08.05.2011

YAQUB MƏMMƏDOVUN SƏMİMİ ETİRAFI

Həmid HERİSÇİ


Uduşsuz oyunda şah gedişi uduşsuz oyunda şah gedişi



Bakının çoxsaylı meydanları sırasında “Qələbə” meydanı ən baxımsız, səliqəsiz, nimdaş, köhnədir - ortasındakı yaşıllıq adasının bircə lüm-lüt Robinzonu əskikdir. “Yaşıllıq adası” ifadəsi isə “bozluq adası” ilə əvəzlənsə, daha düzgün olar. Onu çoxdan sulamırlar, bu ünvanın necə deyərlər, növrağı sovrulub, hay-hayı gedib vay-vayı qalıb. Böyründəki “Azpetrol” yanacaqdoldurma stansiyasından başqa qonşuluğundakı bütün mənzərələr dəvəsi ölmüş ərəbi xatırladır.
Üzbəüzdəki “Qələbə” kinoteatrını da keçən il uçurub yerində bir göydələn ucaldandan bəri meydanın miqyası daha da daralıb. “Qələbə”də oturub SSRİ-nin qələbələrini izlədik, ancaq öz qələbələrimizi onun ekranında görməyəcəyik. “Qələbə” meydanının “uzaq yaşıl ada” ovqatını pozan şərtlər hamıya bəllidir - MƏĞLUBİYYƏTİMİZ... Bəli, biz məğlub dövlət, məğlub xalqıq. Belələrinin “Qələbə” meydanı da elə özünə oxşayar. Axı mal yiyəsinə oxşamasa, deyərlər, haramdır... Ən böyük faciəmiz isə məğlubiyyətlərimizi boynumuza almamağımızdır... Bizdə bunu kimsə dilinə gətirməyib, bunu hamı bilir, sanki tək özümüzdən başqa. Lakin...
Lakin məşhur “Biz böyük şahmat oyununda kiçik piyadalarıq” etirafı ilə məğlubiyyətimizi boynuna almış bir siyasi xadimimiz var. O, həkim patofizioloq, tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, vaxtilə Milli Məclisimizin rəhbəri olmuş Yaqub Məmmədovdur...

***
Onun görüşünə gedərkən məni ilk salamlayan Tibb Universiteti qarşısındakı Nərimanovun büstü oldu. Düşündüm: “Azərbaycanda sovetizmi yaradan bu şəxs həkim idi. Həmin sovetizmin son rəhbəri də, qəribədir, yenə də həkim Yaqub Məmmədov oldu. Yelnən gələn yelnən gedər, həkimnən gələn elə həkimlə də bitərmiş... Hə, ənənələrin sadiq əsgərləriyikmi biz?”
Qış tətilidir, imtahanlar yoxdur deyə universitetdə tam sakitlikdir. Katibə məni ləngitmir, bir əlində telefon dəstəyi gəlişimi xəbər verir, digəri ilə tez kabinetin qapısını açır.
Yaqub müəllimə ilk sualımı verirəm:

- Gözümüzü yumub ağzımızı açaraq həmişə bir cümləni bütün nitqlərimizin əzəl mübtədası etmişik - Azərbaycan Şərqdə ilk demokratik cümhuriyyət olub. Mən ona bir əlavə də edərdim - həm də Şərqdə ilk sosialist respublika olmuşuq. Bu sosializmin ilk banisi isə həmkarınız, həkim Nərimanovdur. Siyasətdə onun qədrini bilmədik, tibb elmi necə, Nərimanovun böyüklüyünü danmır ki? Həkim Nərimanovla başlayan bu şərəfli yolun elə həkim Məmmədovla bitməsində gizli bir məna varmı?
Sovetdən qalma yazı masası arxasında özünü çox rahat hiss edən Yaqub Məmmədov azca gülümsədi. Sual xoş gəldi ruhuna:
- Mənim bir insan kimi həyat meydanına atılmağım 1945-ci il qələbəsindən sonrakı dövrlə bağlıdır. Heç bilirsinizmi QƏLƏBƏ nə deməkdir? Mən onun havasıyla həyata atıldım. Bəli, QƏLƏBƏ bizim hamımızı qanadlandırmışdı. Gədəbəydəki kəndimizdəki müəllimlərin heç ali savadı da yox idi, Qazax, Gəncədəki pedaqoji texnikumlarda azacıq təhsil görmüşdülər. Fəqət, nə böyük ruh vardı o müəllimlərdə. İndi fikirləşirəm ki, o QƏLƏBƏ idi bizə bu cür ruh yüksəkliyi verən. Heç ağlıma gəlməzdi ki, o qələbə ilə həyata köklənən mən axırda Nərimanov ölkəsinin acı məğlubiyyətini görəcəyəm.
Sosializmi bir quruluş kimi Şərqə ilk dəfə Nərimanov gətirib, elə məhz o da sovet hakimiyyətini “Şura hökuməti” adlandırıb. Quranın 42-ci “əş-Şura” surəsinə söykənib o. Həmin surədə hər bir müsəlmanın ictimai vəzifələri təyin olunur. Qarabağ faciəsi içində biz Nərimanovun bizə bağışladığı bu sosializm modelini də itirdik. Bax buna da yanıram. Fəqət, görürsünüz ki, biz Nərimanovu burda necə qoruyuruq...
Düzü, Yaqub bəyin ağır mövzulu söhbətimizi nikbin nöqtəyə gətirmək bacarığı məni azca sevindirdi. “Qələbə” kinoteatrının faciəli sonluğu barədəki bayaqkı fikirlərim yenidən beynimi silkələyir. Yaqub müəllimlə eyni mətləbləri bölüşdüyümüzü duyuram:

