03.06.2011

İT GÜNÜ (hekayə)



 Yuxusuz gecənin ardından gələn bir neçə saatlıq mənasız gündüz yuxusundan sonra yerimdən qalxdım. Pəncərədən bayıra baxdım. Yaman qar yağır... Telefonda təqvimə baxdım. 26 fevral! Ətim ürpəşdi! Bəlkə otağın soyuğundandır, bəlkə də təqvimimizə qara hərflərlə düşən faciəmizin təsirindəndir... Yaman siqaret çəkmək istədim. Birdən ağlıma gəldi ki, ikinci qutudakı son siqareti səhər saat 7-də bitirib yuxuya dalmışdım.
Pəncərənin qabağından çəkilib, əl-üzümü yumaq üçün hamama keçdim. Yuyunduqdan sonra bir şeylər yemək istədim. Amma nə?.. Soyuducunun qapısını ehmalca aralayıb, ordakı 4 ədəd yumurtanı diqqətlə seyr etməyə başladım. Yağlı yeyəndən sonra siqaretsiz az qala havalanıram deyə, sevdiyim “qlazok”dan imtina etməli oldum. Soyutma! Mühacirət, sürgün, tələbəçilik həyatı yaşayanların ortaq “dəyəri”dir. Nə isə, günün elə vaxtı qalxmışdım ki, nə səhəriydi, nə günorta, nə də axşam. O üzdən bütün günü əhatə etmək üçün 4 yumurtanın hamısını aşırmağa qərar verdim. Üstündən bir kəklikotulu çay lap əla olardı. Evdən göndərilən kəklikotu bitdiyi üçün məcbur oldum çaya nanə qurusu atım.
 
İT GÜNÜYeməkdən sonra bilgisayarın qarşısına keçib, dostlarla hal-əhvallaşdım. Bir yazıya nəzər saldım: “Utancaq qız” haqqında. Təsirləndim...
 Amma heyf ki, siqaretim yoxdur. Bezdim lap. Düşündüm ki, gedim yaxınlıqdakı mağazadan bir qutu siqaret alım. Hətta bununçün ayağa qalxdım. Ancaq birdən xatırladın ki, dünən gecə ən son qəpiklərimi üst-üstə toplayıb, bir qutu siqaret, bir dənə də çörək almışdım. Neyləməli? Biz tərəfə bir Allah bəndəsinin yolu düşənə qədər gərək bir əlac tapım. Allaha şükür, yaşadığım şəhərdə birindən siqaret istəmək heç də eyib sayılmır.
Həyətə düşüb bir az gəzişdim. Qonşulara ümidliydim. Amma tərslikdən yarım saat keçsə də, heç kim həyətə çıxmadı.

Yaşadığım yer olduqca orijinal məkandır. Özünü Bakıda - funiklyorun aşağı dayanacağının yanında, dənizlə üzbəüz yerdə təsəvvür edirsən. Böyük bir boş ərazi, park , parkın qarşı tərəfində dənizlə üzbəüz iki mərtəbəli bir bloklu evlər var. Parkın yuxarısında uzun bulvar, meriya, Opera Teatri da var. Aşağı tərəfdə isə liman yerləşir.
 Hava şaxtalı olsa da, siqaretsizlik məni lap cinləndirdiyindən, qədimi, dolanan daş pilləkənlərlə parka qalxmağa başladım. Nə liman tərəfdə, nə də parkın yuxarısında - meriya tərəfdə bir adam belə gözə dəymirdi. Bu cür şaxtalı havada bayırda kimin nə iti azıb axı... Bu fikirlər içərisində geri dönməyi düşünürdüm. Birdən bir nəfərin mənə tərəf gəldiyini gördüm. Qarla örtülmüş otların üzərində yürüyən qəşəng kücük və onunla sanki insanla danışırmış kimi söhbət edən gənc və yaraşıqlı bir qadın getdikcə mənə yaxınlaşırdılar. Uca boyu, uzun saçları və mütənasib bədən quruluşu olan xanım dərhal diqqətimi çəkdi. Sanki Allahın xoş vaxtlarında yaratdığı bəndələrindən idi.

İtinin geyimindən bəlli idi ki, qadın elə-belə adam deyil. Qəşəng dəri ayaqqabılar, boynu və içi xəzli dəri kombinezon, onun altında da “cilitka". Başında da boynuna bağlanmış kepka. Küçük elə bəzənib düzənmişdi ki, cinsiyyətini ilk baxışda müəyyən etmək mümkün deyildi. Özümdən asılı olmayaraq, diqqətlə əyin-başımı süzdüm.  

İtə və yiyəsinə hörmətim, həyata isə nifrətim artdı.
 

