09.06.2011

BARƏSİNDƏ ÖLÜM FİTVASI VERİLƏN GƏNC MƏHBUSUN MANİFESTİ

O, 6 il əvvəl ailə həyatı qurmağa hazırlaşırdı. Ancaq toyuna bir həftə qalmış həbs olundu. Və bununla da onun və ailəsinin bütün arzuları puça getdi. O, hər ötən gün ümidini bircə şeyə bağlayır - yəqin növbəti dəfə prezidentin əfv siyahısında adım olacaq. Sonuncu əfv fərmanında da buna ümid edirdi. Lakin məhbus gəncin bu dəfə də gözlədiyi olmadı...

Ailəsi də bu əfv fərmanından çox şey gözləyirmiş. Ancaq oğlunun adını əfv siyahısında görməyən valideynlər də məyus olurlar. Elə bu günlərdə Zərdab rayonuna getdik, məhbus gəncin ailəsində olub, onlarla söhbət etdik.
Qısa arayış: Ruslan Bəşirli 1978-ci ildə Zərdab rayonu Xanməmmədli kəndində anadan olub. Orta məktəbi rayon mərkəzində bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur. Daha sonra hərbi xidmətə yollanır. AXCP-nin sıralarında aktiv gənclərdən olan Ruslan müxtəlif mətbuat orqanlarında çalışır (“Şərq”, “Avrasiya”, “Azadlıq” və s.) “Yeni Fikir” Gənclər Təşkilatının sədri, AXCP üzvü olan Ruslan Bəşirli 2005-ci ilin avqustunda həbs olunub. O, Cinayət Məcəlləsinin 278-ci maddəsi (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) ilə təqsirləndirilərək 7 il 6 ay azadlıqdan məhrum edilib. O, dövlət çevrilişinə cəhddə və qanunsuz sahibkarlıqla məşğul olmaqda günahlandırılır. Hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakıdakı 1 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Ruslan əfv olunacağını düşünürmüş, amma...

Ruslanın valideynləri: “O, bu il əfvə düşəcəyinə ümid edirdi”Zərdabın Xanməmmədli kəndində Ruslan Bəşirlinin ailəsinin yaşadığı evin istiqamətini soruşduqda kənd camaatı, “qaragöz oğlangilin evi buradır” deyib, əllərini onların qapısına uzatdılar. Ruslanın anası Zemfira xanım bizi görəndə kövrəldi və dedi: “Kaş ki, oğlum da gələrdi. Günlərlə ac-susuz oturub onun yolunu gözləyirəm. Ağlamaqdan artıq gözlərimin yaşı da quruyub. Yuxuda gah onun toyunu, gah da xəstələndiyini görürəm”. Ruslanın atası Cəlil müəllim isə ümidsiz halda, “Bu il də oğlumuz həbsdə qaldı. Həbs həyatı yaşamaq ona çox çətindir” deyir. Amma valideynlərindən fərqli olaraq, Ruslan əfv olunacağına ümid edirmiş. Anası belə deyir: “Sonuncu əfv fərmanından sonra o, çox stress keçirdi. Gözləyirdi ki, adı əfv siyahısına salınacaq. Amma azad etmədilər”. Anası xahiş edir ki, oğlu barəsində çıxarılmış ədalətsiz hökm ləğv edilsin və həbsdən azad edilsin: “Əslində mənim oğlum əfvə düşməli deyil. Onun heç bir günahı yoxdur. Heç ümid etmirdim ki, oğlum əfvə düşəcək. Çünki Ruslan onlar üçün arzuolunmaz şəxsdir”. Atası da eyni fikirdədir: “Sonuncu əfv fərmanından sonra hüquq müdafiəçisi Novella Cəfəroğluna sual verdim ki, niyə belə oldu? Niyə Ruslan əfv olunmadı? Onun mənə cavabı belə oldu: ”Sən bilmirsən ki, uşağın kimə görə həbsdə yatır?" Mən doğrudan bilmirəm Novella xanım kimi deyir. Əgər belədirsə, niyə həmin adamı həbs etmirlər?"
Ruslanın valideynləri danışdıqca arada bir özlərinə təsəlli verir, göz yaşlarını gizlətməyə çalışırdılar. Anası qırıq-qırıq cümlələrlə “Ayda bir dəfə onun yanına gedirik. Bizimlə hər görüşəndə onu tanıyanlara salam göndərir” söyləyir. Sonuncu dəfə Ruslanla bir neçə gün əvvəl atası görüşüb. Cəlil kişi oğlu ilə görüş təəssüratlarını belə nəql edir: “Ağrıları olur. Həm ürəyi, həm başı ağrıyır. Böyrəyi də əvvəldən xəstəydi. Psixoloji gərginlik keçirir. Həbs olunan zaman ona fiziki işgəncələr verilib. Hələ də o, bunun əziyyətini çəkir. O, həbsxana şəraitində müalicə olunsa da, bu, əsaslı olmur. Onun yanına gedəndə dərmanlar alıb aparıram. Ruslan təbiətən çılğındır. Həbsxana şəraiti onun yeri deyil. Vaxtını kitab oxumaqla, futbol oynamaqla keçirir”.