- Demək, Siz həm QƏLƏBƏ, həm də MƏĞLUBİYYƏTin nə olduğunu yaxşı bilirsiz. Bunu ilk dəfə boynuna almış siyasi xadimsiniz. “Biz böyük şahmat oyunlarında kiçik piyadalarıq” etirafınız indi də qulaqlarımızda cingildəyir. O məğlubiyyət etirafını sonralar kimsə etmədi, halbuki onlar da məğlub idilər. Elçibəyi, Mütəllibovu və s. nəzərdə tuturam. O kəlməni indiki dövlət başçımız da deyə bilər hətta. “Şahmat taxtası” ifadənizin bir başqa oxşarını sonralar Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası” kitabında tapdıq. Bjezinskinin o böyük şahmat taxtasını nə zaman gördünüz siz? Həmin ifadəni beyninizdə yaradıb nitqinizə gətirən hadisələr barədə danışmağınızı istərdim.
Yaqub müəllim bu sualı sanki çoxdan gözləyirmiş kimi anında dilə gəldi:
- O şahmat taxtası üzərində oyuna 1992-də qatıldım. Əvvəlcədən də özümü şah bilməzdim. Biz istəyirdik Qarabağ münaqişəsinin həllində bəzi iri hökumətlər iştirak etsin - Rusiya, İran, Türkiyə kimi. İrana bu barədə xəbər verdik, onlar Kremllə danışdı, hətta Rusiya xarici işlər naziri Kozırev iki kərə bu missiya ilə Bakıya gəldi. Lakin o məşhur Tehran memorandumunu imzalayarkən Kozırev Tehrana gəlmədi, mən zəng edib səbəbini soruşanda, dedi ki, bəs, Strasburqa səfərə gedir, Avropa Şurasının növbəti iclasına. Bəs, Tehrandakı rus səfiri Çernışev işdən xəbərdardır, lazımi işləri görəcək. Lakin Çernışev də danışıqlara qatılmadı.
- “Biz böyük şahmat oyununda kiçik piyadalarıq” ifadəsinin ilk pıçıltılarını o zamanmı eşitdiz öz daxilinizdə?
- Bəli...
Yaqub bəy bunu deyib sükuta qapanır. “Onu indi özündən başqa kimsə sükutdan ayıra bilməz” deyib aramızdakı səssizliyə əsla müdaxilə etmirəm. Bilirəm ki, bu sükutun buzunu Yaqub bəy indicə elə özü əridəcək:

