08.05.2011

“GENERAL YAŞAR ƏLİYEVİN MÜXALİFƏTƏ BORCU VAR”

Polis generalının mitinqçi “dostları” onun yeni təyinatına münasibət bildirdilər



Xəbər verildiyi kimi, polis general-mayoru Yaşar Əliyev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin (DİN) Baş Mühafizə İdarəsinin rəisi vəzifəsinə təyin edilib. DİN Çevik Polis Alayının komandiri, polis polkovniki Səhlab Bağırov isə tutduğu vəzifədən azad edilərək, Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Məlumdur ki, hər iki şəxs neçə illərdir kütləvi aksiyaların dağıdılması əməliyyatlarına birbaşa rəhbərlik etmələri ilə tanınırlar. Yaşar Əliyevin bu işdə “təcrübəsi” Səhlab Bağırovdan xeyli çox olduğu üçün o daha çox tanınır. Yaşar Əliyev yüzlərlə kütləvi aksiyanın dağıdılmasına rəhbərliyi həyata keçirib. Elə bir nisbətən böyük aksiya olmayıb ki, cənab Əliyev orada görünməsin. Onu Azərbaycanda tanımayan müxalifətçi yoxdur.
Azərbaycandakı hazırkı siyasi hakimiyyətin qorunmasında ifrat dərəcədə fəallığı ilə seçilən Yaşar Əliyev sözsüz ki, düşmənlər də qazanmamış deyil. Lakin hakimiyyət də onun fədakarlığını qiymətləndirib. YAP hakimiyyətə gələndə kapitan rütbəsində olan Yaşar müəllim indi general-mayordur. Artıq böyük bir idarəyə də rəis təyin olunub. Mühafizə polisi kütləvi aksiyaların dağıdılmasında iştirak etmədiyi üçün yəqin ki, bundan sonrakı mitinqlərdə müxalifətçilərə onun üzünü görmək qismət olmayacaq.
Yaşar Əliyevin rəis vəzifəsinə təyinatına 15 ildir mitinqlərdə üz-üzə gəldiyi, həbs etdirdiyi, döyülməsinə, saxlanmasına göstəriş verdiyi mitinq bayraqdarları Elman Türkoğlu ilə Yaşar Türkazər münasibət bildiriblər.
E.Türkoğlu bildirdi ki, 15 ildir xalqla döyüş vəziyyətində olan şəxsin vəzifə pilləsində önə çəkilməsi hakimiyyətin mahiyyətindən irəli gəlir: “Hakimiyyət onu qoruyanları mükafatlandırır ki, başqaları da şirniklənsin. Yaşar Əliyev indiyə qədər demokratiya tələb edən minlərlə insana qarşı qanunsuzluğa yol verib. Bu hakimiyyətə görə o, 15 ildir xalqla, müxalifətlə döyüşür. Döyüşə-döyüşə general olub, vəzifə tutub. Yaşar Əliyev şəxsən məni yüz dəfələrlə aksiyalarda saxlatdırıb. Özü şəxsən zorakılıq etməsə də, ətrafındakılara ”vurun, tutun" əmrini verib". Yaşar Əliyev mənə və müxalifətə borcludur. O, bizim hesabımıza general rütbəsi və vəzifə alıb. Bunu dilinə gətirməsə də, özü də yaxşı bilir".
E.Türkoğlu onu da dedi ki, Y.Əliyevin yerinə rəis müavini təyin edilən Səhlab Bağırovu da mitinqlərdən yaxşı tanıyır: “Səhlab Bağırovun Yaşar Əliyevdən daha qəddar olduğunu aksiyalarda dəfələrlə görmüşəm. Çox güman ki, Yaşar Əliyev onunla müqayisədə şükürlü olacaq”.
Yaşar Türkazər də Yaşar Əliyevin təyinatından təəccüblənmir: “Bu rejimin mahiyyətinə uyğun təyinatlardır. Bir dəfə Yaşar Əliyev məni həbs edəndə polis idarəsində dedi ki, heyf sənin adın Yaşardır. Mən də ona dedim heyf ki, Yaşar adı ilə Əliyev soyadı yan-yanadır. Yaşar Əliyev bu rejimə görə xalqla üz-göz olan şəxslərdəndir. Əslində məncə, yeni təyinatla onun canı xalqla döyüşməkdən qurtarıb. Mühafizə polisi Azərbaycanda ən normal polisdir. Onlar kütləvi aksiyaların dağıdılması kimi işlərdə iştirak etmirlər”.

E.SEYİDAĞA                           musavat.com

Комментариев нет:

Отправить комментарий