09.06.2011

ŞAHBAZ XUDUOĞLU RƏŞAD MƏCİDƏ CAVAB VERDİ

“Bunlar şəxsi amillərə söykənən mülahizədir, Rəşadın Pərvizə münasibətindən qaynaqlanır”



Milli Kitab Mükafatının (MKM) iyunun 4-də keçirdiyi son müsabiqənin nəticələri ciddi müzakirə mövzusudur. Nəticədən narazı qalan 3 münsif üzvü müsabiqədən, 3-cü yerin sahibi Natiq Rəsulzadə isə mükafatdan imtina edib.
Münsif üzvlüyündən imtina edən Yazıçılar Birliyinin (YB) katibi Rəşad Məcid deyib ki, birinci yeri tutan Pərviz Cəbrayıl “Yad dildə” romanında hakimiyyəti tənqid etdiyinə görə qalib olub. Onun fikrincə, bu, layihə təşkilatçının siyasi jesti olub və bu jest gələcəkdə müsabiqənin sponsorsuz qalması ilə nəticələnə bilər. P.Cəbrayıl isə R.Məcidin bu açıqlamasını “şantaj” sayaraq onu qeyri-səmimilikdə suçlayıb. Yazar deyib ki, YB katibi onun romanını bəzi çevrələrdə bəyəndiyini desə də son məqamda kiməsə yarınmağa çalışdığı üçün fikrini dəyişib.
R.Məcid isə kulis.az-a müsahibəsində bildirib ki, Pərvizin əsəri öz bədii səviyyəsinə görə heç onluğa da layiq deyil: “40 yaşlı Pərviz üçün ”Yad dildə" çox zəif əsərdir. Onun birinci yerə çıxması təşkilatçının və jüri üzvlərinin marağında olub. MKM münsiflər heyətində yeni olan Şahbaz Xuduoğlunun ambisiyalarının nəticəsində iflasa uğradı. İkinci MKM-in mükafatının Pərvizə verilməsi ilə müsabiqəyə siyasi çalar qatıldı. Bununla da MKM-in gələcəyi üçün böyük təhlükə yarandı".
R.Məcidin sözlərinə görə, MKM Pərvizin qələbəsi ilə təhlükəyə atılıb: “Pərvizin fikri olubsa ki, biz etirazçı ədəbiyyatı qiymətləndirəcəyik, bu, MKM-i təhlükəyə atmaq idi. Şahbaz Xuduoğlu da öyrəşib ki, kimisə qabağa versin. Mən Nigar xanımı qoruyardım. Pərvizi planlı şəkildə birinci edirlərsə, onda siyasi tərəfi də ortaya çıxır. Onda MKM siyasi alətə çevrilir. Bədii ədəbiyyat naminə yaradılan bu institut üstündən bir il keçməmiş siyasi maraqlara xidmət edir. Ona görə də mən onun içində yoxam və ona etiraz edirəm”.
Münsiflər heyətinin üzvü Şahbaz Xuduoğlu isə “Yeni Müsavat”a açıqlamasında R.Məcidin dediklərini mülahizə hesab etdi: “Rəşad Məcid mülahizələrini səsləndirib. Bu mükafat ona görə idi ki, onun ətrafında diskussiyalar, söhbətlər olsun, yazıçıların əsərləri qiymətləndirilsin. Ona görə əslində bu baxımdan Rəşad Məcidin söylədikləri ümumi məqsədə xidmət edir. Konkret mənimlə bağlı söylədiyi ittihamlar isə mülahizədir, orada heç bir əsas yoxdur. Münsiflər heyəti kifayət qədər kamil insanlardan ibarətdir. O insanlara nəinki mən, heç kim təsir edə bilməz. O mənada mənim orada heç bir rolum yoxdur. Bir səsim var, o səsimi də Pərvizə vermişəm. Pərvizin əsəri digər əsərlərlə müqayisədə çətin oxunsa da bir çox təbəqələrdən ibarət olan əsərdir. O əsər Azərbaycanın müasir mühitini bədii formada əks etdirir. Əsər barədə deyilən tənqidlərə düzgün baxmıram. Elə hesab edirəm ki, repressiv bir rejim haqda ən kəskin yazı Markesin ”Patriarxın payızı"dır.
O da ağır oxunan əsərdir. Amma repressiv rejimlər müxtəlif olur, onlar haqqında müxtəlif əsərlər var. O əsərlər arasında hər rejim özünü görə bilir. Ona görə də bu əsəri yanlış qiymətləndirmə cəhdinə yaxşı baxmıram. Bu, bədii əsərdir. Yazıçının əsas xidməti odur ki, öz dövrünü bədii formada ifadə etsin. Bu, Azərbaycana, Azərbaycanın gələcəyinə lazımdır. Mükafatdan kimsə narazı qala bilər, bu, normaldır. Mən istəyirdim ki, onluqda Xalid Kazımlının, Hacının əsəri olsun, amma olmadı. Bu, o deməkdir ki, MKM-in ekspertlər qrupunu tənqid etməliyəm? Bu, düzgün deyil. Mən münsifləri tənqid etmədim, aşağılamadım. İndi də münsiflərin çoxu Pərvizə səs verib. Onlara bununla bağlı müraciət etməmişəm. Bu, Pərvizin özünün və öz əsərinin xidmətidir. Rəşad Məcidin bu cür tənqidləri bəlkə şəxsi amillərə söykənir, Rəşadın Pərvizə olan münasibətindən qaynaqlanır".
MKM-in təşkilatçısı Nigar Köçərli isə R.Məcidin dediklərinə cavab vermək istəmədi: “Mükafat ətrafında yaranan söhbətlərlə bağlı bəyanat vermişəm. Bu mövzu mənim üçün bitib, davam etdirmək istəməzdim”.
Xatırladaq ki, N.Köçərli bəyanatda MKM-in Azərbaycan mədəniyyəti üçün bu formatda keçirilən ilk uğurlu müsabiqə olduğunu vurğulayıb: “Pərvizin MKM-in qalibi olmasından sonra 2 yazıçının 17 nəfər üzvü olan münsiflər heyətindən istefa verməsinə təəssüf edirəm. Ancaq fikrimcə, bu miqyaslı layihələrdə bu cür halların baş verməsi gözləniləndir. Əminliklə bildirirəm ki, Rəşad Məcid və Çingiz Abdullayevin MKM-in münsif üzvlüyündən getmələri layihənin gələcəyinə kölgə salmayacaq. Səsvermə zamanı hər hansı saxtakarlığın olması barədə deyilənlər əsassızdır. Qaliblərin müəyyənləşdirilməsi çox şəffaf əsaslarda, cəmiyyətin əksər təbəqələrini əhatə edən 17 ziyalımızdan ibarət münsiflərin səsverməsi ilə keçirilir. İnanıram ki, münsiflər arasında heç bir qruplaşma baş verməyib. Bu dəfə prosesin tam şəffaf olması üçün münsiflərin səsləri www.mkm.az saytında dərc ediləcək. Bir daha əminliklə bildirirəm ki, MKM layihəsi bundan sonra da davam edəcək və ümid edirəm ki, bizə dəstək verənlərin sayı artacaq”.
Xatırladaq ki, MKM 2009-cu ildə təsis edilib.

R.RƏFİYEVA

Комментариев нет:

Отправить комментарий