- İran prezidenti Rəfsəncani, mən, Levon Ter-Petrosyan birlikdə idik. Rəfsəncani şərait yaratdı ki, biz Levonla təkbətək danışaq. Lakin Ter-Petrosyanın bir xarici işlər naziri vardı - Ovanesyan. Amerikalı idi. Həm də daşnak. Levonu əsla tək buraxmaq istəmirdi. Nə isə, danışdıq. Ter-Petrosyan deyirdi ki, demokratik Ermənistan qurmaq havasıyla siyasətə atılıb, Qarabağ konusundan istifadə edərək istədiyinə nail olmaq fikrindədi. Axırda o məlun memorandumu imzaladıq. O sənəd Qarabağ üzərində Azərbaycanın suverenliyini təsdiqləyirdi. Danışıqlar zamanı mənə xəbər gəldi ki, bəzi zidd qüvvələr Bakıda Prezident sarayını, Milli Məclisi mühasirəyə almaq istəyir. Vəziyyət gərgin idi. Zbiqnevin böyük şahmat taxtası üzərindəki addımlarımı atırdım. O ifadəni ilk dəfə orda, Tehranda tam eşitdim öz daxilimdən: “Biz böyük bir şahmat oyununda kiçik piyadalarıq”.
Yaqub bəyin səlis nitqi yenə kilidlənir. Nəyinsə üzərindən sanki sükutla keçib söhbətimizi bir başqa səmtə gətirir:
- Bakıda məni bu memoranduma görə hətta həbs etmək istəyirdilər. O, heç mətbuatda da çap olunmadı. Bizim Xarici İşlər Nazirliyi onun surətini mənə verməyəndə İran səfirliyinə müraciət etdim, surətini alıb məhkəməyə göndərdim. Bu, Şuşa ilə əlaqədar olan məhkəməyə aiddir. Orda Rəhim Qazıyevə güllələnmə kəsildi, mənə isə bəraət verdilər...
Çauşesku taleyi
- Məncə, Qarabağ hadisələri SSRİ-ni dağıtmaqçün Qərb kəşfiyyatlarının qurduğu xüsusi, tam məxfi əməliyyat olub, o bəlkə indi də bir başqa miqyasda davam edir...
Sualımı hələ bitirməmiş Yaqub bəyin çöhrəsində bir diksinti, həyəcan duydum:
- Hadisələrin pərdəarxasına bələd olmasam da, bəli, mən də oxşar hisslər keçirirdim o vaxt. Elə indi də hərdən bu barədə düşünürəm.
Aramızdakı sükut fasiləsi də söhbətimizdən kənarda deyil. Bir onu dinlədim, bir Yaqub bəyin üzündəki həyəcanı, sonra keçdim əsas mətləbə:

- O vaxtlar Qərb imperializmi sosialist düşərgəsini silkələyərkən millətçi separatizmi təkcə Qafqazda yox, başqa yerlərdə, məsələn, Rumıniyada da çalxalayıb. Rumın lideri Çauşesku eynən o vaxt ölkəsində macar separatizmi ilə üzləşir. Sizin kimi İrana gedir o həyəcanlı günlərdə. Səfərdən dönüncə sui-qəsd və xalq üsyanı ilə təkbətək qalır, həbs edilib güllələnir. Onun son sözü bilirsinizmi nə olub? Desəm, inanmazsız...
Müəmmalı, ikibaşlı suallarım Yaqub bəyin marağını artırır: “Deyin”. Yaşı 70-i haqlamış bu müdrik insanın səbrini azca imtahana çəkib onu diqqətlə gözdən keçirirəm. Qaşlar çatılıb, gözlərdə xəfif bir həyəcan var:

