09.06.2011

BAŞ REDAKTORA SÜLEYMAN NEMƏTOVLA BARIŞIQ TƏKLİF OLUNUB

Mustafa Hacıbəyli: “DİN döyülməyimlə bağlı təhqiqata başlayıb”



Müsavat Partiyası Məclisinin üzvü, “Demokrat” qəzetinin baş redaktoru Mustafa Hacıbəyli dünən Daxili İşlər Nazirliyinə (DİN) çağırılıb. Bu haqda “Yeni Müsavat”a M.Hacıbəyli özü məlumat verdi.
Süleyman NemətovM.Hacıbəyli qeyd etdi ki, DİN-ə çağırılmağının səbəbi İctimai Palatanın aprelin 2-də keçirdiyi mitinq günü Nəsimi Rayon Polis İdarəsində rəis müavini Süleyman Nemətov tərəfindən döyüldüyünə dair verdiyi şikayətin araşdırılması ilə bağlı olub: “Hələ aprelin 4-də döyülməyim barədə Baş Prokurorluğa şikayət vermişdim. Nəsimi Rayon Polis İdarəsində ekspertiza keçirilmişdi. Ekspertiza döyülmək faktını təsdiqləmişdi. Tanınmış vəkil Namizəd Cəfərov və Müsavat başqanının müavini Tofiq Yaqublu da buna şahiddir”.
M.Hacıbəyli dedi ki, Baş Prokurorluğa ünvanladığı şikayəti araşdırılması üçün DİN-ə göndərib: “Daxili Təhqiqatlar İdarəsi araşdırmaya başlayıb”.
Baş redaktor bildirdi ki, qurumun rəhbəri, polkovnik Möhübbət Hüseynov ondan hadisənin necə olduğunu soruşub: “Mən də hadisəni danışdım, bildirdim ki, 2 aprel aksiyasında məni tutub Nəsimi Rayon Polis İdarəsinə aparıblar. İdarənin müvəqqəti saxlanma təcridxanasında rəis müavini Süleyman Nemətovun fiziki təzyiqlərinə məruz qalmışam”.
M.Hüseynov baş redaktora S.Nemətovla barışmağı təklif edib: “Dedi ki, Süleyman Nemətov yazıq adamdı, barışım onunla. Amma razılaşmadım. Belə olan halda idarə rəisi bildirdi ki, daxili təhqiqata başlayacaqlar”.
M.Hacıbəyli bildirdi ki, bundan sonra M.Hüseynov Daxili Təhqiqatlar İdarəsinin araşdırmalara başlayacağını bildirib: “Araşdırmanı baş ekspert, polkovnik-leytenant Hikmət Babayev aparacaq. Onun suallarını cavablandırdım və izahat verdim. DİN-də mənə heç bir təzyiq olmadı, çox hörmətli münasibət gördüm. Həmçinin Hikmət Babayev tərəfindən mənə verilən suallara da heç bir etirazım olmadı. Ümid edirəm ki, Daxili Təhqiqatlar İdarəsi obyektiv araşdırma aparıb qərar verəcək”.

Leyla İLQAR                                          musavat.com

Комментариев нет:

Отправить комментарий