“Ruslanın həbsindən iki gün sonra qız toyu olmalı idi”

Anası onun şəkillərinə baxmaqla təsəlli tapır2005-ci ilin avqust ayında valideynləri Ruslanı evləndirməyə hazırlaşırlarmış. Avqustun 6-na qız toyu, 10-na isə oğlan toyu təyin edilir. Avqustun əvvəli isə ruslan Gürcüstana - beynəlxalq tədbirə dəvət olunur. O, Bakıya qayıtdıqdan sonra nişanlısı Vüsalənin xınayaxdısı olur. Cəlil kişi Ruslanın həbs olunma xəbərini belə xatırlayır: “Avqustun 4-ü mən yas mərasimində idim. Həmin vaxt dostlarımdan biri zəng edib dedi ki, Ruslanı həbs ediblər. Mən inanmadım. Yalnız evə gəldikdən sonra hər şeyi təfərrüatı ilə öyrəndim. Qurama tədbirdə oğluma tələ quruldu. Məhkəmə prosesində hətta hakim özü də etiraf etdi ki, həmin videokaset 24 yerdən montaj edilib. Həddən artıq çox detallar var idi ki, Azərbaycan təhlükəsizlik orqanları tərəfindən hazırlanmış qurğu idi. Ruslanla Gürcüstana gedən müavini Osman Əlimuradov da onlarla əlbir olmuşdu. Ruslanın məhkəmə prosesi çox əcaib keçirildi. Beynəlxalq təşkilatların hamısı o zaman məhkəmə prosesinin saxta keçirilməsinə dair bəyanat verdilər. Ən utandırıcı hal isə Ruslanın vəkilinin və ailəsinin iştirakı olmadan hakim Tofiq Paşayevin sədrliyi ilə hökm çıxarıldı. Həmin vaxt vicdanlı hüquq müdafiəçiləri də sərt etirazlarını bildirmişdilər. Bu gün Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti olmadığı üçün Ruslan həbsxanada yatır”. Ancaq Ruslanın atası əksər hüquq müdafiəçilərindən narazılıq edir: “Bu gün Azərbaycanda hüquq müdafiəçilərinin çox hissəsi öz mənafeyini güdür. Hər ay prezidentə, əfv komissiyasına, ombudsman Elmira Süleymanovaya, ölkədəki hüquq müdafiəçilərinə müraciət edirəm, məktublar yazıram. Amma heç bir nəticəsi yoxdur. Hüquq müdafiəçiləri hər dəfə də başımızın altına yastıq qoyurlar. Amma bilsinlər ki, bu gün Ruslan həbs edilibsə, sabah başqa bir gənci tələyə salıb, həbs edə bilərlər. Tək bildiyim odur ki, bəzi qüvvələr Ruslanı öz mənafeləri üçün siyasi alverin qurbanı etdilər”. Bu zaman Zemfira xanım ağlaya-ağlaya deyir ki, Ruslan daha çox nişanlısı Vüsalə üçün narahat olur: “Onlar 2004-cü ildə nişanlanıblar. 6 ildir Vüsalə onun yolunu gözləyir. Nişanlısının da onu gözləməsi Ruslan üçün çox ağırdır. Vüsalə çox qeyrətli qızdır. Ruslan həbs olunan gün qız toyunun dəvətnamələri paylanmışdı. Ruslanın həbsini eşitməyən qohum-əqrəba toya gəlmişdi. Vüsalə rəsmən Ruslanın ailəsidir. O, əlləri xınalı Ruslanın hayına getmişdi. Mən üzümü vicdanlı insanlara tutub deyirəm: 8 il bir qızı zorla nişanlı saxlamaq hansı humanizmə sığır?”