- Çauşeskunun son sözü budu: “Ah, bu Qarabağ... Qarabağ”... Bunu deyincə bədəni qurşunla daranıb. Çauşeskunun son “Qarabağ” harayı ilə bizim dərdimizə işarə vurmadığı aydındı bizə. O, “Qarabağ” adlı gizli əməliyyatın adını dilinə gətirincə güllələnib. Bu əməliyyatın hədəfi SSRİ-ni, sosialist düşərgəsini millətlərarası iğtişaşlara sürükləmək idi. O vaxt Rumıniyada macarlar da ermənilər kimi milli separatizmə başlamışdı. Çauşesku da sizin kimi o vaxt İrana gedir. Özü də gör necə dar məqamda o, səfərini təxirə salmır, gedir. Orda nəsə agah olur sanki. Geri dönüncə güllələnir. Siz yaxşı qurtardınız o bəladan, vallah. Rusiya alimi Eduard Bağırovun bu barədə çox maraqlı “Çauşeskunu niyə öldürdülər?” məqaləsi var. O məqaləni oxumağı sizə tövsiyə edərdim.
Yaqub bəyin sükutu anında əridi. Gülümsədi:
- Ehtiyac yoxdur. Deyirsiniz, məni də bu tale gözləyirdi? Nə bilim, bəlkə də... Ancaq mən Tehranda diplomatik qələbə əldə etdim. Memorandumda Qarabağın Azərbaycan ərazisi olduğu vurğulanır, münaqişənin dinc yolla, danışıqlar vasitəsilə həlli qeyd olunurdu. Sonrakı bütün siyasət, bax, o yolla getdi.
- Astana sammitində isə biz diplomatik məğlubiyyəti də daddıq. Eduard Bağırovun o məqaləsində deyilir ki, Rumıniyadakı o vəhşi qətl, iğtişaşlar KQB ilə MKİ-nin birgə əməliyyatı idi. Çauşesku ilə Honekker, Pekin, Hanoy, Havana və digər kommunist paytaxtları, demə, Qorbaçovu devirmək istəyirmiş. Qorbaçov da müdafiə üçün Vaşinqtona müraciət edir. Yenidənqurmanın əsl sirri bu imiş, sən demə...
- Biz böyük şahmat taxtası üzərindəki oyunun kiçik piyadalarıyıq - Yaqub bəy söhbətimizin bu hissəsinə də 20 il əvvəlki o məşhur kəlamını qatır.
- İndi də?
Sualımın cavabı gəlmir bu dəfə. Sükutla kifayətlənirəm.
- Buna görə də sizin Tehran memorandumunuzda nə Moskvanın qolu var, nə Vaşinqtonun. Onlar “Qarabağ” əməliyyatını birgə həyata keçirib. İndi də bu yoldadırlar...
***
Bakıdakı Amerika səfirliyinin yerləşdiyi bina əvvəllər Tibb İnstitutunun kitabxanası idi. Kitabxanaları məhv edib əvəzində əcnəbilərə yarınmaq, görünür, qədim adətimizdi. Mən təkcə elə buna görə ABŞ səfirliyinə həmişə tərs-tərs baxıram. Kitabxana gedib, əvəzində səfirlik peyda olub. Bu çevrilmə xoş gəlmir mənə. Lakin Yaqub bəy mənim bu qədim həyəcanımı azca redaktə edir:
- Ora Səhiyyə Nazirliyinin idi. Hə, o kitabxana bilmirəm nə oldu. Bizimki isə durur. Direktoru Mirzəməmməd kişi ilə yaxşı get-gəlim var. Kitabxanadan indi də istifadə edirəm. Mən aliməm, 400-dən çox elmi əsərin altına imza atmışam. Pediatriyanı bitirsəm də sonralar patofiziologiya sahəsi üzrə ixtisaslaşdım.
- Siyasətdəki məğlubiyyətlərimizi bildik. Bəs tibb sahəsində onların oxşarı varmı?
- Sovet tibbində ayrıca uşaq xəstəlikləri sahəsi var, adına pediatriya deyirlər. Xaricdə bu sahə ümumi tibbin tərkibindədir. Bizdə indi bu sahəni ləğv etmək istəyirlər. Məncə, bu, yanlış iş olardı. Ancaq...
Qarabağ itkisi... Pediatriya itkisi... Yaqub bəyin növbəti həyəcanı mənə də bərk təsir edir. Kitabxana dağılır, xarici səfirliklər udur, tibb elmi guya islahatlara gedib uşaq xəstəlikləri sahəsini ləğv etmək xəyalına düşür. Uşaqların payı hesabına, kitabxanaların ləğvi sayəsində niyə həyata keçirilməlidir axı bu tədbirlər?

- Biz tibb elmində də gedən böyük oyunların kiçik piyadalarıyıqmı, Yaqub bəy? - sualımı bu dəfə həmsöhbətimə ünvanlamıram. Sizin hamınıza göndərirəm bu sualı.
Yaqub Məmmədov Azərbaycanda yüksək siyasi mədəniyyət nümunəsi göstərərək könüllü olaraq istefaya getmiş yeganə siyasi xadimdi. Onun bu hərəkətini hələ ki kimsə təkrarlamayıb. Halbuki buna bizdə daim ehtiyac var. Deyir ki, elmdəki qələbələri elə bəsidi...
1975-ci ildən köhnə kooperativ binada yaşayır, 8-ci mərtəbədə. Yüksək vəzifəyə çatanda da yaşadığı ünvanı dəyişməyib:
- Qabaqlar, 9-cu mərtəbədə idi mənzilim, qazancım bu oldu ki, bir mərtəbə aşağıya dəyişdim onu. Qalxıb-düşmək çətindi axı...
Yaqub bəyin son şux zarafatı yamanca xoş gəlir mənə. Təki hamı ancaq bir mərtəbə aşağı düşsün bu məmləkətdə. Bəlkə nəsə düzələr o vaxt bu xarabada...

***
Fazil Mustafaya həsr etdiyim son yazımdakı bir cümləni burda yenə də təkrarlayıram: “Ermənilərin bizim üzərimizdəki qələbəsi məni o qədər də təəccübləndirmir. Məni təəccübləndirən bizlərin Azərbaycan üzərindəki qələbəsidir...”

Комментариев нет:

Отправить комментарий