, üzümə Bakı xəzrisi vurduğu bir dar məqamda qəfil Almaniyadan “sms” gəldi əl telefonuma: ”Leypsiqdən qatarla keçərkən səni xatırladım yoldaş Qəvami. İmza: yoldaş Məhəmməd”.
Gözlərimdən yaş sel olub töküldü...Üzümü o qara Bakı divarlarına söykəyib, çiyinlərim silkələnə-silkələnə ağladım hönkür-hönkür.
marakaqol@rambler.ru
Комментариев нет:
Отправить комментарий