Repressiyaya məruz qalan ailə

Bəşirlilər ailəsinə hələ də təzyiqlər edilir“Ruslanın həbsindən sonra qonum-qonşunun sizə münasibəti dəyişdimi” sualını verəndə atası özünü tox tutaraq danışır: “Bizə qarşı 2005-ci ildə olan repressiyalar bəlkə də 1937-ci il hadisələrində olmamışdı. Ruslan həbs edilməmişdən bir neçə gün əvvəl anası işdən çıxarıldı. O vaxt Zərdabın icra başçısı Mansur Məmmədov idi. O, bizə qarşı qara kampaniya təşkil etmişdi. Evimizə hücum etdilər. Əlil anama daş atdılar. O, Ruslan deyə-deyə öldü. Televiziyalar da qara piar yaymaqda liderlik edirdilər. Məni 19 il işlədiyim məktəbdə direktor vəzifəsindən azad etdilər. Hələ də bizə qarşı repressiyalar davam edir. Ruslanın ana babası Böyük Vətən müharibəsinin iştirakçısı olub. Ancaq onu bu il qələbə günündə tədbirə çağırmadılar. İcra başçısına müraciət etdik və onun müdaxiləsindən sonra 90 yaşlı kişini tədbirə apardılar”.
Dayısı Füzuli Qasımov da Ruslanın həbsindən sonra təzyiqlərə məruz qalıb: “Ruslanın həbs olunduğu il mən vergilər idarəsində işləyirdim. Həmin vaxt məndən tələb etdilər ki, ərizə yaz, işdən çıx. Mənə təzyiq göstərdilər, məcbur olub ərizə yazıb işdən çıxdım. Yalnız beynəlxalq təşkilatlara müraciət etdikdən sonra işə bərpa olundum. Guya məni Ruslana xidmət göstərməkdə suçlu bilirdilər. Ancaq 2010-cu ildə bütün bunların əvəzi məndən çıxıldı. Attestasiya imtahanı zamanı mənim az bal yığdığımı bəhanə edib işdən çıxardılar”.

“Heç vaxt istəməmişəm ki, Ruslan siyasi fəaliyyətlə məşğul olsun”

Ruslanın atası deyir ki, o, universiteti bitirdikdən sonra xahiş edir ki, magistraturaya qəbul olsun, ancaq Ruslan onun sözünü eşitmir: “Birinci kursdan ictimai-siyasi fəaliyyətə başladı. Ondan geri çəkilməyi rica etsəm də, xeyri olmadı. Heç vaxt istəməmişəm ki, Ruslan siyasi fəaliyyətlə məşğul olsun. Onun elmi işdə çalışmasını istəyirdim. Çünki ailəmizin heç bir siyasi fəaliyyəti yoxdur. Heç bunu düşünmürük də. Biz ziyalı ailəyik. Ancaq Ruslan bu yolu seçdi. Bununla yanaşı, Ruslan çox vətənpərvər idi. Bir fakt deyim ki, bir dəfə Azərbaycan nümayəndə heyəti hansısa tədbir üçün İrana dəvət olunmuşdu. Orada Azərbaycan bayrağı tərsinə qoyulduğu üçün Ruslangilin təşkilatı İranın Azərbaycandakı səfirliyi qarşısında piket keçirib, tələb etdilər ki, İran hökuməti Azərbaycan xalqından üzr istəməlidir. Buna görə hətta İranın ali dini xadimi Ruslanın barəsində ölüm fitvası vermişdi”.

“Azadlığa çıxan kimi onu evləndirəcəm”

Valideynləri Ruslanın gələcək planlarından da danışdı. Cəlil kişi deyir ki, indilik birinci planı odur ki, oğlu azadlığa çıxsın: “Azadlığa çıxan kimi onu evləndirəcəyik. Həmçinin ona güclü müalicə də lazımdır”. Sonda Ruslanın atası onu da vurğuladı ki, əvvəllər kənd camaatı onlara pis baxsa da, indi hər şey dəyişib: “Hamı bizi görəndə deyir ki, Ruslan kimi oğlunuz olduğu üçün fəxr etməlisiniz. Bizi Ruslana görə tanıyırlar. Deyirlər ki, onu günahsız yerə həbs ediblər. Ruslana görə bizə hörmət birə-beş artdı. O, XXI əsrin qəhrəmanıdır. Biz inanırıq ki, Ruslan haqqında gələcəkdə xoş sözlər yazılacaq”.

Günay MUSAYEVA, Bakı-Zərdab-Bakı                                

Комментариев нет:

Отправить комментарий