Əşi, mənim dərdim siqaretdir, itlə, yiyəsiylə nə işim var?
Amma qadın saclarımın və qaşlarımın qara olmasından, deyəsən, “xoşlanmışdı”. Tez küçüyü qucağına alıb, diqqətlə məni süzməyə başladı. Mən özümü ələ alıb, “günaydın” deyib, xanımla söhbətə can atdım.
Birdən qara-qışqırıq qopsa nə edəcəm? Düzdü, buralarda qaraqaş, qaragöz oğlanlara xüsusi simpatiya var; sağ olsunlar, sənədinə-zada baxmamış adamı “çay içməyə” dəvət edirlər. Çayı əməlli-başlı dəmləyə bilsələr, yenə cəhənnəm. Nə qatırlarsa, adam tez-tez “qaçağa” düşür. Hər ehtimala qarşı, qadının göstərəcəyi tavra hazır olmalı idim.

Üzümə xoşsifət verib, xanımın qılığına girməyə başladım. Buralarda adamın üzünə anasını söy, normal qəbul edir. Amma itinə, pişiyinə bir kötü laf etsən, evin yıxıldı. Bunun əksinə, “nə gözəl itiniz var” dedinsə, onun “evi yıxıldı”. Bir saat içində evinə dəvət edəcək, əlavə kompliment desən, şam yeməyi, qəşəng mürəbbəli, pirojnalı çay da qarantidi. Hətta söhbəti uzadıb, gecəni də qonaq qala bilərsən.
Nə isə, mən də belə başladım. Qafqaz ovçarkası, buldok, bir də çoban itindən başqa paroda bilirəmsə, mənə lənət olsun! Amma dilim açılmışdı, bir neçə paroda adı saydım: baffler, şuffler, miller, hammer - heç biri çıxmadı! Xanım gülümsünərək, hamısına “yox” dedi, sonra nəsə qəribə bir ad dedi, amma fikrim başqa yerdə olduğundan, eşitmədim. Söhbət alınırdı artıq.

Xanıma itə gözəl qulluq etdiyini söylədim. Bunu demişdim ki, o, iti çimizdirməsindən, həkimə göstərməyindən, gündə 3 dəfə necə yeməklər yedirməsdindən elə həvəslə danışdı ki.. Fürsətdən istifadə edib tez dedim ki, nömrəmi yazın. Təəccübləndi. Niyə belə qəfildən? Zarafatla dedim, dünyanın işin bilmək olmaz, bu itin başına bir iş gəlsə, zəng edin gəlim, onu nə qədər deseniz əvəz edim. Zarafatım xanıma çox xoş gəldi. Dedi yaxşı oğlana oxşayırsan, amma arzulamazdım, biz bu kücüyün qulağını və quyruğunu kəsdirəcəyik. Dedim, narahat olmayın, mənim quyruğum 1993-cü ildə kəsilib, qulağımı isə 2003-cü ildə kəsiblər. Ən vacib əməliyyat isə birincidən 3-4 il qabaq olub. Belə ki, daha kəsiləsi yerim qalmayıb. Xanım qəşş edib özündən getmişdi...
Sonra qadının dərdi açıldı. Həyat yoldaşının vaxtsız ölümündən, uşağının olmadığından danışdı. Daha sonra şəhərin mərkəzində evi, arabasının 2 günlüyə təmirdə olduğunu, dəri biznesiylə məşğul olmasından danışdı. Axırda da bir ah çəkdi: “İndi mənim hər şeyim bu kücükdür!"

Mənim isə fikrimdən bu küçüyü tikə-parça etmək keçirdi...
Etika xatirinə özümü toparlayıb, ağlıma gələn ilk sualı verdim: “Sizin küçük təsadüfən siqara içmir?” Qadın əvvəlcə mənalı, cəzbedici baxışları məni süzdü, sonra yenidən uğunub getdi. Və “yox, zəhləsi gedir” dedi. Hmmm... “Buna görə mən də tərgitmək istəyirəm” deyib, çantasından bir qutu “Parlament” çıxardı. İstədim ki, anidən hoppanıb qadının əlindən öpəm. Özümü güclə saxladım. O isə, “Siz deyəsən çəkənsiniz, hə” sualını yönəldərək, qutunu mənə tərəf uzatdı. Mən də təvazökarlıq xatirinə “mən bir az ağırını çəkirəm” deyib, əlimi guya öz siqaretimi çıxarmaq üçün cibimə saldım. Amma bədbəxtlikdən siqaretim “evdə qalmışdı”...
Birinci qullabı alıb tüstünü həvəslə ciyərimə çəkəndə beynimin dumanı getdi. Bayaq öldürmək istədiyim itə qarşı bir sevgi oyandı içimdə. Bu it olmasa bu xanımın bu havada buralarda nə iti azmışdı?

Ayrılarkən xanım mənə vizit kartını verdi. Və çox xahiş etdi ki, qutunun qalanı məndə qalsın, çünki tərgitmək istəyir.
 Mən də dərindən təşəkkür etdim və üzümə gülüş ifadəsi verərək “mən sizin əziyyətinizi çəkərəm” minnətini də qoydum. Ehtiram əlaməti olaraq da itin boynunu sığalladım. O da mənə hörmətlə baxdı.
Sağollaşdıq. Onlar üzü şəhərə, mən üzü limana tərəf addımlamağa başladım...
 

İtin bəzi insanlardan daha çox hörmətə sahib olduğunu düşünmək ürəkağrıdıcı idi.

Комментариев нет:

Отправить комментарий